Meyidini sellofanda basdırdılar, mollanı qorxutdular ki, ona namaz qılmasın, xaindi”

Gətirdilər. Sellofan torbaya bükülmüş halda, sanki bir tullantı idi. Dünyanın o birisinə səssiz, casus, gərəksiz kimi yola saldılar. “Xaindi” dedilər, “sus” dedilər, “ağla” dedilər. Övladın torpağa verilməsi ananın əlindən alınması, ürəyindən qopması idi. Bunu bilirdilər, amma özləri edib deyə, anadan susmasını istədilər. Ana isə susmur və susmayacağını deyir. Onun dediklərini siz də dinləyin. Oxuyun, bilin…
Casus kimi tutularaq istintaq altında müəmmalı şəkildə ölən Azərbaycan ordusunun zabitlərindən biri də peşəkar tankçı, leytenant Elçin Mirzəliyevdir. 2016-cı ildə aprel döyüşləri zamanı yaralanıb. Onu hərbi hospitala aparmaq istəsələr də, getmir və döyüşü davam etdirir. Onun fədəkarlığı və vətənpərvərliyini yüksək qiymətləndirən rəhbərlik Bakıya kursa göndərir və rütbəsini artırırlar. Hətta daha yüksək vəzifəyə təyin etmək üçün sənədlərinin hazırlayırlar. Amma gözlənilmədən 2017-ci ildə keçirilmiş “casus əməliyyatı”nın qurbanlarından olur. Xain kimi işgəncə verilərək öldürülür, sonda bəraət alır.

Elçin Mirzəliyev
Buna da bax: Vətən xaini kimi öldürdülən polkovnik bəraət aldı, qəhrəman kimi qəbri ucaldıldı – AZƏRBAYCAN FACİƏSİNİN DOSYESİ
Mərhum zabitin həyat yoldaşı Günay Mirzəliyev Criminal.az-a danışır ki, Elçini 2017-ci i mayın 7-də xidmət etdiyi “N” saylı hərbi hissədən ailəsində heç kimə xəbər etmədən aparıblar:
“Mən mayın 10-da xəbər tutmuşam. Telefonuna zəng çatmırdı, elə bildim təlimə gedib. Sonra bildim ki, tutublar, hətta öldüyünü də deyirdilər. Amma inana bilmirdim. Eşitdim ki, mayın 7-də heç bir səbəb göstərmədən qolunu bağlayıb, başına torba keçirib əvvəl Marquşavana aparıblar, oradan isə Tərtərdə yerləşən Müdafiə Nazirliyinə məxsus köhnə qərərgah binasına… Həmin binada korpusun hüquqşünas, mayor Fuad Ağayevin rəhbərlik etdiyi qrup tərəfindən sorğu-suala çəkilir, ağır işgəncələrə məruz qalır. Onu məcbur edirlər ki, erməni tərəfə işlədiyini və tankını düşmənə satdığına dair ifadələrə qol çəksin. Sonradan bildik ki, onların Elçindən istədikləri tank yox, əl boyda dəmir parçasıdır və sonradan hərbi hissədə tapıldı”.

G.Mirzəliyevanın sözlərinə görə, Elçini əvvəlcə təpik, şillə, yumruqla vururlar, daha sonra onu taxta parçası və dəmir çubuqla döyürlər: “Amma Elçin heç bir sənədə imza atmır. Bildirir ki, belə bir şey olmayıb. Mən ölərəm, vətənə xəyanət etmərəm, belə biabırçılığı qəbul etmərəm deyir. Daha sonra ona elektroşok verirlər. Başını suya salıb boğurlar. Bu variant da alınmayanda onun dırnaqlarını çəkib həmin hissədən toka verirlər. İşgəncənin təsirindən Elçin 2 dəfə özündən gedir. Həkim çağırmaq və tibbi yardım göstərilməsinə icazə verilmir. Üstünə su töküb ayıldırlar. İşgəncəni davam etdirib ona qarşı insan ləyaqətini alçaldan, xüsusi qəddarlıq və amansızlıq edirlər. Elçin bu dəfə komaya düşür və ayılmır. Mayın 25-də Hərbi Hospitaylda vəfat edir…”.

Məhkəmə sənədi
Zabitin xanımının dedikləri məhkəmə sənədlərində də öz əksini tapıb. Məhkəmə sənədindən sitat:
“Günün müxtəlif vaxtlarında, o cümlədən gecə saatlarında, arada müəyyən fasilələr verilməklə köhnə qərargah binasının ikinci mərtəbəsində olan otaqlarda , habelə dəhlizdə əynində olan paltarlarını soyundurub, əllərini, ayaqlarını , habelə ətrafda baş verənləri görməməsi üçün əski parçasını gözünün üstünə salıb üstündən yapışqan lentlə bağladıqları Elçin Mirzəliyevin bədənin müxtəlif nahiyələrinə yumruq, şillə, təpiklə, plastik boru və küt alətlərlə çoxsaylı zərbələr vurublar. Onu üzü üstə uzadıb tərpənməməsi üçün qollarını və ayaqlarını tutub başını vannadakı suyun içərisinə salıb bir neçə saniyə salamış, nəfəs ala bilmədiyindən boğulmaq həddinə çatdıqda başını sudan çıxarıb nəfəs almasına imkan vermiş, sonra yenidən həmin prosesi eyni qaydada bir neçə dəfə davam etdiriblər. Daha şiddətli təsir etməsi üçün onun üstünə su töküb xüsusi qurğu vasitəsilə naqilləri bədəninin müxtəlif nahiyələrinə birləşdirərək bədəninə bir neçə dəfə elektrik cərəyanı veriblər. Mirzəliyev erməni ilə əməkdaşlıq etməsini təkzib etdiyindən Mərhəmət Rəcəblini onun olduğu otağa gətiriblər. Rəcəbli ona verilmiş işgəncənin təsiri altında Mirzəliyevin ona qarşı düşmən hərbi qulluqçuları tərəfindən seksual xarakterli zorakılıq hərəkətlərinin təşkil təşkil edilməsini bildirib. Elçin Mirzəliyev onun dediklərini təkzib etdiyindən eyni qaydada işgəncə verilib”.

Şamama Mirzəıliyeva
Mərhum zabitin anası Şamama Mirzəliyeva saytımıza bildirdi ki, Elçinin başına gətirilən işgəncə və ölümü ailəsi üçün son olmayıb. Bundan sonra ailəsinə qarşı mənəvi təzyiq davam edib.
“Elçin tək oğul övladım idi. Dörd bacını tək qardaşı idi, onu da əlimdən aldılar. Balamın meyidinə də həsrət qoydular. Tabutuna toxunmağı də çox gördülər. Mayın 26-da sellofana bükülmüş halda gətiririb basdırdılar. Üzünü belə göstərmədilər. Hər tərəf silahlılarla dolu idi. Mollaya hədə-qorxu gəldilər ki, Elçin xaindi, ona cənazə namazı belə qılmayın. Yas keçirməyə qoymadılar. Başsağlığına gəlməyə heç kimi qoymadılar. Mənə xain anası dedilər. Gəlinimə xain arvadı, nəvəmə xain balası dedilər. Gözüm yolda qalıb. İndi qapı açılacaq, Elçinim qayıdıb gələcək. Ümid yerim idi. Balama qıyanların anası aralıqda qalsın. Elçinim lay lay, Elçinim lay-lay…”.

Ana deyir ki, oğlu həqiqi hərbi xidmətini başa vurduqdan sonra yenidən orduya qayıdıb. Ön cəbhədə xidmət edib. Kiçik vəzifədən məsul vəzifəyə və leytenant rütbəsinə layiq görülür. Tank bölüyünün komandiri olur. Nümunəvi və qüsursuz xidmətinə görə, müdafiə Nazirliyi tərəfindən müxtəlif orden və medallarla, diplomlarla təltif edilib.
Mərhum zabitin xanımı xain damğasının ailəsinə çəkdirdiyi iztirabı belə nəql edir: “Bir ilə yaxın xain ailəsi kimi hamı bizdən üz döndərdi. Qızımla nə əzablar çəkdim, dilə gətiriləsi deyil. Ötən ilin martında Elçinin bəraət kağızı gəldi. Elçini günahsız öldürüldüyü üzə çıxdı”.

əraət hökmündən sitat: “İstintaqı aparılmış cinayət işi üzrə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin sabiq hərbi qulluqçusu, mərhum Mirzəliyev Elçin Qulu oğlunun Cinayət Məcəlləsinin 274-cü və digər maddələrində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən barəsində aparılan cinayət işinə bəraətverici əsasla, Cinayət-Prosessual Məcəlləsinin 39.2-ci (cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədiyi üçün) maddəsinə əsasən 14 mart 2018-cü il tarixli qərarla xitam verilmişdir”.
G.Mirzəliyeva bildirdi ki, həyat yoldaşı bəraət alsa da, cinayətkarların bəzisi həbs olunsa da, bu onların yarasını sağaltmayıb:
“Elçinin ölümündə iştirak edənlərin böyük hissəsi azadlıqdadır. Yalnız bir neçə nəfərə 6 il cəza veriblər. Yoldaşımın ölümünün əsas səbəbkarı Fuad Ağayevə isə 10 il həbs cəzası ilə canını qurtarıb. Elçinin ölümü ilə ailəmiz başsız, qızım isə atasız qalıb. Övladım ağır xəstədir, müalicə etdirməyə imkan yoxdur. Hələ Elşini öldürənlərlə sülhə gəlmək də təklif olunur. Amma mən Elçinə görə sona kimi mübarizə aparacam. Necə olur ki, vətən uğrunda canından keçməyə hazır olan zabiti işgəncə ilə öldürürlər? O, vətən uğrunda şəhid oldu. Ona şəhid statusu verilməlidir. Elçini öldürənləri bağışlamayacam. Qatillərə ömürlük cəza istəyirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir