Məmməd İsmayıla Beynəlxalq Mahmud Kaşqari Mükafatı verildi

Mahmud Kaşqari adına Beynəlxalq Fondun təkilatçılığı ilə Yunis Əmrə İnstitutunda görkəmli Azərbaycan şairi, Çanaqqala Universitetinin professoru Məmməd İsmayıla həsr edilmiş “Türk şeir günü” keçirilib. Tədbiri giriş sözü ilə açan Yunis Əmrə İnstitutun müdiri, məşhur “Nihal Adsız” monoqrafiyasının müəllifi Cahan Özdəmir Məmməd İsmayılın şərəfinə təşkil edilmiş bu şöləni böyük tarixi hadisə olduğunu bildirdi. Tədbirə qatılan Beynəlxalq Zaparoji Kazakları Birliyinin -nın Getmanı Dmitri Saqaydakın müşaviri, Kazak qoşunları marşalı Üzeyir Vahabov Beynəlxalq Mahmud Kaşqari Fondunun qurucu-başqanı, tanınmış şair Elxan Zal Qaraxanlını Böyük çölün savaş ruhunun yaşadılmasında və yayılmasında göstərdiyi xidmətlərə görə “Getman Vayda Vişnevetski” medalı ilə təltif etdi. Elxan Zal da öz növbəsində Türk dünyasının böyük şairi və fikir adamı Məmməd İsmayıla Mahmud Kaşqari adına Beynəlxalq Fondun Mükafat komissiyasının qərarı ilə Beynəlxalq Mahmud Kaşqari Mükafatı təqdim etdi. Mükafatçı Məmməd İsmayıl öz nitqində bildirdi ki, “Mən çox mükafatlar almışam, amma Türk mədəniyyətinin iki nəhənginin, Mahmud Kaşqari və Yunus İmrə ruhunun yanaşı iştirak etdiyi bir mərasimdə mənə verilən bu mükafat, həyatımın ən dəyərli ödülüdür”. Şairin tədbir iştirakçılarına oxuduğu alovlu şeirlərdən sonra səhnəyə çıxan görkəmli şair və ictimai xadim Sabir Rüstəmxanlı çox illik dostunu yüksək ödül alması münasibəti ilə təbrik etdi və Beynəlxalq Mahmud Kaşqari Mükafatının, türk dünyasının ən şərəfli müfatlarından biri olduğunu bildirdi.
Xatırladaq ki, 2006-cı ildə təsis edilən bu Mükafat Beynəlxalq Komissiya tərəfindən verilir. Mükafatı alanlar sırasında Türkiyənin 9-cu prezidenti Suleyman Dəmirəl, görkəmli şair Oljas Suleymenov (Qazaxstan), prof, dok. Namik Kamal Zeybək (Türkiyə), şair Sabir Rüstəmxanlı, akademik İsa Həbibbəyli, akademik Sabit Dosanov (Qazaxstan), akademik Tahir Kərimli, qırğız şairi Markabay Aamatov, rus filosofu, Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Dugin və digər məşhur şəxslər var.

Mükafat Komissiyasının sədri görkəmli Qazax yazıçısı akademik Sabit Dosanovdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir