Kür qədər doğma yazıçı: İsmayıl Şıxlı

Mahirə HÜSEYNOVA
ADPU filologiya fakültəsinin dekanı, filologiya üzrə elmlər doktoru, professor
Birmənalı olaraq onu XX əsr Azərbaycan nəsrinin görkəmli nümayəndələrindən biri kimi qəbul edirlər.

O da ədəbiyyat tarixində və ədəbiyyatşünaslığımızda çoxlarının bəlkə də diqqət yetirmədiyi və yaxud diqqət yetirməyi lazım bilmədiyi birmənalı həqiqətdir ki, ədəbiyyat bütün zamanlarda əhatə etdiyi mövzuya, həmin mövzunun hansı ideoloji fonda təqdimatına görə deyil, yaratdığı insan xarakterlərinə görə hadisə olaraq qalır. Ədəbiyyatın ilkin vəzifələrindən biri, bəlkə də birincisi budur.

Elə həmin konteksdən çıxış edərək Mirzə İbrahimovun “Böyük dayaq”, İsmayıl Şıxlının “Dəli Kür”, Fərman Kərimzadənin “Qarlı aşırım” romanlarındakı qəhrəmanların – adi kolxozda sədr olan Rüstəm kişinin, əyalət mülkədarı Cahandar ağanın və antoqonist ziddiyyətlərin çarpışmanın episentrində dayanmış Kərbalayı İsmayıl obrazlarının çoxdan klassikləşdiyini asanlıqla demək mümkündür. O da mümkündür ki, müxtəlif zamanlarda, elə indinin özündə də ədəbiyyatda dominantlıq etmiş hansısa cərəyanların və həmin cərəyanların formal olaraq generatoru olmuş ideologiyaların əsl sənət nümunələri yaranması işinə mane olmaları barədə fikirləri rədd edək.

Bu il anadan olmasının 100 illiyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkə miqyasında geniş qeyd olunan İsmayıl Şıxlının yaradıcılığı həm də o cəhətdən maraqlıdır ki, digər roman, povest və hekayələrinə baxmayaraq, o, istər ədəbi tənqidin, istərsə də oxucularının mühakiməsində “Dəli Kür” romanı ilə araşdırılır. Onu isə vurğulamaq hökmən yerinə düşər ki, oxşar ədəbi taleni dünya ədəbiyyatında onlarla yazıçı bölüşüb. Bu cərgədə digər əsərlər yazsa da, daha çox “Ağıldan bəla”sı ilə yadda qalan Aleksandr Qriboyedovu, “Bülbülü öldürmək”lə bütün zamanlarda oxunacaq Harper Lini, bircə əsəri ilə dünya ədəbi tənqidini heyrətləndirən, çapdan çıxan andaca bestsellerə çevrilərək müəllifinə ancaq bir il ərzində milyonlarla dollar qazandıran Marqaret Mitçellin “Küləklə sovrulanlar”ını, “Lolita” ilə başgicəlləndirəcək şöhrət qazanan Vladimir Nabokovu, Ruvim Frayermanın “Vəhşi it Dinqo” və bir çox başqalarını sadalamaq olar.

İsmayıl Şıxlının ədəbi taleyindəki kolorit zənginliyini isə onun böyüdüyü, formalaşdığı mühitdə, ədəbiyyatımıza və ictimai fikir tariximizə böyük şəxsiyyətlər vermiş Qazaxda, Qarayazı meşələri ilə Kür qırağının sahillərində axtarmağa dəyər.

Müxtəlif biblioqraflarının arabir səsləndirdiyi doğum tarixinə deyil, rəsmi bioqrafiyasına istinad etsək, İsmayıl Şıxlı 1919-cu il mart ayının 22-də Qazax mahalının İkinci Şixlı kəndində anadan olub, həmin kənddə də ibtidai təhsil aldıqdan sonra Qazax Pedaqoji Məktəbində təhsil alıb. Pedaqoji Məktəbi bitirdikdən sonra cəmi bir il müəllimlik etmiş İsmayıl Şıxlı ali təhsil almaq istəyir və həmin məqsədlə də Bakıya gələrək bugünkü Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə qəbul olunur. Bunu hökmən vurğulamaq yerinə düşər ki, tələbəlik illəri dünyada dövlət terrorunun nümumələrindən biri kimi tarixdə qalmış Stalin repressiyalarının qorxunc məqamına düşsə də, Azərbaycan Dövlət Pedaqoji Universiteti, xüsusilə, filologiya fakültəsi öz mühitinə görə fərqlənirdi. Ciddi-cəhdlə auditoriyalarda, universitetin künc-bucağında “xalq düşməni”, azından, “sosialist ideyalarına xor baxanlar” axtarıldığı kimi, yaradıcı gənclər sırasından istedadlı tələbələrin seçilib cilalanması prosesi gedirdi. İsmayıl Şıxlı həmin vaxtlar gənc tənqidçi Məmməd Cəfər Cəfərovun yaratdığı ədəbiyyat dərnəyindəydi və hesab edirik ki, onun yazıçı kimi yetişməyində həmin dərnəyin müstəsna xidmətləri oldu. Yeri gəlmişkən, İsmayıl Şıxlının tələbə yoldaşları olan, gələcəkdə Azərbaycan poeziyasında fərqlənəcək şairlər – Ənvər Əlibəyli, Böyükağa Qasımzadə,Tələt Əyyubov və başqalarının da böyük ədəbiyyata qovuşacaq yolları “Məmməd Cəfər Cəfərovun dərnəyindən” keçəcəkdi.

Həmin vaxtlar yaşadığı gərginliyi İsmayıl Şixlı sonralar xatirələrində belə təqdim edirdi: “Bizə ədəbiyyatımızın və dil tariximizin mahir biliciləri mühazirə oxumadılar, onları görmədik. Çünki onların çoxu “xalq düşməni” çıxmışdı. Bu gün mühazirə oxuyan müəllimin əvəzinə sabah başqası gəlirdi. Hiss edirdik ki, bir gün əvvəl dərs deyəni gecə aparıblar. Əvəzinə isə ali məktəbdə dərs verməyə hazır olmayan bir cavanı göndərirdilər. Əli Sultanlı qorxa-qorxa dərsə gəlirdi. Dəmirçizadə xeyli görünmədi, dedilər, müəlliminə – professor Çobanzadəyə çörək apardığı üçün tutublar. İdris Həsənovun sifətini bircə dəfə gördük. Qorxurduq ki, o biri müəllimlərimizi də əlimizdən alalar…”

İsmayıl Şıxlı belə məqamda ali təhsilini başa vurub kəndə qayıdanda isə artıq iki il idi ki, başlamış II Dünya Müharibəsi Almaniyanın SSRİ-yə hücumu ilə yeni fazaya, ölüm-dirim savaşına daxil oldu. Kənd müəllimi kimi ancaq bir illik “bron”dan sonra, o, 1942-ci ildə müharibəyə çağırıldı. Qarşıda məhrumiyyətli və üzücü, nəfəsindən ölüm soyuqluğunun üşəndirdiyi uzun müharibə yolları onu bu yollardan keçirəcək: Şimali Qafqaz-Kerç-Pribaltika-Şərqi Prussiya. Ali təhsil aldığı Azərbaycan Dövlət Pedaqoji Universitetində, Məmməd Cəfər Cəfərovun ədəbiyyat dərnəyində o, ədəbiyyatın bir nömrəli subyekti sayılan insan obrazının yaradılmasının texnikasını öyrənirdisə, müharibənin əzablı yollarında, soyuq səngərdə və qan gölməçəsinə dönmüş döyüş meydanlarında həmin insanın özünü gördü. Buna görə idi ki, II Dünya Müharibəsinin bitməsindən 3 ay sonra kəndə qayıdıb qısa müddətdə müəllimlik edən İsmayıl Şıxlı aspiranturada oxumaq üçün getdiyi Bakıda həmin insanların silsilə portretini yaratmaq üçün münasib fürsət də tapmış oldu. Onun “Cəbhə yolları”, “Konserv qutuları”,”Həkimin nağılı”, “Səhəri gözləyirdik”, “Kerç sularında”, “Haralısan, ay oğlan” və digər hekayələrində də məhz o fürsət zamanı müşahidə etdikləri insanlar təqdim olunurdu.

Bu hekayələrdə oxuculara təqdim olunan insanlar daha çox xarakter göstəriciləri ilə diqqəti çəkirdilər ki, gələcəkdə İsmayıl Şıxlının nəsrinin qiyməti daha çox həmin göstəricilərinə görə seçiləcəkdir.

Hər bir zamanın yaradıcılıq mühiti dövrün ictimai-siyasi hadisələri ilə birbaşa bağlıdır və totalitar sistemlər üçün bu, xüsusilə xarakterikdir. Ona görədir ki, otuz ilə yaxın bir müddətdə ancaq siyasi ab-havanı deyil, bütün sosial həyatı öz çərçivələri daxilində formalaşdıran “qəlib”in çat verməsi anında hiss edildi. Həmin “qəlib” üçün hətta milyonlarla insan ömrünü qurban vermiş stalinizmin memarı İosif Stalinin ölümündən sonra “çiynindən yük götürülmüş” cəmiyyətdəki kinetik enerji işə düşdü.

Belə bir zamanda İsmayıl Şıxlının “Azərbaycan” jurnalında çap etdirdiyi “Ayrılan yollar” romanı istər mövzu baxımından, istərsə də ideya nöqteyi-nəzərindən diqqətçəkən oldu. Əlbəttə, Böyük Vətən Müharibəsindən sonra cəmiyyətin quruculuq potensialını ifadə edən bu romanın mövzuzu onun yaxından bələd olduğu kənddə baş verən hadisədir. Hadisələrin kökündə duran prinsip “hər bir inkişaf əksiliklərin mübarizəsi”dir. Ziddiyyətlərin isə kökündə dayanan ideoloji baxışlar deyil, həmin baxışların meydana gətirdiyi metodologiyadır və oxucunun gözləri önündə canlanan mənzərədə əsərin iki qismə ayrılan qəhrəmanların qan-qadasız mübarizəsi əks olunur. Bunlar zamanın inkişaf yolundakı istiqamətlərin müəyyənləşməsidir. Bir tərəfdə İmran, Zeynəb, Nəsib kimi yenilik tətbiq etmək istəyənlər, digər yanda isə Kosaoğlu, Kazım, Musa, Şahnaz və digərləri dayanır ki, bu insanlar ən yaxşı yeniliyin unudulmuş köhnəlik olduğu qənaətindədirlər. Ümumiyyətlə isə onu demək olar ki, “Ayrılan yollar” romanı İsmayıl Şıxlının yaradıcılığında hadisə kimi qeydə alınsa da, Azərbaycan ədəbiyyatında hadisəyə çevrilə bilmədi. Əvəzində, 1962-ci ildə “Azərbaycan” jurnalının üç nömrəsində dalbadal olaraq çap edilən “Dəli Kür” romanı ədəbiyyatdakı sükutu pozdu, nəinki tənqidi, bütün oxucuları hərəkətə gətirdi. Söhbət ondan gedirdi ki, yazıçı böyük həmyerlisi və artıq əfsanəyə dönmüş Səməd Vurğunun poeziyada yaratdığı Gəray bəy obrazı ilə hansı məqamdasa birləşən Cahandar ağa surətini yaradır. Hər iki qəhrəman millidir və hər ikisi milli keyfiyyətlərin daşıyıcısıdır, lakin sinfi mübarizə meydanına çəkilmiş Gəray bəyin obrazı tam açılmır:

Kürün qumsal sahilində qaşlarını çataraq,
Qamçısını döyür suya hiddətindən Gəray bəy…
Üç aydır ki, ormanların arasında yataraq,
Əl üzmüşdür vətənindən, millətindən Gəray bəy.
Qamçısını döyür suya hiddətindən Gəray bəy!

Əlbəttə, konkret zaman və məkan müstəvisində görə bildiyimiz Gəray bəydən fərqli olaraq Cahandar ağanı tam, bütöv görmək mümkündür. Yeri gəlmişkən, obrazın bu qədər canlı alınması İsmayıl Şıxlı üslubunun mükəmməlliyi, bədii dilinin obrazlılığı ilə bağlıdır. Həmin üslub mükəmməlliyi və dil obrazlılığıdır ki, Cahandar ağanın bütün cizgilərini göstərə bilir: “Cahandar ağa dumanlanmış gözlərini axar suya zillədi. Kür əvvəlcə sakit göründü. Elə bil sular mürgüləyirdi, hələ səhər yuxusundan ayılmamışdı. Ancaq bu sükut uzun sürmədi. Kür sanki birdən diksinib çalxalandı. Cahandar ağaya elə gəldi ki, ləpələr baş-başa qalxıb toqquşdu. Çayın sinəsi qabarıb qalxdı, qollar ağız-ağıza qovuşdu, adalar yox oldu. Su daşıb hər yeri, o taydakı meşəni, sahildəki cələni, yaxındakı kənd evlərini ağzına aldı, yarğanları vurub dağıtdı, hər yer suya qərq oldu. Kişi yəhərin üstündə dikəlmək istədi. Bacarmadı. Ağırlaşdı. Müvazinətini itirdi. Atın boynuna yıxıldı. Elə bil at da hər şeyi anladı. Başa düşdü ki, ayaq saxlamaq, Kürün bu üzündə qalmaq və arxadan gələnlərin əlinə keçmək olmaz. Var gücünü topladı. Qarşısına yarğan çıxdı, dayanmadı. Atıldı. Onunla bərabər yarğan da uçdu. Kür çalxalandı. Ləpələr döş-döşə gəldi. Suyun üzünə duman çökdü. Kür qəzəblə uğuldayıb özünü yarğanlara çırpdı…”

“Dəli Kür” romanının çap edilən I hissəsi, sözün həqiqi mənasında, ədəbi tənqiddə şok effekti yaratdı. Həmin effektin təsiri idi ki, Azərbaycan ədəbiyyatının olduğu kimi, Azərbaycan ədəbi tənqidinin də ən görkəmli nümayəndələrindən biri Mehdi Hüseyni belə heyrətləndirmişdi. O, heyrətini 1962-ci ilin noyabrında İsmayıl Şıxlıya yazdığı məktubunda bu cür ifadə edirdi: “Əzizim İsmayıl! “Dəli Kür” əsərini dünən gecə oxuyub qurtardım. Düzünü deyim ki, mən səndən yaxşı əsər gözləyirdim, amma bu cür qüvvətli və təsirli bir əsər yazmağını gözləmirdim. Əhsən, bərəkallah! Son on ildə bizim ədəbiyyatımızdan oxuduğum heç bir əsər məni bu cür sarsıtmamışdı”.

Mehdi Hüseynin özünü belə sarsıdan roman 1966-cı ildə tamamlandı. Əsərin bədii uğuru ancaq obrazlar toplusunun mükəmməliyi ilə bağlı deyildi, bu, problem – situsiyanın gərginliyi ilə də ölçülə bilməzdi. Müəllif, sadəcə olaraq, oxucusunun genetikasına hopmuş, az qala unudulmuş, ilğım kimi görünən keçmişini hansısa ideologiyanın fokuslandırmasından kənarda təqdim edə bilmişdi.

Bəli, “Dəli Kür” bizim keçib gəldiyimiz yolların bir parçası idi. O, elə bir yoldur ki, dəyişən zamanla bərabər, dəyərlərin tərəddüdlər içərisində qalmasını gözləyə bilməz. İsmayıl Şıxlı romanında bu yolun səmtini araşdırır, adi bir məişət hadisəsi ilə başladığı romanını həmin yolun ziddiyyətləri ilə daxili çarpışmanın ölüm-qalım mübarizəsinə çevirdiyi ictimai hadisələrin epik lövhəsini təqdim edir. Bütün bunları müəllif hər biri biləvasitə Cahandar ağaya bağlı obrazlar yaratmaqla bacarır. Zərnigar xanım və Mələk, Şamxal və Çərkəzdən başlamış epizodik Gəmiçi Qocaya və Tapdığa qədər, Allahyar qarışıq bu obrazların yaratdığı səhnə o yolun bir hissəsidir. Digər tərəfdə, yolayrıcında, elm çırağının işıqlandıracağı qaranlıqların içindəki cəhalətin ortaya qoyduğu gerçəkliklərin görünməsindən vahimələnən Molla Sadıq dayanır. Molla əmindir ki, “Zayej”i yaşıllaşdıran Rus Əhmədin və Aleksey Osipoviçin oxutdurmaq üçün dilə tutduqları əşrəflər onun və onun kimilərinin kabusudur.

İsmayıl Şıxlı bütün şüurlu həyatı boyu “cəhalət zülmət, elm işıqdır” – inancına sadiq olmuş ziyalılardandır.

Onun birmənalı qənaətini mühazirələrində oturmuş tələbə kimi şəxsən müşahidə etmişəm. İndiki Azərbaycan Dövlət Pedaqoji Universitetində müəllim kimi işə başladığı, xarici ölkələr kafedrasının müdiri kimi hər məqamda tələbələrini o işığa qovuşdurmaq üçün can atırdı. Tələbələrinin hər biri kimi mən də xatırlayıram ki, İsmayıl Şıxlı həmin işığın mənbələrindən biri kimi xarici ölkələr ədəbiyyatına nə qədər önəm verirdi. Elə o önəmin nəticəsi idi ki, “XIX əsr xarici ədəbiyyat tarixi”ni 1964-cü ildə rus dilindən tərcümə edərək çap etdirdi. Digər iki müəlliflə birgə (M.Ə.Tahirli və M.B. Həyatzadə ilə) sonralar “XVIII əsr xarici ədəbiyyat tarixi”ni yazaraq nəşr edilməsinə nail oldu və 1974-cü ildə “XX əsr xarici ədəbiyyat tarixi”ni yazdı.

İsmayıl Şıxlı çoxsaylı oxucuları üçün unikal yazıçı olaraq qalacağı kimi, onun mühazirələrini dinləmiş tələbələri üçün də qayğıkeş olduğu qədər də tələbkar müəllim kimi yaşayacaq. Ona da əminik ki, həmin insanlar yazıçının sevə-sevə, bir az da qürurla təsvir etdiyi, “Dəli Kür”dən bu parçaları oxuduqca Azərbaycanı daha artıq sevəcəklər: “Günbatan çağı, Kürün üstünü bürüyən duman ətəyini sallayaraq, asta-asta ətrafa yayıldı. Gün qərbə doğru əyiləndən sonra yuxarıdakı boz dağlardan xəfif meh əsdi. Otların, dəmyələrin əkilmiş sinəsi laləli taxılların üstündən keçib gələn bu axşam küləyi sahilə enib Kürün üzərinə duvaq kimi çəkilmiş ağ, nazik dumanı qovub uzaqlara – aşağıdakı kəndlərə doğru apardı. Getdikcə suyun səthinə yatan çiskinli duman cələdəki ulğun kollarına toxunaraq parçalanır, sürünə-sürünə o taya – meşəyə doğru gedir, orada isə ağacların başına dolanıb yox olurdu”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir