“Mosfilm”də çalışan həmyerlimiz

Fərhad Hüseynov – Bu ad teatr ictimaiyyətinə yaxşı tanışdır. Bir zamanlar İncəsənət İnstitutunda təhsil alan, Dahi Ədil İsgəndərovun tələbəsi olan, aktyor Fərhad Hüseynovun sənət taleyi çox ağrılı, keşməkeşli olub.

Teatr aləmində onu tanıyan, birlikdə təhsil aldığı dostları, tanışları çox olsa da Azərbaycanda geniş tamaşaçı kütləsi təəssüf ki, Fərhad Hüseynovu az tanıyır. Təbii ki, bunun çoxsaylı səbəbləri var. Fərhad Hüseynov uzun illərdir Moskvada yaşayır və “Mosfilm” kinostudiyası kimi nüfuzlu kino ocağında çalışır. Azərbaycanlı olaraq, vətəndən kənarda yaşayıb, çalışan, bu ölkənin, dövlətin başını uca edən hər bir vətəndaşımız bizə əzizdir. İstedadlı aktyor Fərhad Hüseynov məhz belə sənətkardır.

Fərhad Hüseynovla ilk tanışlığımız, bizi biri-birimizə bağlayan müqəddəs körpü-Ədil İsgəndərov oldu. 5 il əvvəl Ədil İsgəndərovla bağlı bir yazı hazırlamışdım. Ədil İsgəndərovun qardaşı oğlu Elxan İsgəndərovla müsahibə.

Həmin müsahibədən sonra Fərhad müəllim mənə xoş sözlər yazdı, ustadı haqqında bütün faktları doğru, dürüst qeyd etdiyimə görə təşəkkürünü bildirdi və əlavə etdi ki, onda uzun illərdir Ədil İsgəndərova aid, əziz bir xatirə kimi saxladığı əmanət var. Və qeyd etdi ki: ” İnşallah, bir gün sizinlə görüşüb, söhbət etmək imkanımız yaransa, bu barədə ətraflı danışacam”.

Sözün düzü maraq mənə güc gəlsə də, çox israr etmək istəmədim. Fərhad Hüseynovun yolunu səbrlə gözlədim ki, günlərin birində o, mənə Ədil İsgəndərovla bağlı saxladığı müqəddəs sirri açacaq.

Beləliklə, Open.az-da Rusiyada yaşayan həmyerlimiz, “Mosfilm” kinostudiyasının aktyoru, Rusiya Kinematoqrafçılar İttifaqı və Rusiya Kinematoqrafçılar Gildiyasının üzvü Fərhad Hüseynovla müsahibəni təqdim edirik:

– Hörmətli, Fərhad müəllim. Nəhayət ki, sizinlə üzbəsurət görüşümüz baş tutdu. Doğma vətəninizə xoş gəlmisiniz. Gəlişinizin yəqin ki, bir səbəbi var?

-Çox sağ olun. Təbii ki, doğma yurduma tez-tez gəlməyə çalışıram. Moskvada yaşasam, oranın vətəndaşı olsam da, hər zaman özümü “tikan üstündə” hiss edirəm. Həm də yaş istər-istəməz adamı vətənə çəkir. İnsan doğulduğu yerə, doğmalarının yanına qaçıb, gəlmək istəyir. Ömrün, günün elə vaxtıdır ki, əzizlər gedirlər, dünyasını dəyişənlər, həyatdan zərbə alanlar, həmçinin xeyir iş edənlər olur. Bu səbəblər olanda gəlişlərimin sayı artır. Bəzən ailəliklə, xüsusən də yay mövsümündə hamımız yığışıb gəlirik. Sonra nəsə bir çəkiliş olanda gəlirəm.

– Bu dəfə nə iş var? Bu dəfəki gəlişiniz hansısa xüsusi səbəblə bağlıdır?

– Düzü, bir film məsələsi var. Ona görə gəlmişəm. Çəkilişlər sentyabrda başlanacaq. Amma film haqqında hələlik çox geniş danışmaq istəmirəm.

– Sizə təklif rejissordan gəlib, yoxsa Kinostudiyanın rəhbərliyindən?

– Təklif gəlib. Məni bu filmdə görmək istəyiblər. Amma hələ bir çox məsələlər dəqiq deyil. Ona görə də heç nə deyə bilmərəm. Rəhmətlik, Səməndər Rzayev demişkən: “Bu kino ki, var… çox qəliz məsələdir” Gəlişimin ilk səbəbi bu məsələ ilə bağlıdır. İkinci səbəbi isə rayonda olan evimin təmir-tikinti işləridir. İnşallah, nəvəmin kiçik toy məclisini də vətənimdə etmək istəyirəm.

– Belə çıxır ki, bir neçə ay buradasınız…

– İnşallah, bütün yayı Azərbaycanda olacam.

– Fərhad müəllim, mən sizi az-çox tanıyıram. Gənclik, tələbəlik illərindən sizi tanıyan dostlarınız da Fərhad Hüseynovun kim olduğunu bilir. Amma oxucularımız sizi tanımır. Bəlkə, lap əvvəldən başlayaq…

– 1956-cı il avqustun 15-də Tovuzun Aşağı Ayıblı kəndində (İndi Aşağı Eyyublu kəndi ediblər) anadan olmuşam. Nənəm Gilas Düz Qırıqlı kəndində əməkdar sağıcı kimi çalışıb. Hər il Gədəbəyin Malakanlar yaşayan kəndində yaylağa gedərdilər. Anam nənəmin yanına olanda, mən həmin kənddə dünyaya gəlmişəm. Orta məktəbi isə öz kəndimizdə oxumuşam. Məktəb illərindən yaxşı oxuyurdum. Ədəbiyyat həvəskarı olmuşam. Amma bununla belə dəcəl, şuluğ uşaq idim. Məktəbdə dava etmişəm, dəcəlliklərim çox olub. Hər dəfə məni müəllimlər otağına aparanda direktor deyirdi ki: “Səni necə cəzalandıraq? Yaxşı oxuyursan, hafizən yaxşıdır”. Doğrudan da yaxşı hafizəm var idi. Müəllimin danışdıqlarını bir həftə sonra gəlib, onun özünə deyirdim və qiymətimi alırdım. Kamal attestatım hələ də qalır. Cəmi iki 4 (yaxşı) var. Sadə ailədə böyümüşəm. 3 bacı, 3 qardaş olmuşuq. Atam montiyor olub, kənddə elektrik kimi çalışıb. Anam isə evdar qadın idi. Amma yaxşı əl qabiliyyəti vardı. Yaxşı dərziydi. Qonum-qonşu, qohum-əqrəbanın paltarlarını anam tikərdi. Biz o sarıdan əziyyət çəkməmişik. Elə bir varlı həyat sürməmişik, amma ac da qalmamışıq. Anam çalışqan qadındı. Yaxşı bağımız vardı. Biz də anama kömək edərdik. Vedrəni xiyar-pomidorla doldurub, Gəncədə Sərsəbazar deyilən yerdə aparıb satmışıq. Bağımızın bəhərini satıb, özümüzə əyin-baş almışıq. Şükür Allaha, hamımız yerbəyer olmuşuq. Qardaşlarım da salamatdır, bacılarım da yaxşıdır. Amma ata-anamızı itirmişik.
-Allah rəhmət eləsin. Fərhad müəllim, belə sadə ailədə doğulub, böyüyən oğlan uşağı niyə incəsənəti özünə peşə seçdi? Niyə məhz aktyor oldu?

– Maraqlı sualdır. Kənd həyatıydı. Bəzən kəndimizə Bakıdan aktyorlar gələrdi. Onların nümayiş etdirdikləri konsertlərə, tamaşalara baxmaq da asan olmurdu. Divardan aşıb, özümüzə yer edərdik. Musiqili Komediya Teatrının aktyorlarını, rəhmətlik Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Hacıbaba Bağırovu ilk dəfə həmin konsert-tamaşalarda görmüşəm. Onlara baxa-baxa bu sənətə həvəsim yaranıb. Mənim ədəbiyyata olan həvəsim, marağım böyük olub. Axşamlar hamı yatandan sonra sevdiyim kitablardan birini götürüb, küçədə asılan fənərin işığının düşdüyü otağa keçərdim. Deməli, küçə fənərinin işığı nazik zolaq şəklində arxa otağa düşərdi. Mən də kitabımı götürüb, zəif işığın zolağında mütaliə edərdim. Məsələn, “Qara volqa”nı oxuyandan sonra aynaya baxa bilmirdim. Elə bilirdim ki, Yədulla oradan mənə baxır. “Dodaqdan qəlbə”ni oxuyurdum. Yəni, o dövrdə məşhur olan əsərləri mütaliə edirdim və özümü həmin əsərlərin baş qəhrəmanlarına bənzədirdim. Şeir oxumağı, əzbərləyib söyləməyi çox sevirdim. Məktəbə komissiya gələndə hər dəfə onların qarşısında şeirlər deyərdim. Özü də o dövrün ənənəsinə uyğun olaraq, yüksək şövqlə, pafosla…

– Sizin gənclik dövrünüzdə hər kəs mütaliə etməyi sevirdi…

-Həmçinin bizim dövrümüzdə kino da çox sevilirdi. Mənim Fərmayıl əmim var. O, kino işinə baxırdı. Belə ki, bir kənddən o biri kəndə kino göstərməyə gedirdilər. Motosikleti vardı. Bu kəndə kino bitən kimi, lentlərini götürüb başqa kəndə aparırdı. Mən də çox zaman ona qoşulurdum, kömək edirdim. Kinoya sevgim, kino ilə yaxından tanışlığım belə başlayıb.

– Deməli , sizə kinonu Fərmayıl əminiz sevdirib.

– Bəli. Elə də demək olar. Rac Kapurun filmlərinə baxırdım. Hindistan filmləri o zaman çox məşhur idi. Özümüzlə “can dəsmalı” götürüb, filmə baxmağa gedirdik. Ağlaşma başlayırdı. Bəzən də elə olurdu ki, film bitirdi. Elə oradaca yatıb, qalırdım. Dəcəl uşaqlardıq. Bütün günü ora-bura qaçıb, yorulurduq. Filmə baxanda da yatıb, qalırdıq. Bax, elə o filmlərə baxa-baxa kinoya, sənətə həvəsim yarandı və günlərin birində İncəsənət İnstitutuna gəldim.

– İnstituta daxil olanda dövlət imtahanında kimlər var idi?

– Dövlət İmtahanda Rza Təhmasib, Əzizağa Quliyev və Ənvər müəllim əyləşmişdi. Rza Təhmasib əlini hasasına qoyub dedi ki, “Oğlum, nə deyəcəksən?”. Bəxtiyar Vahabzadənin “Həyat, sən nə şirinsən” şeirini söylədim. Şeirin təsirli bir yeri var.

“Dünən bir qoca qarı, dilində ahu-zarı,

Bu dünyanın əlindən gəlmişəm zara dedi…

Ölmürəm ki, bir dəfə canım qurtara dedi…”

bu hissəni söyləyən kimi Rza Təhmasib “Bala saxla-saxla. Səhnədən düş aşağı” dedi. İnanın ki, ürəyim əsdi. Dedim yəqin yenə də məni qəbul etməyəcəklər. Axı, birinci il imtahandan keçməmişdim. Sonra ritmikamı yoxladılar. Yaxşı etüd hazırlamışdım. Onu da göstərdim və mənə 4 (yaxşı) yazdılar.
– Fərhad müəllim, imtahana harada hazırlaşmışdınız? Etüd hazırlamaq, şeirlərini seçmək… Sizə kim kömək etmişdi?

– Hə, indi onu deyim. Axı məni birinci il imtahandan kəsmişdilər. 1973-cü ildə İnstituta qəbul imtahanından keçmədikdən sonra kəndə qayıtmaq istəmədim. Baxmayaraq ki, başqa ali məktəbə də sənəd verə bilərdim. Hərdənbir ürəyimdən müstəntiq, həkim olmaq da keçirdi. Amma sənətə olan sevgi daha böyük idi. Kəndə qayıtmayıb, Bakıda qaldım. Əhmədlidə avtomobil ehtiyat hissələri zavodu var idi. O zavodda işə başladım. Orada mənim kəndçilərim işləyirdi. Onlara dedim ki, kəndə getmək istəmirəm. Məni freyzer dəzgahında çox aşağı maaşla, şagird kimi işə götürdülər. Zavodun yataqxanası da vardı. Dəzgahda çalışırdım. Əllərimə dəmir qırıntıları dolurdu. Əllərim tikanlı zəncirə oxşayırdı. Axşam yatanda yorğanı çəkə bilmirdim. Yaşadığım yataqxananın yanında bir zamanlar H.Z.Tağıyevin toxuculuq kursları olan bina var idi. Orada isə Dram dərnəyi fəaliyyət göstərirdi. Dram dərnəyinə Gənc Tamaşaçılar Teatrının aktyoru Əlizaman Qasımov rəhbərlik edirdi. Beləliklə, həmin dərnəyə getməyə başladım və yavaş-yavaş püxtələşdim. Bizim institutun axşam şöbəsində Mürvət adlı gitara ifaçısı oxuyurdu. Mürvət, Ceyranbatan Mədəniyyət Evində “Toy” komediyasını hazırlayırdı. Mənə Surxay rolunu vermişdi. Həmin məşqlər, həvəskar tamaşalar mənə çox şey öyrətdi. Etüd və şeirlərin hazırlanmasında Mürvətin köməyi çox oldu. Mən onun köməyini hər dəfə qeyd edirəm və heç vaxt unutmaram. Sizin mənə verdiyiniz sualı imtahanda da məndən soruşmuşdular. Bəlkə başqası kimin kömək etdiyini deməzdi. Amma mən, dedim. Bəlkə elə düzünü dediyimə görə, mənə 4 (yaxşı) yazdılar.

– Qəbul olub, Ədil müəllimin kursuna düşdünüz?

– Bəli, qəbul oldum və bir həftədən sonra gəlib siyahıya baxıb, öz adımı görəndə sevincimdən yaşadığım hissi sözlərlə deyə bilmərəm. Zavoda, direktorun yanına getdim və İncəsənət İnstitutunun aktyorluq fakültəsinə qəbul olunduğumu dedim. Nurani adam idi. Çox sevindi. Məni təbrik elədi və əmrimi yazdı. Zavoddan ayrıldım və artıq tələbə kimi rayona getdim. Evə çatmağa bir az qalmış, teleqram vurdum. Atam çox sevinmişdi. Fəxr edib ki, oğlum, Bakıda öz gücünə ali məktəbə qəbul olunub. Ailədə hamı sevinmişdi. Rəhmətlik nənəm məni çox istəyirdi. Aktyorluğa daxil olduğumu eşidəndə dedi ki ” Sən Allah, artist olma” (gülür). Elə bilirdi müğənni olacam. Nənəm rəhmətlik, Telman Adıgözəlovla məni səhv salırdı. Cavanlıqda Telmanla biri-birimizə zahirən oxşayırdıq. O zamanlar televizorlar kiçik ölçülüydü. Nənəm də yaşlı adam, həm də gözləri zəif görürdü. Hər dəfə Telman Adıgözəlovu göstərəndə nənəm elə bilirmiş ki, mənəm. Televizorun ekranını qucaqlayıb, öpürmüş ki: “Mənim balamı göstərirlər”. Hər dəfə kənddən Bakıya qayıdanda atam mənə pul verirdi. Nənəm dayanıb gözləyirdi. Atam, pulu verib içəri keçən kimi nənəm məni qucaqlayıb, öpürdü. Əlini boynuma sarıb, öz təqaüdünü mənim cibimə qoyurdu. İstəmirdi ki, şəhərdə korluq çəkim. Nənəm məni hədsiz çox istəyirdi. Hər dəfə kəndə gələndə pəncərənin qarşısında dayanıb, yolumu gözləyirdi. Heç xəbəri olmasa da, deyirdi ki: “Gecə yuxumu qarışdırmışdım. Ürəyimə dammışdı ki, sən gələcəksən”. Nənəm çox gözəl, xanım-xatun qadın olub. Həmişə siqaret çəkərdi.

– Köhnə qadınlar siqaret çəkirdilər. Yadımdadır…

– Nənəmin siqaret çəkməyinin xüsusi kədərli səbəbi var idi. Cavan qızı faciəli şəkildə həlak olmuşdu. Güllə ilə başından vurub, öldürmüşdülər. Nənəm və anam xalamla bağlı o dəhşətli səhnəni heç zaman unuda bilmədilər. Ona görə də nənəm həmişə dərdli olurdu. Sinəsinə cavan bala dağı çəkilmişdi… Nənəm rəhmətə gedəndə Mingəçevirdə işləyirdim. 8 mart münasibətilə nənəmin portretini çəkdirmişdim. Qismətə baxın ki, martın 8-nə qədər nənəm dünyasını dəyişdi. Yağlı boya ilə işlənmiş o gözəllikdə portret isə məndə qaldı. Mətləbdən yayınmayım. Deməli, mənim ustadım Ədil İsgəndərov olub. Bununla bağlı sizinlə danışmışdıq. Allah ona qəni-qəni rəhmət eləsin. Ədil İsgəndərovun son kursunun tələbələrindən biri mən olmuşam. Sizə deyim ki, ən sevimli tələbələrindən olmuşam. Kurs yoldaşlarım da, Ramiz Novruz, Nurəddin Mehdixanlı, Səidə Quliyeva, Şəfəq Əliyeva, Bəxtiyar Xanızadə, Rafiq İbrahimov, Ulduzə Nəsirova, Midhət Aydınov və başqaları. Biz eyni kursda təhsil almışıq.

– Maşallah. Hamısı da tanınmış sənətkarlardır.

– Elədir. Yaxşı oxuyub, qurtardıq. Hər kəs teatrlara təyinat aldılar. Mən isə azad təyinatla hərbi xidmətə getdim. Çünki azad təyinatda gərək özün-özünə iş axtaraydın.

– Bəs siz niyə azad təyinat götürdünüz?

– Ağdama getmək istəmədim.

– Hə, sizi Ağdam Teatrına göndərirdilər?

– Bəli. Təyinatımı Ağdam Teatrına vermək istəyirdilər. Amma alınmadı. O zaman İnstitutun rektoru Aslan Aslanov idi. Hamı onun otağına getdi və təyinatlarını alıb, geri qayıtdılar. Qaldıq 3 nəfər biz.

– Biz, yəni kimlər?

– Mən, Ramiz Novruzov və Fazil Cəlilov. Fazil, sonradan sənətdən tamamilə ayrıldı. Deyəsən, Bəxtiyar Xanızadə də bizimləydi. Ədil müəllim Aslan Aslanovun yanındaydı. Bizə baxıb dedi ki, “Aslan müəllim, mən istəyirəm bu məzunlar Bakıda qalsınlar. Onları pərvazlandırmaq istəyirəm”. Bu sözü eşidən Aslan müəllim: “Hə, yaxşı fikirdir” deyib, “Oğul, gəl Ağdama qol çək” dedi. Ədil müəllimin üzünün ifadəsi dəyişdi. Çünki o boyda kişinin sözünü yerə saldılar. Sözü keçmədi deyə, pis oldu. O, doğrudan istəyirdi ki, biz Bakıda qalaq. Ədil müəllimlə bağlı bir haşiyə çıxacam. Ədil İsgəndərovda o qədər həssaslıq vardı. Hamımız kasıb uşaqlardıq. Ədil müəllim də çay içməyi xoşlayırdı. Bəzən uşaqlardan birini çay almağa göndərirdi və iri pul verirdi. Uşaqlar gedib, çayı alıb gətirirdilər. Pulun qalığını da Ədil müəllimə qaytarmaq istəyirdilər. Heç vaxt pulun qalığını götürmürdü. Deyirdi ki, “Qadam, onu mənə göstərmə”. 1976-cı ildə ikinci kursda oxuyurduq. Ədil müəllim, bizim kursun əksər tələbələrini yarımştat Tədris Teatrına aktyor kimi işə qəbul etdi. 40 manat maaş alırdıq. 40 manat da tələbə təqaüdümüz idi. O dövrdə tələbəyə bundan artıq nə ola bilərdi? Tədris Teatrında bizim iştirakımızla Səməd Vurğunun “Xanlar” tamaşasını hazırladı. Mən, Məşədi Əzizbəyovu, Ramiz Novruzov Fioletovu, rəhmətlik Ədalət Ziyadxanov isə Xanlar obrazını ifa etdik. O, kişinin sözünə elə dəyər verirdik ki, hətta tamaşanın bir səhnəsini daha inandırıcı alınsın deyə gedib, qəbiristanlıqda məşq etmişdik. Deməli, Xanları güllələyirlər. Və onun dəfnində inqilabçılar nitq söyləyirlər. O səhnə üçün Xanların həqiqi qəbrini tapıb, oraya getdik. Məzar indiki Bibiheybət məscidinin yaxınlığındaydı. Ramiz Novruzla ora getdik və həmin səhnəni Xanların məzarı başında oynadıq ki, səhnədə ifa edəndə çox inandırıcı alınsın.

– Bu təşəbbüs özünüzün idi?

– Bəli, təşəbbüs bizim idi. Amma rəhmətlik Ədil müəllim, bizi elə inandırmışdı ki, hər kəs ifa etdiyi obrazı gerçək sayırdı. Şəxsən mən, elə bilirdim ki, həqiqi Məşədi Əzizbəyovam. Tamaşanın fotolarını gətirmişəm. Sizə göstərəcəm. Sözümü ona gətirirəm ki, bizi o qədər çox istəyirdi ki, tətilə gedib, qayıdanda Tədris Teatrında yenidən aktyor ştatında işə bərpa etdirirdi. Ədil müəllim, bizi qorudu, bizlərə kömək oldu. Mənim bir ayaqqabım vardı. Həmin ayaqqabını 4 il geyindim. Kasıbçılıq idi. Ayaqqabı o qədər möhkəmiydi, dağılmaq bilmirdi. Axırda dəbdən düşdü deyə, onu özüm atdım. Bu sözümü nəyə gətirirəm. Ədil müəllim, “Xanlar” tamaşasını hazırlayanda bizimlə rol bölgüsünü etdi və sonra hamımız rayona getdik. Tətildən sonra qayıdıb gələndə, Ədil İsgəndərovu Tədris Teatrının qarşısında İsmayıl Osmanlı ilə söhbət edərkən gördüm. Yaxınlaşıb, salam verdim. Mənə baxıb dedi ki, “Qadam, sənə hinduşka kababı yedirməyiblər ki, belə arıqlayıb gəlmisən?” Çünki üzdən çox arıqlamışdım. Əzizbəyova oxşarlığım azalmışdı. Hətta tamaşada üzümə podklatka (alt qat) qoyub, üzərindən qrim edirdilər ki, bir az kök görünüm. Bunu deməkdə məqsədim odur ki, Ədil İsgəndərov gözünün tutduğu adamın sona qədər arxasında dayanardı.

– Fərhad müəllim, sizin təyinatınızı əyalət teatrına verdilər deyə, getmədiniz. Kurs yoldaşlarınızın paytaxtın ən gözdə teatrlarında qalmasının, bu “ögey-doğmalığın” xüsusi səbəbi var idi?

-Təbii ki, müəyyən məsələlər var idi. Məsələn, mənim qrup yoldaşlarımdan bir neçəsi “26-lar Mədəniyyət evi” deyilən yerdə Dram Dərnəyinə gedirdilər.

– Lütfi Məmmədbəylinin rəhbəri olduğu Xalq Teatrı.

– Bəli. Həmin Xalq Teatrına gedirdilər. Ədil İsgəndərovun tələbəsi ola-ola həmin Xalq Teatrında tamaşalarda oynayırmışlar. Bir çoxumuzun bundan sonralar xəbəri oldu.

Mosfilm

-Ədil müəllimin isə bu hərəkət xoşuna gəlmirdi…

-Təbii ki, xoşuna gəlmirdi. Bu məsələni eşidən Ədil müəllim Xalq Teatına gedən tələbələrinə qarşı soyuq yanaşırdı. Sonradan onların Azdramaya təyinat almaları birbaşa Lütfi müəllimin yaxından köməkliyi sayəsində oldu. Mənim paxıllığım yoxdur. Allah ondan da artıq eləsin.

Mosfilm

– Fərhad müəllim, bəs siz niyə onlara qoşulub Xalq Teatrına getməmişdiniz?

-Siz nə danışırsınız? Ədil İsgəndərov kimi müəllimi, ustadı qoyub mən ora gedərdimmi? O, müəllim gəlib Ədil İsgəndərovdan öyrənməliydi. Ədil müəllim mənim gözümdə Allah kimi ucadaydı. Onu o qədər çox sevirdik ki, özünün sağlığında Ədil İsgəndərov adına Teatr yaratmaq istəyirdik. İstəyirdik ki, onun adı əbədi yaşasın.

-Şükürlər olsun ki, Ədil İsgəndərovun adı əbədi yaşayır. Fərhad müəllim, sizin hər kəsdən gizli saxladığınız müqəddəs sirrin üstünün açılması məqamı gəlib…

-Hə, məni gətirib o məqama çatdırdınız. Deməli, 1978-ci ilin sentyabr ayı idi. Artıq İnstitutu bitirib, diplomu almışdıq. Tədris Teatrında oturmuşdum. Birdən kimsə gəlib dedi ki: “Ədil müəllim, rəhmətə gedib…” Dəhşətə gəldim. İnana bilmirdim ki, belə bir iş ola bilər. Dedilər ki, dəfn mərasimi İkinci Fəxri Xiyabanda olacaq. “Baksovet metrosu”nun qarşısında avtobuslar təşkil edilmişdi ki, rahatlıqla dəfndə iştirak edə bilək. Həmin gün Brejnev Bakıya gəlmişdi. Ona görə də çalışırdılar ki, şəhərdə çox sıxlıq yaranmasın. O an mənə elə gəlirdi ki, Ədil müəllimi məndən çox istəyən adam yoxdur. Sanki o birilər qonaq gedir, amma mən ən əziz adamımın dəfninə gedirəm.

– Bu hiss mənə də tanışdır… Bəs avtobusu kim təşkil etmişdi?

– İndi yadımda qalmayıb. Bəlkə institut təşkil etmişdi, bəlkə də teatr… Yadımda deyil.

– Avtobusda kimlər var idi?

– İnanırsınız ki, tam yadımda deyil. Əbdül Mahmudov, Ənvər Həsənov və Elxan Qasımov yadımda qalıb. Başqaları yadımda deyildi. Şok vəziyyətindəydim. Əvvəlcə Ədil müəllimin cənazəsinin aparıldığı “Leçkomissiya”ya getdik. Ədil müəllimin nəşi yarılmaq üçün ora aparılmışdı. Biz də ora getmişdik. İçəridən həkim çıxdı və Ədil müəllimin paltarlarını soyundurmaq üçün bir-neçə nəfəri otağa dəvət etdi. Mən və Ramiz Novruzov içəri keçdik. Üçüncü adam da var idi. Amma indi onu xatırlamıram. Ədil müəllimin sağlığında ona barmağımızın ucunu toxundurmağa belə cəsarət etmirdik. İndi isə onun paltarlarını soyundurmalıydıq.

– Bəs, qardaşı oğlu Elxan İsgəndərov orada yox idi. Niyə ailədən, doğma adamı deyil, sizi, yəni tələbələrini içəri dəvət etdilər?

– İçəri keçən biz olduq. Şükür Allaha ki, mən də, Ramiz Novruzov da sağ-salamatdır. Onlardan da soruşa bilərsiniz. Amma Elxan İsgəndərovu mən görməmişdim. Daha doğrusu görsəm də, tanımırdım. Ədil müəllimin qızları yadımdadır. Özünə oxşayan iki qızı var idi. Dəfndə, Fəxri qaravulda görmüşdüm. Nə isə… Söhbətdən yayınmayım. İkimiz morqa keçdik. Orada müxtəlif tibbi ləvazimatlar, qayçılar və s. var idi. Ədil müəllimin nəşi uzun dəmir stolun üzərindəydi və onun tələbələri, yəni ikimiz onu soyundurduq. Kürəyinin arxa tərəfi qaralmışdı.

-Danışırsınız, çox pis oluram. Ədil İsgəndərovun ürəyi partlayıb, daha doğrusu tromb partlayıbmış…

– Elədir. Yana-yana kişinin çiyninə, kürəyinə baxdıq və Ramizə dedim ki, “Bu kişi bizim ustadımız idi. O, da getdi. Bu kişidən son olaraq bizə yadigar olaraq nəsə qalmalıdır”. Və qayçını götürüb, Ədil müəllimin gümüşü saçlarından bir neçə tel kəsdim. Mənə belə gəlir ki, Ramizdə də olmalıdır. Amma mən bu günədək həmin saçları balaca kibrit qutusunun içərisində saxlayıram.

– Mənə göstərə bilərsiniz?

– Yanımda deyil. Amma Tovuzda ata-baba yurdumda, xüsusi əşyalarımın içində saxlayıram. Ustadımdan mənə qalan o müqəddəs yagigarı ilk olaraq sizə göstərəcəm. Deməli, Ülviyyə xanım… Cənazəni soyundurub, çıxdıq. Sonra həkimlər öz işlərini gördülər. Daha sonra Ədil müəllimi təcili yardım maşınına qoyub, vida mərasiminə gətirdilər. Həmin maşına mən də mindim. Tibb bacısının yanında oturdum və bütün yolu gözlərimi Ədil İsgəndərovun üzündən çəkmədim. Tibb bacısı yaşlı qadın idi. Soruşdum ki, “Müəllimin ölümü nədən olub?”. İnfarkt olduğunu dedi və əlavə etdi ki, “Bu kişinin daxili 90 yaşında adamı xatırladırdı”. Yəni daxili orqanları çox qoca adamı xatırladırmış. Ədil müəllimi vaxtsız qocaldanlar, ürəyini partladanlar oldu.

Mosfilm

– Çox kədərli hadisədir.

– Bəli. Kədərlidir. Amma faktdır. Belə hərəkət etmək mənim haradan ağlıma gəldi? Səhv etmirəmsə, Səməd Vurğunun ev muzeyində olanda görmüşdüm. Şairin saçından saxlamışdılar. Mən də istəyirdim ki, ustadımdan mənə nəsə qalsın. İnsana bir köynək yaxın olmaq məsələsi deyilər. Bax, bu köynəkdən də yaxın məqamdır. Bəlkə bir gün Ədil İsgəndərovun muzeyi yaradılar. Mən də həmin gümüşü telləri ora hədiyyə edərəm.

– İnanmıram ki, bundan sonra muzeyini yaradalar. Yaşadığı ev çoxdan satılıb. Muzeyi harada açılacaq… Fərhad müəllim, böyük kişilərə gərək ya ailəsi və yaxud da Dövlət sahib çıxa… O evi vaxtında Dövlət alıb, muzeyə çevirməliydi… Nə isə, kədərləndik, kövrəldik. İndi isə söhbətimizə qaldığı yerdən davam edək.

– Hərbi xidmətdən qayıdandan sonra bir müddət tramvay-trolleybus parkında nəzarətçi işləmişəm. Oranın müdiri Sabir müəllim bir gün məndən soruşdu ki: “Oğlum, haranı bitirmisən?” Dedim ki, “İncəsənət İnstitutunun aktyorluq fakultəsini” Dedi: “Bəs nəyə görə ixtisasına uyğun işləmirsən?”.Dedim ki: “Özümə uyğun iş tapmıram”. O, məni birbaşa “Azərbaycanfilm” kinostudiyanın o zamankı direktoru Cəmil Əlibəyovun yanına göndərdi. Dedi ki, “Səhər gedərsən onun yanına, sənə kömək edər”.

– Tramvay-trolleybus Parkının direktoru Cəmil Əlibəyovu haradan tanıyırdı?

– Sən demə dostluq münasibətləri varmış.

– Yaxşı təsadüfdür.

– Təsadüfdən çox, qismət imiş. Cəmil Əlibəyovun yanına getdim. Mənimlə söhbət elədi. Azad təyinat aldığımı, sonra əsgərliyə gedib qayıtdığımı, bir sözlə vəziyyəti ona danışdım. Mühasibatlığa zəng etdi. Həmin gün mənim əmrimi verdi. Beləliklə, kinostudiyada çalışmağa başladım. Amma vaxt ötdükcə görürdüm ki, yalnız kiçik rollara çəkilirəm. Epizodlarda oynamaqdan bezmişdim. Ən yaddaqalan epizodum “Üzeyir ömrü” filmində ifa etdiyim Ağalar bəy Əliverdibəyov obrazı oldu.

– Epizod olsa da, yadda qalıb.

– Elə deyirlər. Sonra Oqtay Mirqasımovun “Şeytan göz qabağında”, “Gümüşü furqon” filminə çəkildim. Artıq filmlərdə epizodlara çəkilməkdən bezdim.

– Təbii ki, bezərdiniz. Sizinlə eyni kursda oxuyan yoldaşlarınız artıq məşhur aktyorlar olmuşdular.

– Hələ o zaman məşhur deyildilər.

– Hər halda məşhurluq yolunda irəlləyirdilər. Akademik Dram Teatrına təyinat alıb, gedən tələbə yoldaşlarınız var idi. Amma sizi Ağdam Teatrına göndərmişdilər. Ağdama getmədiyinizə görə, peşiman deyildiniz?

– Qətiyyən. Mənim əyalət teatrında işləmək fikrim yox idi. Rəhmətlik, Ədil müəllimin sözlərini xatırlayırdım ki, “Mən sizi pərvazlandıracağam”. Mən də Bakıda qalıb, pərvazlanmaq istəyirdim. Bir məsəl var. “Balıq dəryada yetişər” Əyalət Teatrında gedib 30 il işləyərsən. Bəlkə 30 ildən sonra səndən nəsə çıxar. Məni öldür, amma bu belədir. Azdramaya gedən aktyorlarımız, mənim tələbə yoldaşlaşlarım birbaşa relsin üzərinə düşdülər. Ətraflarında gör kimlər vardı? Ağasadıq Gəraybəyli, Hökumə Qurbanova, Həsənağa Turabov və kimlər, kimlər… Onların içində sən sözsüz ki, bişməlisən. Başqa yolu yoxdur.

Mosfilm

– Siz də Azdramaya getmək istəyirdiniz?

– Mən iş axtaranda, (hələ onda tramvay-trolleybus parkına getməmişdim) Ağakişi Kazımovun yanına getdim. Ağakişi Kazımov Gənc Tamaşaçılar Teatrının baş rejissoruydu. Məşq edirdi. Yanında oturub, özüm haqqımda məlumat verdim və işə düzəlmək istədiyimi bildirdim. Üzümə belə baxmadan dedi ki: “Ştatda yerimiz yoxdur”. Tamam ruhdan düşdüm. Heç israr da etmədim. Qalxıb getdim.

Bir müddət kinostudiyada çalışdım. Dublyajlarda iştirak edirdim. “Mozalan”da çəkilirdim. Yaşar Nurinin məşhur metro “Mozalan”ı var. Qapını çırpıb, gedir. Orada qapını ilk çırpıb, çıxan mənəm. Həmin dövrdə Özbəkistanda “Alovlu yollarla” adlı 17 seriyalı film çəkilirdi. SSRİ dövründə ən böyük bədii filmlərdən biriydi. Filmin rejissoru Şöhrət Abbasov idi. Filmdə Tariyel Qasımov, Mayak Kərimov, Şəmsi Şəmsizadə, Bahadur Əliyev və mən çəkilirdim. Mənim rolum böyük deyildi. Amma işgüzarlığım, çalışqanlığım Şöhrət Abbasovun xoşuna gəlmişdi. Mənə “Özbəkfilm”də qalmaq təklifi etmişdi. Bakıya qayıdıb, gələndən sonra kinostudiyada baş verənlər, təklif olunan epizodik obrazlar, mühit məni sıxmağa başladı. Şöhrət Abbasovun təklifini düşünürdüm. O ərəfələrdə şəxsi həyatımla bağlı bir problem yaşadım. Hər şey üst-üstə gəldi və qərar verdim. “Özbəkfilm”ə getdim.

– Neçənci ildə?

– 1982-ci il. “Özbəkfilm”ə gedən kimi məni ştata götürdülər. Orada 4 bədii filmə çəkildim. Amma il başa çatmadan qardaşım zəng edib, atamın vəziyyətinin pis olduğunu dedi və kəndə qayıtmağımı istədi. Şöhrət Abbasov məni buraxmaq istəmirdi. Çox ağayana kişiydi. Amma atamın xəstəliyi ağır idi. Xərçəngdən əziyyət çəkirdi. Mən kəndə qayıtdım. Qısa müddətdən sonra atam vəfat elədi. 6 ay kənddə, anamın yanında qaldım. Məni kənd klubuna da yaxın qoymurdular.

– Niyə?

– Yəqin düşünüblər ki, direktor olmaq istəyərəm. 8-ci sinifi qurtaran bir adamı kənd klubuna direktor qoymuşdular. Tərəfkeşlik, qohumbazlıq… Mən də işsiz qala bilmirəm axı? Ali savadlı adamam. Gördüm ki, yox, belə olmayacaq. Artıq ailə də qurmuşdum. Atam dünyasını dəyişməzdən 10 gün əvvəl mənə toy elədilər. Şükürlər olsun ki, toyumu gördü. Belə işsiz günlərimdə İnstitut yoldaşım Kifayət Əliyevadan məktub aldım. Yazmışdı ki, “Mingəçevirdə Zülfüqar Abbasovla danışım, gəl, burada işlə”. Mən də işsiz adam Mingəçevirə getdim. Əvvəlcə aktyor kimi çalışdım. Sonra isə Mingəçevir Teatrında ədəbi-hissə müdiri oldum. Mingəçevirdə 1984-cü ildən 1996-cı ilə qədər yaşadım. 6 il Mingəçevir Teatrında işlədim. 1990-cı ildən isə teatrdan çıxıb, N.Nərimanov adına Mingəçevir Mədəniyət Evində direktor vəzifəsində çalışdım. Orada mənə ev verdilər. Mingəçevir Mədəniyyət Evinin direktoru olanda çoxsaylı mədəni-kütləvi tədbirlər keçirdim. Çox işlər gördüm. Sonra da vəziyyət xarab oldu. Ağır günlər başladı. O illərdə əslində, hamı mənim günümdəydi. Sənət qurban tələb edir deyirlər, ancaq daha qurban veriləcək heç nəyim qalmamışdı. “Əlvida, səhnə!” deyərək doğulduğum Tovuz rayonunun Eyyublu kəndinə qayıtdım. Burda da vəziyyət eyniydi. Elman adında bir əmim oğlu vardı, Rusiyanın Kemerov şəhərində işləyirdi. Yolun yarısını qonşumuz Əlinin “Kamaz” maşınında, yarısını qatarla onun yanına getdim. Üz tutdum bazara, meyvə alıb satmağa. O qədər sıxılırdım ki. Ancaq başqa çarəm yox idi. Bir qalstukum vardı, onu boynumdan açmırdım, guya ziyalılığımı, mədəniliyimi qoruyub saxlamaq istəyirdim. Hiss etdim ki, qalstuklu alverçiyə baxıb xəlvətcə gülüşürlər. Atmağa heyifim gəldi, onu açıb elə gizlətdim ki, heç indi də tapa bilmirəm. Yalnız onunla təsəlli tapırdım ki, burda “ziyalı” alverçi tək mən deyildim, ətrafımda müəllim də vardı, həkim, mühəndis, hətta elmlər namizədi də vardı. Onlar da mənim kimi ailələrinə çörək qazanmağa gəlmişdilər. Az-çox pul əldə edirdim, ancaq içimdə boğulmaqda olan sənət arzularım əzab verirdi mənə. Rusiyada 6 il vaxtım itib. 3 il Kemerovda 3 il Surqutda.

Mosfilm

– Sonra da Moskvaya gəldiniz…

– İçimdə boğulan sənət məhəbbətimdən çox, Ədil müəllimin ümidlərinin, zəhmətinin hədər getməsi mənə heç dinclik vermirdi. İqtisadi vəziyyətim bir qədər düzəlmişdi, ailəmi də gətirmişdim yanıma. Ürəyimin dərinliklərində gizlətdiyim sənət arzularım elə bil yenidən dirçəlməyə başlayırdı, tufandan, borandan sonrakı təbiət kimi. Yuxularımda elə hey özümü səhnədə görürdüm, ekranlarda görürdüm. Bir klub, dərnək də varsa axtarırdım ki, heç olmasa azarımı öldürüm. Ancaq Kemerovda belə bir yer tapa bilmədim. Həm də bura çox soyuq idi. Surquta, sonra da Moskvaya köçməli olduq. Eh, bu yollarda nə qədər əzablar, zülmlər çəkmişəm. Kemerovdan Surquta gələrkən qarşılaşdığım dəhşətli hadisəni heç zaman unuda bilməyəcəyəm. Yoldaşım, iki övladım və mən qışın sərt bir vaxtında “Qazel” lə yola çıxdıq. Maşını da özüm sürürdüm. Hər iki tərəfi adam boyda qara bürünmüş bitib-tükənməyən bir yol, nə gələn var, nə gedən. Ön şüşə buz bağlayıb. Nəfəsimlə isidərək balaca bir yer açıram ki, qabağı görə bilim. Maşının sobası var gücü ilə işləyir, ancaq heç qızına bilmirik. Bu da azmış kimi birdən maşın yerində donub qaldı. Düşündüm, vəssalam, işimiz bitdi. Yeganə bir ümid vardı, maşının təkərlərini çıxardıb bir-bir yandırmaq, bir az isinmək. Bəlkə bu vaxtacan yoldan bir maşın gəlib keçərdi, bizə kömək edə bilərdi.Bu məqsədlə yerə düşdüm. Külək adamı yıxırdı. Birdən ağlıma gəldi ki, o qədər başım çıxmasa da, qoy bir kapotu qaldırıb baxım. Gördüm ki, su şlanqı partlayıb. Sevincdən canıma hərarət gəldi. Bir köhnə şlanq vardı, onu saldım, ancaq sıxıb bağlamağa xamıt yox idi, bir qırıq məftil də tapa bilmədim. Ləngidiyimi görən həyat yoldaşım kabinədən düşüb yanıma gəldi. Gözüm onun başındakı şalın altından işıldayan saç sancağına sataşdı. Elə bil qaranlıqdan işığa çıxdım. Sancağı kəlbətinlə sıxıb şlanqı yerinə bağladım, yolumuza davam etdik. Təsadüfə bax, əgər yoldaşım düşüb yanıma gəlməsəydi, o saç sancağını görməsəydim, bəlkə də biz hamımız orda yağmaqda olan qarın altında donub qalacaqdıq…

Sonra Moskvada kirayəyə bir daxma ev tutdum. Günüm yenə bazarda keçirdi. Boş vaxt tapan kimi mədəniyyət evlərini, teatrları gəzirdim ki, bəlkə sənətimə uyğun bir iş tapdım. Rus dilli olmadığıma görə heç yerdə məni yaxına buraxmırdılar.

-“Mosfilm”ə gəlişinizdən əvvəl Azərbaycanda iki seriala çəkilmisiniz. Uzun illərdən sonra bu necə baş verdi?

– Təklif, tələbə dostum Midhət Aydından gəldi. Bir gün Məhərrəm Bədirzadənin “Ünvansız eşq” adlı serial çəkdiyini dedi. Və əlavə etdi ki, “Orada bir rol var. Onu ifa edərsən?” Təbii ki, məmnuniyyətlə razılaşdım. Bu serialdan əvvəl isə “Gürzə” adlı televiziya filmində kiçik obrazım olmuşdu. Beləliklə, “Ünvansız eşq”ə çəkildim və Rusiyaya qayıtdım. Film televiziya ilə nümayiş ediləndə, ailəliklə oturub, seriala tamaşa edirdik ki, birdən qızım “Ata, ekranda çox yaxşı görünürsən. Sən niyə filmlərə çəkilmirsən? Bəlkə yenidən sənətə qayıdasan?!” dedi. Qızımın bu sözlərindən sonra elə bil ruhlandım. Onun təkidilə “Mosfilm”ə şəkil verdim, ali təhsilim haqqında, bəzi filmlərə çəkilməyim, teatrda rollar oynamağım barəsində də qısaca məlumat yazdım.

– Allah, qızınızdan razı olsun. Deməli, sizin yenidən sənətə qayıtmağınızın səbəbkarı odur.

– Qızım olmasaydı, onun məni ruhlandıran sözləri olmasaydı, bu fotolar “Mosfilm”ə gedib, çıxmayacaqdı. Deməli, fotoları “Mosfilm”ə göndərməyimdən 3 il keçdi. Heç bir xəbər çıxmadı. Tamamilə əlimi üzdüm. Fikirləşdim, eh, Allah bilir, hara atdılar şəklimi, yazdığım məlumatı. Düşündüm ki, bu sonuncu həmləydi. Alınmadısa, demək bitdi.

– 3 il heç bir xəbər olmadı?

– Yox. Nəvəmin yaşı idi. Evdə bir neçə qonaqla oturub balaca şadyanalıq edirdik. Birdən telefonum zəng çaldı. Özünü Saşa kimi təqdim edən birisi məni yeni bir filmin çəkilişi ilə əlaqədar sabah “Mosfilm”ə gələ bilib-bilməməyimi soruşdu. Elə güman etdim ki, tanışlardan kimdisə mənimlə məzələnir. Öz dilimizdə ona kobud bir cavab verib dəstəyi qoydum. Bir müddət keçincə Saşa dediyimiz yenə zəng etdi, narahatçılığa görə üzr istəyərək bayaq heç nə anlamadığını söylədi və bildirdi ki, sabah mütləq kinostudiyada olmalıyam. Yox, deyəsən bu zarafata oxşamıdı. Səhəri günü məlum oldu ki, “Yasmin” serialı üçün sınaq çəkilişləri başlanıb, məni də əvvəlcə Səlim roluna, sonra isə İbrahim roluna yoxladılar. Rolların təsdiqi düz dörd aya qədər uzandı. Bu müddətdə, bir Allah bilir, nə hisslər keçirdim. Gözüm telefonda qalmışdı, düşünürdüm, bəlkə bu gün zəng edərlər, ya sabah zəng edərlər, hansı rola təsdiq olunmağımı xəbər verərlər. Ümidim təmiz üzüldü, fikirləşdim, yəqin məni çəkəsi olmadılar. Nəhayət bir axşam gözlədiyim zəng gəldi. “Yasmin”in kasting direktoru Qalina Alekperovna idi. Əvvəlcə əhvalımı soruşdu. Özümü sındırmadan dedim ki, yaxşıyam. Sonra dedi, indi lap yaxşı olacaq. Məni İbrahim roluna təsdiq etmişdilər, sabah çəkilişlər başlayırdı. Bütün ömrüm boyu belə sevindiyim olmamışdı. İnan ki, səhərə qədər yata bilmədim. Zarafat deyildi, 200 seriyalı bir film idi. Düzdü, çəkilişlər 62-ci seriyadan sonra dayandırıldı, ancaq bu 62 seriya qısa bir müddətdə çox uğurla çəkildi. Filmin 25 seriyası Moskvanın Birinci kanalı ilə nümayiş olundu, YOUTUBE portalında yerləşdirildi. Bu sevincimin əsas səbəbi yalnız yeni yaradıcılıq yolunun açılması, maddi vəziyyətimin düzəlməsi deyildi.Demək, Allahım illərdən bəri ürəyimdə qovrulan çəkilmək həsrətini, yollarda, bazarlarda çəkdiyim əziyyətləri, sıxıntıları, işgəncələri unutmamışdı, bütün bunların əvəzi olaraq yetirmişdi bu fürsəti mənə. Çox ehtyat edirdim ki, sənətdən bu qədər gen düşdüyümə görə rolun öhdəsindən gələ bilməyəcəyəm. Tanrım yenə köməyimə çatdı, mənə gözləmədiyim bir güc, qabiliyyət verdi, ifam pis alınmadı. Bu filmdən sonra digər çəkilişlərə dəvətlər aldım, məni hətta ştata da götürdülər. Daha sonra filmdə çəkilmək üçün başqa aktyor da lazım oldu. Mən də ilk olaraq Məhəmməd Verdiyevi çağırdım.

– Bizim Məhəmməd müəllimi…

– (Gülür) Bəli, siz onun haqqında yazmışdınız. Məhəmməd Verdiyev yəni Babəkin oğlu Buğday kimi tanınan Məhəmmədi dəvət etdim. Çünki, Məhəmməd o zaman Tver şəhərində yaşayırdı. Rusiyada mənə yaxın olan aktyor dostum idi. Məhəmmədlə bir zamanlar Kinostudiyada birlikdə çalışmışdım. Bu səbəbdən də “Yasmin” dəvət etmək üçün ilk ağlıma gələn aktyor Məhəmməd Verdiyev oldu. Sağ olsun, sizə verdiyi müsahibədə heç mənim adımı da çəkməyib. (Gülür)

Mosfilm

– “Yasmin” serialında bir qrup azərbaycanlı aktyorlar çəkilib. Amaliya Pənahovanı da sizin dəvətinizlə çağırmışdılar?

– Bəli. Məhz mənim dəvətimlə oldu. O serialda bizim aktyorların çəkilməsinin səbəbi türk obrazları ilə bağlı idi. Filmdə bir qrup türk aktyorları çəkilməliydi. Amma türk aktyorlarını dəvət etmək onlara çox baha başa gəlir. Amma bizimlə işləmək ruslara daha rahatdır. Çünki biz, türk dilini bilirik, özümüz də Azərbaycan türkləriyik. Türk dili ilə yanaşı rus dilini də bilirik. Türk aktyorları adi xırda epizoda 7-8 min dollar pul istəyirdilər. Ona görə də rus rejissorlar azərbaycanlı aktyorlarla işləməyə üstünlük verdilər. Dilimiz, adət-ənənələrimiz eyni olduğuna görə çəkildik. “Yasmin” serialında gücüm çatan qədər Azərbaycan aktyorlarının dəvət olunub, çəkilməsinə şərait yaratdım.

Mosfilm

– Fərhad müəllim, 2013-cü ildən “Mosfilm”də çalışırsınız. Maşallah, filmləriniz də sayı-hesabı yoxdur. Amma çəkildiyiniz bütün ekran işləri serialdır?

– Əsasən çoxseriyalı televiziya filmləri və seriallarda rol almışam. Rol aldığım “Kastıl” adlı bir bədii film var. Bilirsiniz, ruslar artıq bədii film çəkməyə o qədər də maraqlı deyillər. Çünki qazanc, qonorar seriallardadır. Ona görə də bütün rejissorlar serial çəkməklə məşğuldur. Aktyorlara da serialda çəkilmək qonorar baxımından sərf eləyir.

– Rusiyada yaxşı qonorar verirlər. Sizinlə onların aktyorlarına nə kimi fərq qoyulur?

– Çox gözəl qonorar verirlər. Düzdür, çəkildiyin rolun böyük-kiçikliyindən və yaradıcı yükündən asılı olaraq, pulun miqdarı da dəyişir. Bir də burada əsas məsələ səni təqdim edən menecerinin olmasıdır. Çünki, məni bütün rejissorlar tanımırlar axı?

– Sizin də meneceriniz var?

– Təbii ki. Burada onsuz olmaq. Menecerin işinin sayəsində mənim tanımadığım rejissorlarla ünsiyyətim yaranır. “Yasmin” serialına çəkiləndə qonorarım 15 min rubldan başlamışdı. O dövrdə yaxşı pul idi.

– Hər seriyaya?

– Yox, nə danışırsınız? Hər seriya üçün pulu Azərbaycanda verərlər. Rusiyada qonorar hər çəkiliş günü üçün, gündəlik ödənir. Əlavə olaraq, sənin üçün ayrılmış avtomobil və nahar verilir. Rusiyada aktyora elə şərait yaradılır ki, sən özünün dəyərli, hörmətli olduğunu görürsən, hiss edirsən. İndi isə qonorarlar daha da yaxşıdır. Elə filmlər var ki, günümə 50-60 min rubl qonorar alıram. Rusiyada iş çoxdur və ən əsası aktyora hörmət var. Əyninə geyinəcəyin ən adi köynəyə qədər alıb, verirlər. Əgər öz paltarınla çəkilirsənsə, amartizasiya pulu ödəyirlər. Çəkiliş saatından bir saat artıq qalanda onun pulunu əlavə ödəyirlər. Belə məsələlər Rusiyada yüksək səviyyədə həll olunub.

– Elə o münasibətdən qayıdaq bura. Bu illər ərzində sizin haqqınızda yazılır, danışılır. Rusiyada o qədər filmlərə çəkilirsiniz. Sizə bu illər ərzində bir zəng gəlməyib ki, bəlkə Bakıda bu və ya digər layihədə iştirak edəsiniz və ya Vətənimizin adını Rusiya kimi yerdə, o qədər ermənin arasında təmsil etdiyiniz üçün bəlkə sizə fəxri ad verilsin və başqa nəsə. Bir sözlə Azərbaycandan bir zəng, bir təklif olmayıb?

– Ay, Ülviyyə xanım. Siz nə deyirsiniz? Qətiyyən heç bir zəng, təklif olmayıb. 60 illik yubileyimdə Rusiya Kinematoqrafçılar İttifqaqının sədri Nikita Mixalkov mənə təbrik məktubu göndərdi. Rusiyada yubileyim qeyd olundu. Azərbaycandan heç kimin yadına da düşmədim.

Mosfilm

– Rusiyadakı səfirliyimiz sizdən xəbəri yoxdur? Birdən onlara nəsə bir işiniz düşdü, onda necə həll olunacaq?

– Allah eləsin ki, onlara heç bir işim düşməsin. Amma inandırım ki, Azərbaycanın Rusiyadakı səfirliyinin məndən xəbəri yoxdur. Heç sizin yazdıqlarınızı yəqin oxuyan da olmayıb. Mənim elə çətin günlərim olub ki, toya tamada kimi çağırıblar, getməmişəm. Baxmayaraq ki, o pula ehtiyacım olub. Özümə sığışdırmamışam. Çünki, mən özümü əskik hesab edərəm. Ədil İsgəndərovun tələbəsi tamada olmamalıdır. Mənə hər zaman elə gəlir ki, o kişi kənardan durub mənə baxır. Bilirsiniz, elə günlərimiz olub ki, soğan-çörək yemişik. Mən hələ tələbəlik illərini nəzərdə tuturam. Çörəyi tapmamışıq, soğanı duza batırıb yemişik. Tələbəlik dostum Midhət bilir. Bəzən kimsə ət bişirib, qazan qarışıq əti götürüb qaçırtmışıq. Sonra isə yiyəsindən halallıq almışıq ki, tələbəçilik idi. Ac olmuşuq. Belə günlərimiz olub. Amma indi bəzi tələbə dostlarım elə müsahibələr verirlər, elə danışırlar ki, guya yataqxanada birlikdə qalıb, soğan-çörək yeyən biz olmamışıq.

Mosfilm

– Sizinlə danışan tələbə yoldaşlarınız yoxdur?

– Var. Hamısı ilə mənim münasibətlərim yaxşıdır. Kimsə özünü dartıb, dağın başına qoyursa, o mənim problemim deyil. Məni Rusiyada tanıyırlar. İctimai nəqliyyatdan hərdənbir istifadə edəndə saxlayırlar, nəsə soruşurlar. Bunu duymaq, qərib ölkədə tanınmaq, hörmət qazanmaq insana qürur verir.

-Allah eləsin ki, doğma vətəninizdə də tanınıb, seviləsiniz. Tələbəlik illərində ən çox inanıb, yaxşı aktyor, rejissor olacağına ümid etdiyiniz yoldaşınız kim olub?

– Bəxtiyar Xanızadə o zamanlardan özünü göstərirdi. Həmişə hərəkətdəydi. Sonra Fazil Cəlilov yaxşı aktyor idi. Onun yaxşı gələcəyi vardı. Amma sənətdə qalmadı.

– Fərhad müəllim, ürəyinizdə bir teatr həsrəti, nisgili var. Hiss olunur. Əgər Bakıda qalsaydınız, hansı teatrda çalışmaq istəyərdiniz?

– Təkcə Azdrama. Orada çalışmaq istəyirdim. Gənc Tamaşaçılar Teatrının adı gələndə məndə elə bir təəssürat oyanırdı ki, orada yalnız uşaq tamaşaları oynamaq olar. O dövrdə elə fikirləşirdim. Amma indi bilirəm ki, Gənc Tamaşaçılar Teatrında başqa tamaşalar da oynanılır. Gənc Tamaşaçılar Teatrının Yusif Vəliyev, Firəngiz Şərifova, Əlizaman Qasımov, Süleyman Ələsgərov, Osman Hacıbəyov, Tariyel Qasımov, Yasin Qarayev və s. kimi nəhəng aktyorları olub. Amma Azdrama tamam başqaydı. Ona görə də hər bir gənc, Universiteti bitirdikdən sonra Azdramanın səhnəsinə düşmək istəyirdi.

– Mənə göstərdiyiniz fotoların içərisində M.K.Atatürkün şəklini görürəm. Böyük öndərin obrazını ifa edəcəksiniz?

– Ən böyük arzum M.K.Atatürkün obrazını ifa etməkdir. Şəkillərimin içində bu fotonun saxlamağım əbəs deyil. Arzusunda olduğum bəlkə yeganə obrazdır.

– Nəsə bir işıq ucu var?

– Ola bilsin. İnşallah.

– Özünüzü zahirən və daxilən Mustafa Kamal Atatürkə bənzədirsiniz?

– Çox. Hədsiz.

– Amma gözlərinizin rəngi mavi deyil.

-Əsas üz quruluşudur. Alın, çənə, üz, burun cizgiləri. Balaca oxşarlıq olanda gözün rəngin linza ilə dəyişirlər. Moskvada elə qrim ustaları var ki, azacıq oxşarlıq tapsalar, işi yüksək peşəkarlıqla həll edirlər. Siz mənim Səddam Hüseynlə bağlı çəkildiyim film haqqında yazmışdınız. Həmin filmin əslində mənimlə bağlı hissələri çəkilib bitmişdi. Amma montaj vaxtı mənim rolumun bir az böyüməsi ilə bağlı ehtiyac yaranıb. Həmin filmin rejissoru ingilisdir. Film ABŞ, İngiltərə və Rusiyanın birgə istehsalıdır.

– Sizin obrazınızın olduğu səhnələr çəkilib, bitmişdi. Yenidən əlavələr ediblər?

-Filmin çəkilişləri davam edirdi. Sadəcə mənim rolumla bağlı çəkilişlər bitmişdi. Amma yenidən məni çəkilişlərə dəvət ediblər. Bir həftəlik çəkiliş günüm olmalıdır. Artıq dəvət gəlib. Özü də çəkillişlərim İordaniyada olacaq. İndi həmin çəkilişi gözləyirəm.

Mosfilm

Fərhad Hüseynovla uzun, amma maraqlı söhbət etdik. Bu qədər söhbətdən sonra hələdə danışmadığımız mövzu, toxunmadığımız mətləblər qaldı.

Fərhad Hüseynov istedadlı aktyor, zəhmətsevər və sadə insandır. Onu elə beləcə də xatirimdə saxlayacam. Ümid edirəm ki, yaxın illərdə dogma Vətəninə qonaq kimi deyil, həmişəlik qayıdıb gələcək.

Söhbətimizin sonunda Fərhad Hüseynovun dediyi fikir müsahibənin leytmotivinə çevrilir.

“Bu sənət mənim canıma hopub. Məndən qopan deyil. Sənətə məhəbbətim, Vətənə məhəbbətim kimidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir