Aşura ilk növbədə əqidə, məslək və mənlik heysiyyəti uğrunda savaş deməkdir

Simurq.info bildirir ki, Birlik.az saytı “Kərbəla hadisəsi müasir Azərbaycan aydınlarının nəzərində” ­ rubrikasını davam etdirir. Onu da qeyd edək ki, bu mövzuda ən çox klassik ədiblərimizin fikirləri önə çəkildiyindən müasir ziyalılarımızın fikirləri bir qədər kənarda qalmışdır. Əziz oxucular, bu dəfə daha bir mütəfəkkir, müasir Azərbaycanın görkəmli jurnalisti, elmlər doktoru, professor Qulu Məhərrəmlinin fikirlərini sizə təqdim edirik:

“Aşura anlayışı uşaqlıqdan yaddaşıma həkk olunub və zaman-zaman Kərbəlada baş vermiş bu tarixi hadisənin həqiqi mahiyyətini dərk etmişəm. Aşura mənim üçün, ilk növbədə əqidə, məslək və mənlik heysiyyəti uğrunda savaş deməkdir. Bu indiki nəsil üçün təkcə din məsələsi deyil, parlaq bəşəri çalarları olan tarixi hadisədir. Mən arzu edərdim ki, Aşura bizdə, məhz bu cür – əqidəyə sədaqət, haqq-ədalət, prinsip və məslək uğrunda mübarizə nümunəsi kimi təbliğ olunsun”

İlqar Fəhmi: Aşura” məktəbi insanın içindəki vahiməni öldürüb, onu daha ali ideyalar uğrunda fədakarlığa tərəf aparır

Aşuranın mahiyyəti, məncə, fədakarlıq üzərində qurulub. Əlbəttə, bunu dini fanatizmə yozan da çoxdur. Ancaq zənnimcə, “Aşura” məktəbi insanın içindəki vahiməni öldürüb, onu daha ali məqsədlər və ideyalar uğrunda fədakarlığa tərəf aparır. Və bu böyük fədakarlıq bütün dünyəvi dəyərlərdən üstündür.

Aqil Abbas: Kərbəla hadisəsi olmasaydı, İslam yer üzündən silinib gedəcəkdi

“Kərbəla hadisəsi olmasaydı, İslam yer üzündən silinib gedəcəkdi. Peyğəmbər nəslinin Allah, din yolunda şəhid olub uyuduğu torpaq Məkkə, Mədinə qədər müqəddəsdir. Çox təəssüf ki dünyaya səhidlik dərsi vermiş İmam Hüseyndən ibrət ala bilməmişik. Allah içimizdə onun nurunu artırsın.”

Paşa Qəlbinur ile ilgili görsel sonucuPaşa Qəlbinur: Zamandan ucalığın müqəddəs nümunəsidir – Kərbəla məktəbi!!!

Kərbəla məktəbi – Yer kürəsində yaşayan bütün insanların, bütün zamanlar üçün ən böyük qəhrəmanlığı, İnsan ruhunun hələlik görünən ən böyük böyümə imkanıdır. Amalı uğrunda şəhid olanların mütləq hadisəsi, ölməzliyin təntənəsi, axirətin təsdiqidir. Zamandan ucalığın müqəddəs nümunəsidir – Kərbəla məktəbi!!!

Cəlil Cavanşir ile ilgili görsel sonucuCəlil Cavanşir: “Mənim üçün Kərbala hadisəsi İslam tarixinin dönüm nöqtəsidir.”

Kərbala müsibəti ilə bağlı İlk dəfə Nəcib Fazil Qısakürəyin “Əsrimizə qədər böyük məzlumlar” kitabından oxumuşam. Həqiqətən, sarsılmışdım. Mənim üçün Kərbala hadisəsi İslam tarixinin dönüm nöqtəsidir. Hüseyn İbn Əlinin savaşını haqq-ədalət savaşı hesab etsəm də, bu gün insanların məhərrəm ayında etdiklərini, bu gün də ona yas saxlanmasını qəbul etmirəm.

Seyfəddin Hüseynli ile ilgili görsel sonucuSeyfəddin Hüseynli :…tozlu səhradan “Hədiqətüs-süəda”ya – “Xoşbəxtlər bağçası”na…

“…Səbəbləri hər nə olsa da, nəticələri hər necə alınsa da, Kərbəla vaqiəsindən günümüzə ötürülən bir çox dəyərli, işıqlı cəhət var. Onlardan biri də budur ki, son anda imkan əli hər yerdən, hər kəsdən üzülən, amanı kəsilib dünya başına dar edilən, bircə içim suya da dodağı çatmayan bəşər övladı (öz İnandığının, İnancının sayəsində, mənəvi-ruhani gücünün hesabına, canının bahasına!) labüd, faktiki məğlubiyyətini əbədi qələbəyə çevirə, mənzil-qərargahını isə odlu, tozlu səhradan “Hədiqətüs-süəda”ya – “Xoşbəxtlər bağçası”na dəyişə bilər. İndi qəbul, ya inkar olunsun, təqdir, ya tənqid edilsin, az, yaxud çox sayılsın, nə fərqi var: 13 əsrdir, onmilyonlarla insan hər il Kərbəla vaqiəsini həm matəm duyğularıyla, həm də qürur hissilə anır. Beləliklə, həm müsəlman aləminin, həm də bütün dünyanın qalan qismi də, istər-istəməz, o amansız qırğını yada salmalı olur…”

Kənan Hacı ile ilgili görsel sonucuKənan Hacı: Kərbəla yazısı İslamın qələbəsiydi.

“Kərbəla düzündə etiqadlı məzlumlarla etiqadsız zalımların son döyüşündə hər iki tərəf müsəlmanlar idi. İslamı birləşdirmək adı altında səltənətini möhkəmlədən və içində qıvrılıb yatan ilandan xilas ola bilməyən Yezid etiqada yox, qılıncının gücünə arxalanırdı. Tarixdə lənətlə yad edilən xəlifələr sırasında İmam Hüseynin ölümünə fitva verən bir müstəbid kimi qaldı. Həqiqi eşqin, ilahi eşqin məcazi eşqə qurban verildiyi Kərbəla düzündə qalib çıxan yenə də İslam oldu. Kərbəla yazısı İslamın qələbəsiydi.”

Yazıçı Şərif Ağayar: “İmam Hüseyn təkcə İslam və şiəçilik kontekstində dəyərləndirilməməli…”

“Biz demokratik, dünyəvi cəmiyyət arzusundayıqsa, bütün tarixi hadisələr, dini və mifik əhvalatlar kimi, Aşuranı da hər kəsin açıq müzakirəsinə buraxmalı, heç kəsə hiddətlənməməliyik. Mənə görə, İmam Hüseyn yüksək əxlaqa malik olan, təkcə özündən sonrakılara deyil, əvvəlkilərə də nümunə göstərilməyə layiq şəxsiyyətdir. Eyni zamanda düşünürəm ki, onu təkcə islam və şiəçilik kontekstində dəyərləndirmək, göz yaşı və ah-fəryadlarla yad etmək doğru deyil.”

Əsəd Cahangir ile ilgili görsel sonucuƏdəbi tənqidçi Əsəd Cahangir: “Aşura – göz yaşı ilə qətiyyətin birliyidir”

“Aşura – Füzulinin “Hədiqətüssüəada”sıdır, sözümüzün şəhadətidir

Aşura – Mübariz İbrahimovun canını vətən yolunda verməsidir, özümüzün şəhadətidir,

Aşura – göz yaşı ilə qətiyyətin birliyidir

Aşura – insanın ölümdən sonrakı diriliyidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir