Radikallaşma prosesində sosial-iqtisadi faktorlar

Radikallaşma ideologiya və yaxud fəaliyyətlərə doğru sosial-iqtisadi və psixoloji təzyiqlər altında yaxınlaşma prosesi olsa da eyni zamanda müxtəlif faktorların birgə təcəssümü olaraq xarakterizə edilməlidir. Çünki, heç bir faktor ayrı-ayrılıqda fərdi tam olaraq radikallaşdıra bilmir. Fərdin dünya görüşünün formalaşmasına təsir edəcək və həyat tərzini yönləndirəcək elementlər dini, milli, irqi, siyasi olmaqla fərqləndirilə bilsə də nəticə oxşardır – radikallıq. Danimarkalı araşdırmaçı Mark Sedgwick 2010-cu ildə nəşr etdirdiyi “The Concept of Radicalization as a Source of Confusion” (Radikalism konsepsiyası xaosun mənbəyi kimi) əsərində “Radikallaşma” hazırda “bomba partlamadan əvvəl nələr baş verir”ri təsvir etmək üçün istifad edilən termindir .
11 sentyabr hadisələrindən sonra dünya o günədək ABŞ-ın öndərliyində həyata keçirilməkdə olan “Terrorizmə Qarşı Savaş” strategiyasını sorğulamağa başladı və həmçinin ölkələri yeni mübarizə strategiyaları və yanaşmalar axtarışına sövq etdi. Çünki, aydın görünürdü ki, ənənəvi metodlar yəni, zörakılığa qarşı zorakılıq və yaxud inzibati yolla mübarizə effektiv deyildi. Əksinə bu kimi metodların tətbiqi yeni-yeni uğur hekayələrinin yaranmasına şərait yaratmaqla terror təşkilatlarının rekrut (insanları öz sıralarına cəlb etmə) imkanlarını dəstəkləmiş olurdu. Beləliklə terrorizmə yeni baxış bucağı artıq dünya üçün bir çağırış idi və nəticə olaraq son onilliklərdə radikalizm, ekstremizmz və terrorizm elmi araşdırmalarının mühüm istiqamətinə çevrildi.
Peter R. Neumann görə bombalar partlamadan əvvəl hansı siyasi, iqtisadi, sosial və psixoloji faktorların formalaşdığını öyrənilməsi araşdırmaların əsas hədəfi olmalıdır . Neumann və bu fikri dəstəkləyən digərlərini haqlı edən əsas səbəb isə təbii ki, problemin köklü həll yolu axtarışı zamanı alternativlərin çox az olması idi. Əgər hər hansı bir prosesi dəstəkləyən faktorlar öyrənilmirsə və onlarla mübarizə aparılmırsa o zaman uğur ehtimalı əvvəlcədən risk altında olur.
Baxmayaraq ki, radikallaşma müxtəlif faktorların təsiri altında baş veriri biz bu məqalədə sosial-iqtisadi faktorların rolunu müəyyən etməyə çalışacağıq. Bu mövzu günümüzədək bir çox araşdırmaların mövzusu olsa da hələ də ciddi fikir ayrılıqları qalmaqdadır. Beləki, bir sıra araşdırmalara görə yoxsulluq kimi iqtisadi faktorlarla radikallaşma arasənda birbaşa əlaqə yoxdur. Anatol Lieven bənzər fikrinin Əl-Qaidə teror təşkilatı və onun müttəfiqlərinin üzvlərinin böyük əksəriyyətinin savadlı və orta gəlirli aillələrdən olması faktı ilə əsaslandırır. Həmçinin müəllif hesab edir ki, terrorçular kriz anlarında yağmalama ilə məşğul olsalar belə bunu davamlı etməzlər çünki, güclü təşkilat olmaq üçün disiplin əsasdır. Lakin, Türkiyə təcrübəsi göstərir ki, terror təşkilatları rekrutinq üçün sosial qruplar müəyyənləşdirərkən iqtisadi faktorları qiymətləndirirlər. Beləki, PKK və bənzəri terror təşkilatlarının əsas insan qaynağı iqtisadi cəhətdən geri qalmış, mədəni inkişaf səviyyəsi zəif, davamlı miqrasiyadan əziyyət çəkən sosial qruplarıdır. Yaxud Fransa, Almaniya kimi yüksək iqtisadi inkişafa və demokratik idarəetməyə sahib ölkələrdə terror təşkilatlarına qoşulanların müxtəlif səbəbləri sırasında sosial-iqtisadi diskriminasiya amili də yer almaqdadır. Araşdırmalara görə ikinci ekstremist Sələfi qrupların ortaya çıxmasınada siyasi və sosial iqtisadi faktorlar dini amillərlə müqayisədə daha güclüdür. Siyasi və sosial-iqtisadi faktorların təsiri altında formalaşan kimlik arayışı, ümidsizlik, xəyal qırıqlı islam icmalarında bütün növ radikalizmin inkişafı üçün əlverişli şərait yaratmışdır.
Yuxarıda da qeyd etdiyimiz kimi, radkallaşma bir prosesdir. Heç bir fərd doğulanda radikal yaxud terrorist doğulmur. Lakin, mühit insanlarda kimlik dəyişikliyinə, dönya görüş krizisinə səbəb ola bilir. Buna görə də radikallaşma prosesinin müxtəlif mərhələlərində aşağıdakı sosial-iqtisadi faktorların təsirlərini qiymətləndirməkdə fayda var.
Yoxsulluq – fərdin həyat tərzini təsiri altına alan, xəyal qırıqlığı və ümidsizlik hislərini bəsləyərək dünyaya baxışlarını dəyişən mühüm faktorlardandır. Yoxsul insan əksər hallarda sistemi ədalətsizlikdə günahlandırır. Nəticədə müəyyən zaman çərçivəsində sistemə və icmaya qarşı kin formalaşır. Lakin, bu o demək deyil ki, o artıq terroristir. Bu mərhələdə onun rekrut edilməsi imkanları nə qədər böyük olsa da eyni zamanda deradikallaşdırma cəhdlərinə cavab vermək ehtimalı da yüksəkdir. Ancaq nəzərə almaq lazımdır ki, qeyd edilən situasiyada hər hansı bir hadisə, fakt yaxud təhdid bu insanlarda koqnitiv açılışa səbəb ola bilər.
İfrat təbəqələşmə – sosial qruplar arasında rifah və gəlir fərqi dərinləşdikcə iqtisadi cəhətdən daha az təminatlı olan insanlarda uğursuzluq sindromundan qaynaqlanan simptomlar müşahidə edilməyə başlayır. Uğursuzluq effekti – insanın həyatında baş verənlərə görə özü ilə yanaşı digərlərini o cümlədən sistemi, qanunları, hökuməti, icma üzvlərini və s. günahlandırmasıdır. Bu insanlarda ədalətin mövcudluğuna inam itir, öz ədalətini özün yaratmalısan yanaşmasına meyillik güclənir. Əksər hallarda onlar hesab edir ki, “Kasıblar Üçün Ədalət Yoxdur”. Nəticədə onların dünya görüşləri radikallaşır. Terror təşkilatları bu situasiyanı məharətlə dəyərləndirə bilirlər. Təsadüfi deyil ki, “iqtisadi təminat” və “yüksək rifah” bir çox terror təşkilatlarının rekritinq mexanizmlərinə daxildir. Aparılan bir sıra araşdırmalar göstərir ki, radikalizm və ekstremizmə qarşı mübarizənin mühüm elementlərindən biri də qeyri-bərabərliyə (sosial-iqtisadi) qarşı mübarizədir .
Ədalətsiz sosial lift – xüsusi ilə nisbətən daha ülvi hisslərlə həyata atılan gənclər arasında radikallaşmanı təşviq edir. Əgər hər hansı bir icmada fərd öz karyerasında bilik və bacarıqları ilə irəliləmə imkanına sahib olmursa, bu zaman daha çox digər faktorlar, o cümlədən nepotizm, rüşvət, regionçuluq, simpatizanlıq əsas hesab edilirsə prosesin sonunda həyatdan böyük gözləntiləri olan fərdin radikallaşması etimalı yüksəlir. Freedom C. Onuoha “Nə üçün gənclər Boko Haram təşkilatına qoşulurlar” məqaləsində işsizlik və yoxsulluğun gəncləri radikalizm qarşısında tərkisilah edir. Müəllif iddia edir ki, qeyd edilən səbəblər gənclərin terror təşkilatına qoşulmalarını birbaşa olmasa da dolayısı ilə tətikləyir .
Yuxarıda qeyd edilən sübutlar göstərir ki, bir sıra araşdırmaçılar tərəfindən irəli sürülən “iqtisadi vəziyyətlə radikalizm arasında birbaşa əlaqə yoxdur” tezisi doğru deyildir. Çünki, iddia olunduğu kimi, məhşur terrorçular, yaxud terror təşkilatların rəhbərləri ola bilsin ki, savadlı və orta yaxud yüksək gəlirli ailələrin təmsilşiləri olsun bununla belə, bu təşkilatlar öz sıralarına cəlb etdikləri sıravi üzvlərin böyük bir qismi sosial-iqtisadi faktorların təsiri altında radikallaşmış insanlardır.
Sonda isə bildirmək istəyirik ki, terrorrizm və radikalizm heç bir halda bir faktorun təsiri altında təşəkkül tapmır. “Radikallaşma prosesi” onlarla faktorun kombinasiyasından formalaşan mühitin yaratdığı effek olub, individual olaraq müxtəlif səbəblərdən qaynaqlanan koqnitiv açılışla tamamlanması güman edilən prosesdir. Bu faktorlardan biri və ən vacibi məhz iqtisadi vəziyyətdir.

Məqalə CESD və PH İnternational təşkilatlarının dəstəyi ilə Sosial Araşdırmalar İctimai Birliyi (SSPA) tərəfindən icra edilən “Anti radikalizm tədbirləri: müharibə iştirakçılarının mənəvi reabilitasiyası” layihəsi çərçivəsində hazırlanmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir