“Belə getməz, mütləq dirilmə başlamalıdır”

Arif Əliyev: “Abır-həyadan əskik adamlar var, 2-3 məqaləsi yoxdur, amma qabaqda gedirlər”

Yəqin, mənim kimi çox həmkarım vaxtilə Press Klubda (Bakı Mətbuat Klubu) keçirilən maraqlı tədbirlərin iştirakçısı olub, həmkarlarla müzakirələrdə söz demək haqqı qazanıb. Azad jurnalistika, rəqabət mühiti Press Klubun xüsusi özəlliyi idi.

“Bu gün belə bir mühit varmı?” sualı ilə, az qala, hər gün üzləşirik və məyus halda keçmişin nostaljisinə qapılırıq. Lakin son günlər ümidverici işartılar meydana çıxmağa başlayıb – uzun müddətdir tamarzı qaldığımız həmin keçmiş mühitin təkrar formalaşması prosesi gedir. Ötən həftə təqdimatı keçirilən Press Klubun saytının (www.pressklub.az) “dünyaya gəlişi” ilə bu ümidlərimiz təzələndi.

Keçmiş və gələcək Press Klubun yaradıcısı, Yeni Nəsil Jurnalistlər Birliyinin rəhbəri Arif Əliyev də AYNA-ya müsahibəsində dünənki və bugünkü jurnalistika, azad media, rəqabət mühiti və cücərməkdə olan arzular barədə danışıb.

– Arif müəllim, yeni fəaliyyətiniz uğurlu olsun! Ətrafdan reaksiyalar necədir? Sevinənlər çoxdurmu?

– Hər halda, yeniliyimiz maraq doğurdu. Xüsusən, xarici ölkələrdən yaxşı reaksiyalar almışıq və almaqda davam edirik. Sayt ingilis dilində olduğu üçün Almaniya, ABS, İspaniya, İsveç kimi ölkələrdən xoş təəssüratlar eşidirik. Hazırda bizim “Xəritə” bölməmiz üçün müraciətlər davam edir, xaricdə yaşayan həmkarlarımız özünü həmin siyahıda görmək istəyir, əməkdaşlığa can atırlar. Bir qismi tövsiyələrini bildirir. Baxın, elə indicə (kompüteri işarə edir – müəll.) təmasda olduğum Lidiya Barbanova adlı xanım, kreativ düçüncə və PR üzrə mütəxəsisdir, bəyəndiyini qeyd edir, bizə tövsiyəsini bilidirir. Bizim məqsədimiz interaktiv fəaliyyət göstərmək, hamının fikirlərini nəzərə almaqdır. Dəyişikliklər davam edəcək, getdikcə dairəmiz genişlənəcək. İddialarımız, planlarımız böyükdür.

“O vaxtın jurnalistikası diri idi”

– Sizin fəaliyyətinizin əsas hədəfi azad medianın “don”unu açmağa yönəlib. Bu, çətin olmayacaq ki?

– Əvvəla bunun üçün diri mühüt lazımdır. Bir neçə gün əvvəl saytın təqdimatında ürəyimində bir tıqqıltı vardı. Təəssüf ki, əvvəlki illərin diri reaksiyasını o qədər görmədim. Mütləq dirilmə başlamalıdır. Çünki bu cür davam etsə, hansısa uğurlara inam azalır. Ölkə kənarından reaksiya, jurnalistlərdən yanaşma daha ürəkaçıcı, kreativ oldu. Təbriklərin göndərilməsi, sevincin olması xoşdur. Heç olmazsa, oradan daha ümidverici nələrsə aldıq.

– Bizdə bu sönüklük nə ilə bağlıdır?

– İnam çox azdır, nələrisə düzəltməyə, dəyişməyə ümidlər bitib. Bu da elə sınmış ümidlərlə, imkansızlıqla bağlıdır. Jurnalistlərimizin vəziyyəti də çətindir. Jurnalistika ideya cəhətdən mürəkkəb, çətin peşədir. İnsan tək ideya ilə dolana bilməz, bunu danmaq olmaz. Sıxıntılar çoxdur. Baxın, bir misal çəkim. Afrikada tayfa qadınları boyunlarına halqalar keçirərək boyunlarını uzadırlar. Boyun, boğaz deformasiyaya uğrayır. Buna bənzər vəziyyət içindəyik. İnsanlar da elədir, illərin deformasiyasının bir gündə dəyişməsini gözləmək olmaz. Dəyərlər də, psixologiya da, davranışlar da, transformasiyaya ugrayıb.

Bu günlərdə BBC-də irihəcmli bir yazı ilə qarşılaşdım. Oradakı məntiqə görə, Azərbaycan jurnalistikasının xarakteri reket jurnalistikasına yaxındır. Axı bu, ədalətsiz yanaşmadır, qəbul etmirəm. Ölkədə sayca, təxminən 5000 jurnalist varsa, onlardan 200-300-ə yaxını real, peşəkar jurnalistika ilə məşğul olur. Sayca 1000-ni də götürmək olar, qalanı tamam başqa işlə məşğul olur.

Bir də media adamlarındakı bu sönüklük daxili senzura ilə bağlıdır, bu, çox güclüdür. Xatırlayıram, 1998-ci ildə senzura rəsmi olaraq qaldırılanda, “Azadlıq” qəzetinin baş redaktoru Gündüz Tahirli mənə qayıtdı ki, “biz bundan sonra necə işləyəcəyik”. Axı əvvəl bilirdik ki, senzura istəmədiyini çıxarır, indi isə bütün məsuliyyət üstümüzdə qalır. Əslində bu da asan iş deyil. İndi baxın, bu, 5-6 illik prosesin nəticəsində ortaya çıxan vəziyyət idi, indiki vəziyyətə gələnə qədər isə çox vaxt keçib, bundan necə çıxacağımız xeyli zaman tələb edir. Əlbəttə, indiki halda azad jurnalistikaya dönüş üçün bizim uğur hekayəsinə ehtiyacımız var ki, ayılaq. Xaricdə tək azərbaycanlı yox, yaxşı azərbaycanlı olduğunuzu sübut etməlisiniz.

Axı hansısa bir naqis jurnalistikada cinayət əməli törədibsə, bunu peşə adına çıxarmaq doğru deyil. Bu, bir ədalətsizlikdir. Bu, müəllim, həkim, polis kimi peşələr üçün də eyni vəziyyəti yaradıb. Peşələrin nüfuzu hansısa yollarla bərpa edilməlidir.

– Press Klub internet kontentində bir missiyanı da üzərinə götürüb – informasiyanın əldə olunmasında jurnalistlərə dəstək vermək, vasitəçi olmaq. Bu, hansı formada həyata keçiriləcək?

– Bu işi biz əvvəllər də görmüşük. Qeyd olunan məsələ ölkədən kənarda yaşayan həmkarlarımız üçün nəzərdə tutulub. Onlar hansısa məsələ ilə bağlı araşdırma material hazırlayanda mənbələrin, məlumatların əldə olunması üçün çətinliklərlə qarşılaşırlar. Hər dəfəsində ölkəyə gəlmək imkanları olmur. Bu sahədə əməyimizin olmasını diləyirik.

– Bəs biz? Axı, ölkədəki jurnalistlərin də, xüsusən dövlət qurumlarından məlumat almaqda çətinlikləri olur…

– Bəli, bilirik. Bu sahədə vəziyyət ürəkaçan deyil. Yerli jurnalistlərin də buna ehtiyacı var. Elə həmkarım Mehman Əliyevlə müzakirə zamanı bunu düşünürdük (gülür – müəll.). Ona görə də, “dəstək olacağıq” yox, “dəstək olmağa çalışacağıq” ifadəsini işlədirik. Ümid edirik ki, bu sahədə də ciddi fəaliyyətlərimiz olacaq.

“Qafqazda ilk press klub bizdə olub, amma indi…”

– Press Klubun əvvəlki nüfuzu qayıdacaqmı? Məsələn, klub formatını arzulayırıq.

– Bu, arzularımızdan biridir. Xeyli vaxt keçib. Həm də Press Klubu qaytarmaq, bərpa etmək üçün böyük maliyyə lazımdır. İndi mətbuat zalları çoxdur. Amma fəxr edirik ki, Qafqazda ilk klassik press klub bizdə olub. Həmçinin, Mətbuat Şurası, ən güclü agentlik, müstəqil telekanal da burada yardılıb. Düşündürücü məsələ odur ki, bizim təfəkkürümüzdə zədələnmələr var. Halbuki, biz media ilə çox şeyi dəyişə bilərik!!!

Hələ də dərk olunmur ki, siyasi, hərbi dayaq kimi, müstəqilliyin dayaqlarından biri də azad mediadır. Bu gün bir çox dövlət əhəmiyyətli məsələlərin həlində media böyük, aparıcı rol oynaya bilər. İndiki media nümunələrinə baxırsan, hamısı eyni yanaşma, eyni copy-paste xəbərlər. Orijinal, fərqli yanaşma yoxdur. Elə bil hamısı eyni yerdən çıxır. Bir vaxtlar hətta “Yeni Müsavat” və “Azadlıq” qəzetlərində bənzərlik görməzdik. Tamam ayrı mövqe, fikir formalaşdıran, şərhlər verən KİV-lər idi.

– Bəs jurnalistlər özləri niyə peşəkar olmaqdan qaçırlar?

– Peşəkarlıq zərurətdir, əmtəədir. Jurnalist öz peşəkarlığına nail olmaqla, peşəkarlığını satmaqla yaşayır, həyatda, cəmiyyətdə mövqe qazanır. Bu gün baxaq, jurnalistlərin çoxunda bu varmı? Bəzilərinin yaxşı yarınmaq, həya-abırdan əskik olmaq qabilliyyəti var, 2-3 məqaləsi belə, yoxdur, amma həmişə qabaqda gedirlər. Onları görəndə təəssüf hissi yaranır. Bu səbəbdən bəzi jurnalistlər peşəkarlığa can atmırlar, çünki inkişaf üçün stimul yoxdur. Bəzisi yorulur, bir qismi xaricə üz tutur. Bəzisi uçurumun kənarında yeriyir.

Bir də, tutaq ki, kimsə peşəkardır, bəs harada işləsin? Bakı Jurnalistika Məktəbi var, o da hələlik birtəhər yaşayır. Gürcüstanda GİPA (Georgian İnstitute of Public Affairs) var, Amerika təhsil sistemi, müasir jurnalistika prinsipləri üzrə tədris verir. Mən bir az araşdırma apardım, oranı bitirən bizim jurnalistlərimiz qayıdandan sonra ya ölkədən gedir, ya da PR sahəsinə və biznesə keçir. Xarici KİV-lərdə həmin jurnalistlərimizdən 15-20 nəfər işləyir. Çünki yeni jurnalistika prinsipləri ilə işləmək üçün lazımi şərait olmalıdır.

Peşəkarlıq jurnalistikanın dərin qatıdr. Misal üçün, xaricdə restoran biznesi, hətta şərablarla işləyən, bələd olan xüsusi jurnalistlər formalşır. Bəs bizdə? Bizdə ixtisaslaşmış jurnalistlər vardısa belə, onlar da özbaşına öyrənirlər. Məsələn, bir veriliş üçün iqtisadi sahə üzrə jurnalist axtarırıq, lazımi sayda tapa bilmirik, seçim yoxdur. Bizim yaratdığımız yeni layihə də, əgər təsirli olacaqsa, işləyə biləcəyik, əgər alınmasa, sıravi bir sayta çevriləcək. Bizimsə, böyük arzularımız var…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir