Dövlət qurumlarının müharibə şahidləri ilə işləmə prinsipləri


Aparılan araşdırmalar zamanı məlum olur ki, digər vətəndaşlarla müqayisədə müharibə şahidləri və iştirakçılarına dövlət qurumlarıda daha loyal münasbətin göstərilməsinə ehtiyac var. Çünki, bu insanlar həyatı böyünca psixoloji travma ilə yaşamaq məcburiyyətindədirlər və bu isə onların davranışlarında aqressivlik simptomlarını daha da gücləndirir. Həmçinin, yaşadıqların görə bəzən haqlı və bəzən isə haqsız olsa da bütün icmanı, o cümlədən idarəetməni günahlandırırlar.
Buna görə də Azərbaycan da daxil olmaqla qaçqınların, məcburi köçkünlərin və digər müharibə zərərçəklənin daha çox məskunlaşdığı ölkələrdə hökumətin idarəetmə siyasəti müvafiq məqamlar nəzərə alınmaqla həyata keçirilməlidir. Bunun üçün ilk növbədə problemin düzgün qiymətləndirilməsinə ehtiyac vardır. Beləliklə daha effektiv davranış və idarəetmə kodeksi hazırlana bilər. Aşağıda ötən illər ərzində müharibə şahidlərinin və zərərçəkənlərinin iştirakçılığı ilə baş vermiş bir neçə fakta diqqət yetirilməsində fayda var:
– 2018-ci ilin iyun ayında dövlət qurumu olan “Aqrolizinq” ASC-nin filial sədri sakinlər tərəfindən fiziki təzyiqə məruz qaldı. Buna səbəb filial sədrinin şəhid anasına qarşı qeyri-etik (söyüş) davranışı olmuşdu .
– 2014-cü ildə Milli Məclisin Etibar Hüseynov deputatı yerli televiziyada qaçqın və məcburi köçkünlər haqqında təhqiramiz ifadələrin əks olundu fikir səsləndirmişdi . Bu isə həmin şəxslərin ciddi etirazına səbəb olmuş, kütləvi etirazlar təşkil edilmiş və deputatın güllələnməsi kimi ifadələr dilə gətirilmişdi . Etirazlar deputatın insanlardan üzr istəməsi ilə nəzarət altına alına bilmişdi.
– 2018-ci ilin noyabr ayında Qarabağda həlak olan hərbi qulluqçuların ailə üzvləri etiraz aksiyasına başlayıblar. Onlar qanunvericiliyə uyğun olaraq müharibə şəraitində həyatı itirən yaxınları üçün sığortanın ödənilməsini tələb ediblər .
– 2016-cı ildə həyat yoldaşı 1992-ci ildə Ağdərə rayonu uğrunda gedən döyüşlərdə həlak olmuş xanım, yerli mediaya müraciət edərək öz problemini ictimailəşdirdi. Xanım iddia edirdi ki, Şirvan rayon İcra Hakimiyyətinin rəhbəri onu öz kabinetində təhqir etmiş “Mənə görə şəhid olmayıb ki”, “Zırıldama, rədd ol, vaxtımı alma” kimi ifadələrdən istifadə edib. Hadisə qısa zaman ərzində ölkə ictimaiyyətinin əsas gündəminə çevrildi.
– 2017-ci ildə şəhid övladının hərbi hissə komandiri tərəfindən təhqir edilərək işdən qovulması ciddi ictimai narazılığa səbəb olmuş, nəticədə həmin şəxs Müdafiə Naziri tərəfindən yenidən işə bərpa olunmuşdur.
– 2018-ci ilin noyabr ayında şəhid ailələri Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi qarşısında etiraz asiyası keçirmişlər. Aksiyanın məqsədi şəhidlər üçün kompensasiyanın ödənilməsi prosesində olan diskriminativ meyarların dəyişdirilməsi idi. Lakin, aidiyyatı qurumlar aksiyaçılara adekvat cavab verməyib. Beləliklə ictimai narazılıqlar daha da intensivləşib və artıq radikal çağırışlarla müşayət olunmağa başlayıb. 2019-cu ilin yanvar ayında qeyd edilən problemin həlli ilə əlaqədar rəsmi qərar qəbul edilib ki, bundan sonra etirazlar dayandırılıb.
Yuxarıda sadalanan faktlar bu günədək müşahidə edilənlərin çox az hissəsi olsa da əslində problemin mövcudluğunu izah etmək üçün kifayətdir. Faktlar ən müxtəlif məqamları əhatə edir. Bunlara məmurların müharibə şahidləri və zərərçəkənləri ilə köbud rəftarı, təhqiredici, aşağılayıcı münasibəti kimi hallarla yanaşı ədalət axtarışı, daha ehtiyatlı və qayğıkeş davranış tələbi kimi gözləntilər daxildir. Qeyd edilən hər bir məqam özülyündə radikallaşma prosesində koqnitiv açılığı tətikləyə bilər. Yaxud problemlərin davamlılığı və adekvat tədbirlərin görülməməsi sonda bu insanların həll yolunu fərqli platformalarda axtarmasına çağırışlar formalaşdırır. Fərqli platformalar axtarışı dedikdə terror təşkilatların qoşulma, radikal qruplaşmalarda təmsil olunma, yaxud fərdi (yalnız qurd) şəkildə “öz ədalətini bərpa etmə” aktların planlama və həyata keçirmə kimi istiqamətlər nəzərdə tutulur. Beləliklə, müharibə şahidlər və zərərçəkənlərinə hədəflənən deradikallaşma proqramları idarəetməni yuxarıda sadalanan nöqsanlardan arındıracaq keyfiyyətdə və strukturda olmalıdır. Hesab edirik ki, hər 9 nəfərdən biri qaçqın və məcburi köçkün olan, 55 min nəfərdən artıq Qarabağ müharibəsi iştirakçısı və əlili olan Azərbaycanda dövlətin deradikalaşdırma siyasətində aşağıdakı elementlərin nəzərə alınması bu istiqamətdə müşahidə edilən çatışmazlıqları aradan qaldıra, ekstremizm meyilliyini zəiflədə, onların daha sürətli inteqrasiyası üçün əlverişli mühit yarada bilər:
1. İnfrastrukturun inkişaf etdirilməsi;
– Əhali ilə xüsusi ilə də müharibə iştirakçıları, zərərçəkənləri ilə birbaşa işləyən qurumlarda xüsusi şöbələrin yaradılması,
– Xüsusi davranış kodeksinin hazırlanması və təlimlərin təşkili yolu ilə məmurlarda bu kodeksin tələblərinə uyğun davranış bacarıqlarının inkişaf etdirilmsi,
– Qurumlarda psixoloqlar üçün müvafiq iş ştatlarının yaradılması;

2. Mərkəzləşdirilmiş deradikallaşma siyasətinin həyata keçirilməsi;
– Deradikallaşma siyasətini kordinasiya edən şuranın yaradılması və bu şurada xüsusi mütəxəssislərin, vətəndaş cəmiyyəti təmsilçilərinin, media nümayəndələrinin, mənkəmə-hüquq sisteminin təmsilçilərinin, icra hakimiyyətinin, apelyasiya şuralarının təmsilçilərinin iştirakçılığının təmin edilməsi,
– Deradikallaşma strategiyasının hazırlanması və təsdiq edilməsi.

3. İctimai dialoqun inkişaf etdirilməsi;
– Tərəflər arası dialoqun inkişaf etdirilməsi məqsədi ilə müxtəlif platformaların yaradılması (komitələr, ictimai birliklər, təyinatlı ombudsmanlıq institutu, məclislər və s),
– Dövlət qurumları və müharibə şahidləri yaxud zərərçəkənləri arasında mütəmadi görüşlərin təşkili, ictimai dinləmələrin keçirilməsi.
Hesab edirik ki, yuxarıda sadalanan istiqamətlərdə addımların atılması potensial risklərin zəiflədilməsi və icmadaxili sağlam münasibətlərin yaranması baxımından kifayət qədər effektiv ola bilər. Bu tədbirlər müvafiq sosial qrupların reabilitasiyası, cəmiyyətə inteqrasiyası kimi istiqamətlərdə dinamikanı sürətləndirə, radikallaşma meyilliyini zəiflətməklə terror təşkilatlarının rekrut mexanizmlərinin təməllərini sarsıda bilər. Eyni zamanda sosial inkluzivliyi dərinləşdirməklə sağlam fikrin dəstəyini artıra bilər.
Nəzərə almaq lazımdır ki, radiaklaşma səviyyəsi ilə icmaların müqaviməti arasında əks korelyasiya mövcuddur. Dinləmə və empati mədəniyyətinin inkişaf etdiyi icmalarda radikal fikirlərin təşəkkül tapması ehtimalı digərləri ilə müqayisədə kifayət qədər aşağıdır. Çünki, dinləmək və anlamaq qarşıdakı şəxsin, yaxud qrupun probleminin düzgün qiymətləndirmə imkanı yaratmaqla, onun həlli üçün əlverişli zəmin yaradır.

Məqalə CESD və PH İnternational təşkilatlarının dəstəyi ilə Sosial Araşdırmalar İctimai Birliyi (SSPA) tərəfindən icra edilən “Anti radikalizm tədbirləri: müharibə iştirakçılarının mənəvi reabilitasiyası” layihəsi çərçivəsində hazırlanmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir