Müşfiq Hətəmov milli kinomuzda “çevriliş” haqda: “Onlar növbəti ilə qalacaq”

“Elə senarilər var ki, ona 4-5 milyon lazımdır. Yəqin ki, biz hələlik onu edə bilməyəcəyik”
Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 2 avqust — Sputnik. Bu gün Milli Kino Günü qeyd edilir. 121 yaşlı Azərbaycan filminin maraqlı tarixi var. Yüzlərlə filmin quruluş verildiyi “Azərbaycanfilm” kinostudiyasının hal-hazırda köhnə, nimdaş binasında, deyəsən, yenidən həyat canlanacaq. Belə ki, Mədəniyyət Nazirliyinin keçirdiyi senari müsabiqəsinin qalibləri elan olunub.

Artıq bu senarilər üzərində ilkin işlərə başlanılıb. Kinomuzun bu günü haqqında Sputnik Azərbaycan Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmovla həmsöhbət olmaq qərarına gəldi.
– Kinostudiyada hal-hazırda vəziyyət necədir?

– Kinostudiyada bir neçə il bundan qabaq qarşımıza iki əsas məqsəd qoyduq: yaradıcı atmosferin gücləndirilməsi, gənc istedadların cəlb edilməsi və müasir dövrün tələblərinə uyğun olaraq istehsal prinsiplərini müəyyənləşdirmək. Bunun nəticəsində yüzdən çox gənci sınaqdan keçirdik. Bir çoxunun xaricdə təhsilinə dəstək olduq. İstehsal prosesini gücləndirməklə festivallarda mükafat aldıq. Təbii ki, bunlar bizə reytinq gətirdi. Bu proseslərdən sonra anladıq ki, daha böyük islahata ehtiyac var.

Pul tapmayan azərbaycanlı rejissorun filmi “Möhtəşəm” mükafat aldı>>

Ona görə də 2013-cü ildə yeni kino qanun layihəsi hazırladıq və Milli Məclisə təqdim etdik. Bu layihə ətrafında böyük mübahisələr, fikir ayrılıqları oldu. Amma mart ayında bizim üçün çox sevindirici hadisə baş verdi. Cənab Prezident bu məsələyə çox həssas yanaşdı. Kinonun inkişafına dair konsepsiyanın işlənib hazırlanmasını təklif etdi. “Azərbaycanfilm” özəl sektorla birlikdə böyük təkliflər paketi hazırlayıb Mədəniyyət Nazirliyinə təqdim etdi. Milli peşəkar kinonun qorunub saxlanması, inkişaf etdirilməsi ilə yanaşı, xarici investisiyanın Azərbaycana gətirilməsi, həmçinin infrastrukturdan düzgün istifadə bu konsepsiyada öz əksini tapır. Yaxın günlərdə layihənin qəbul edilməsini gözləyirik.

Dan yeli filminin çəkiliş meydançasından
© “AZƏRBAYCANFİLM” KİNOSTUDİYASI
Müharibədən əziyyət çəkən insanlar haqda film – “Dan yeli”
– Vaxtilə bildirmişdiniz ki, kino sənayesində problemləri xırda texniki səviyyədə yox, kompleks şəkildə həll etmək lazımdır. Bu müddət ərzində hansı dəyişikliklər baş verdi?

– Bir neçə il öncə Azərbaycanda əsas filmlərin çəkilişini İran, Türkiyə, Gürcüstan həyata keçirirdi. Hal-hazırda isə 95 faiz çəkilişləri yerli mütəxəssislər reallaşdırırlar. Hətta indi bizim kino işçilərimiz qonşu dövlətlərdə fəaliyyət göstərirlər. Bu gün Azərbaycanda çox yaxşı özəl studiyalar formalaşmaqdadır. Artıq kino industriyamızda start vəziyyəti yaranıb. Qalıb bircə yeni islahatlardan düzgün istifadə. Bu baş verərsə, biz nəinki milli kinomuzun keçmiş nüfuzunu geri qaytaracağıq, hətta ondan da uğurlu nəticə əldə edəcəyik.

– Bir vaxtlar xarici ölkələrə tələbələr göndərilirdi.

– Cənab nazir (Əbülfəs Qarayev – red.) bu məsələni həmişə diqqətdə saxlayıb. Türkiyə, Rusiya, İngiltərədə təhsil almaq üçün bəzi gənclərimizi göndərmişik. Artıq onlar təhsillərini başa vurub qayıdıblar. Misal üçün, Orxan Ağazadə adlı gənc rejissor çox ümidvericidir.

Mingəçevirli avtomobil ustası filmdə gördüyü maşını necə reallığa çevirdi
© SPUTNİK / İLHAM MUSTAFA / LEYLA ORUCOVA
Mingəçevirli avtomobil ustası filmdə gördüyü maşını necə reallığa çevirdi
– Həmişə gənclərlə iş qurulanda yaşlı nəsillə problem yaranır.

– Heç vaxt peşəkar və istedadlı adamlarla problem yarana bilməz. Yaşlı nəsil, əksinə, bu barədə mənə çox dəstək olur. Bu günlərdə, bilirsiniz ki, Mədəniyyət Nazirliyi senari müsabiqəsinin qaliblərini elan etdi. Orada tammetrajlı, qısametrajlı bədii filmlər, eləcə də sənədli və animasiya filmləri üçün senarilər seçildi. Bu yarışda cavan nəsil də, yaşlı nəsil də iştirak etdi. Fikirləşirəm ki, senari müsabiqəsinə xalqımıza, dövlətimizə lazım olan mövzular təqdim edilməlidir. Təbii ki, müsabiqənin keçirilməsi çox müsbət haldır. Bununla yanaşı, biz mövzular da elan etməliyik. Çox güman ki, bu yaxınlarda ölkəmizin ziyalıları ilə görüşüb bu mövzuları təyin edəcəyik. Misal üçün deyim ki, Nəsrəddin Tusi haqqında bizdə film yoxdur. Bu tip çəkilməli filmlərimiz çoxdur. Bu haqda fikir mübadiləsi aparmaq niyyətindəyəm. Eyni zamanda, çox istəyirəm ki, uşaq filmlərinə diqqət ayıraq.

– Sadaladığınız mövzular seçilmiş senarilərdə öz əksini tapırmı?

– 10-15 senari ilə dediyim mövzuları əhatə etmək qeyri-mümkündür. Amma dövlətin bizim qarşımızda qoyduğu vəzifələri həyata keçirmək üçün daha da təkmilləşməliyik.

– Qəbul olunmuş senarilərin maliyyələşməsi necə olacaq? Maliyyə hansı parametrlərə görə ayrılacaq?

– Elə senarilər var ki, ona 4-5 milyon lazımdır. Yəqin ki, biz hələlik onu edə bilməyəcəyik. İlk olaraq biz payız-qış aylarını özündə əks etdirən senarilərin çəkilişinə start verəcəyik. Yaz və yay görüntüləri olacaq filmləri növbəti ilə saxlayacağıq.

– Müşfiq bəy, şəxsi müşahidələrimdən çıxış edərək sizə bir sual ünvanlayacam. Əvvəllər filmlərimizdə sanki rejissor ideyası, senari daha güclü və təsiredici olurdu. Texniki tərəfdən isə çatışmazlıqlar var idi. Amma indi, elə bil, yerdəyişmə baş verib. Texniki tərəf, görüntü, işıq və s. qaydasındadır, amma senari və rejissor ideyası həddən artıq zəifdir.

Anita Tsoy
© SPUTNİK / KEMALE ALİYEVA
Rusiyalı müğənni Eminin filminə baxıb Bakıya vuruldu
– Bildiyiniz kimi, bizdə Bədii Şura fəaliyyət göstərir və bu məsələlərə bilavasitə nəzarət edir. Siz dediyiniz problem özəl sektorda özünü büruzə verir. Məncə, bu problem müvəqqətidir. Cəmiyyətin inkişafında hər bir sahədə peşəkarlar fəaliyyət göstərməlidirlər. Müstəqillik dönəmində formalaşma bir az çətin gedir. Amma mümkünsüz deyil.

– Müstəqilliyin ilk illərində kinostudiyada heyətlə bağlı müəyyən kadr çatışmazlığı var idi. İstər qrimçi olsun, istər rəssam və ya operator. Dörd film istehsala buraxılırdısa, qabağa düşən iki film qazanırdı. Digər ikisi kadr çatşmazlığından əziyyət çəkirdi. Bəs indi kinostudiyada çatışmayan tərəf nədir?

– Müasir dövrdə çatışmayan tərəf kino industriyasının və xidmətin qurulmasıdır. Azərbaycan öz milli kinosunu inkişaf etdirməli və xarici investorları kinomuza cəlb etməlidir. Bu prinsiplər həyata keçirilsə, tədricən iş prosesində çatışmayan məsələlər öz həllini tapacaq.

– Milli Kino Günündə arzularınız?

– Bütün kino işçilərini, kinosevərləri bu gün münasibətilə təbrik edirəm. Kino bizim ən strateji sahələrimizdən biridir. Kino ordu qədər bizim xalqımıza lazımdır. Ümid edirəm ki, Prezidentin bizə verdiyi son stimuldan istifadə edərək yeni uğurlu layihələr həyata keçirəcəyik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir