Rövşən Almuradlıya sifarişli-xahişli fəxri ad istəyək?

Simurq.info tanınmış sənət adamlarıyla bağlı silsilə yazılarını davam etdirir.

Yəqin ki, adını çəkməmişdən əvvəl ortaya qoyduğu ikicə işdən bəhs etsək, onun kim olduğunu biləcəksiniz. “Cavad xan” filmi və “Yaşlı xanımın gəlişi” tamaşası. Hər ikisinin rejissoru eyni şəxsdir-Rövşən Almuradlı.

Əvvəlcə qəhrəmanımızı tanıyaq.

1954-cü ildə Bakıda anadan olub, 1972-1976-cı illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb, 1985- 1987- illərdə SSRİ Mədəniyyət Nazirliyinin nəzdində təkmillləşdirmə institunda ali rejissorluq kursunu bitirib. Həmin illərdə Moskva Akademik Satira teatrında rejissor təcrübəsi keçib (Kurs rəhbəri SSRİ xalq artisti V. N. Pluçek).
1976-1980-cı ilə qədər Şəki Dövlət Dram Teatrında çalışan aktyor, həmin illərdə: Şekspirin “Kral Lir”ində Kral Lir, Cəfər Cabbarlının “Aydın”ında Dövlət bəy, Anarın “Adamın adamı”nda İbiş İbşli və Xoca Zıq-zıq, Əkrəm Əylislinin “Kür qırağının meşələri”ndə Qasım obrazlarını yaradıb..

O, 1980-1985-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında Ə.Əylislinin “Vəzifə” tamaşasının quruluşçu rejissoru olmuşdur.
1987-ci ildə Şəki Dövlət Dram teatrında: M.Salimoviçin “Dərviş və ölüm”,
1987-ci ildə Sumqayıt Dövlət Teatrında: N.Hikmətin “Bayramın birinci günü”,
1988-ci ildə Sumqayıt Dövlət Teatrında M.Suleymanlının “Dəyirman” əsərlərinin quruluşçu rejissoru olmuşdur.

Rövşən Almuradlı 1988-1989-cu illərdə Mingəçevir Dövlət Dram Teatrının baş rejissoru olarkən: Y.Səmədoğlunun “Qətl günü”, V. Sergeyevin “Bağlı qapı arxasında iki nəfər” əsərlərinə quruluş vermişdir.

1989-cu ildə “Azərbaycanfilm” kinostudiyasının “Debüt” studiyasında “Hücum” adlı qısametrajlı bədii filmin quruluşçu rejissorudur. 1990-cı ildə çəkilən “Azadlığa gedən yollar” filminin rejissorlarından biridir.

1991-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının nəzdində açılan, müstəqil “İstiqlal” teatrının bədii rəhbəri olmuşdur.
1991-ci ildə M.Suleymanlının “Zirzəmi”,
1992-ci ildə M.Dostoyevskinin “Şıltaq qız”,
1992-ci ildə M.Qoqolun “Dəlinin qeydləri”,
1992-ci ildə Gəncə Dövlət Dram teatrında: Anarın “Beş mərtəbəli evin altıncı mərtəbəsi” kimi əsərlərin quruluşçu rejissoru olmuşdur.
1993-1995-illərdə “Bəri bax” müstəqil kinostudiyasında tammetrajlı “Yük” bədii filminin quruluşçu rejissoru olmuşdur.
1994-cü ildə “Doğma” kino-povesti əsasında çəkilmiş “Ümid” bədii filminin müəllifidir.

R.Almuradlı AZTV-nin “Sabah” yaradıcılıq birliyində aşağıdakı film tamaşalara quruluş vermişdir:

C.Məmmədquluzadənin “Anamın kitabı”,
N.Hacızadənin “Qayalarda qalan səs”,
Orxan Fikrətoğlunun “Şəkilçi və şəkilçi”,
Şekspirin “Kleopatra”.

“Telefilm” yaradıcılıq birliyində aşağıdakı bədii televiziya filmlərinin quruluşçu rejissorudur:
“Yaz yuxusunun işiqi”,
“Bəsdir aglama”,

Film dastanlar:
“Abbas və Gülgəz” 7 seriyalı
“Koroğlu” ,
Sənədli filmlər:
“Etnoqrafik etüdlər”,
“Qobustan”,
“Qax abidələri”,
“Padarçöl”,
“Molla Cümə”,
“Şıx ocağının işığı”,
“Qudyalçay”
“Göyçə gözəlləməsi”
“Yurd” və s.

2006-2008-ci illərdə Mədəniyyət Nazirliyinin sifarişi ilə çəkilmiş “Cavad xan” bədiii filminin quruluşçu rejissorudur.
2005-ci ildə Akademik Milli Dram Teatrında: İ.Şıxlının “Ölüləri qəbiristanlıqda basdırın” əsərinin rejissorudur.

Rövşən Almuradlı 2006-cı il oktyabr ayının 25-də Akademik Milli Dram Teatrına quruluşçu rejissor vəzifəsinə qəbul edilib.

Bakı Bələdiyyə Teatrında:
2010-cu ildə M. Süleymanlının “Bəylik dərsi” əsərinə,
2011-ci ildə Anarın “Qaravəlli” əsərinə,
2012-ci ildə M.F. Axundzadənin “Müraviyyə vəkilləri əhvalatı” əsərinə quruluş vermişdir.
2012-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında F. Dürrenmattın “Yaşlı xanımın gəlişi” əsərinə quruluş verib.

Əslində, onun tərcümeyi-halını daha qısa yazmaq olardı. Ancaq son zamanlar məndə belə bir qənaət formalaşıb ki, Mədəniyyət və Turizm Nazirliyi adını daşıyan qurumda R.Almuradlının fəaliyyətindən, gördüyü işlərdən xəbərsizdirlər. Əgər belə olmasaydı, heç olmasa, Zaur Kamal və Zaur Baxşəliyevin aldığı əməkdar mədəniyyət işçisi adına onun da namizədliyini irəli sürər, adını lazımi siyahıya saldırardılar. Hələ mən əməkdar incəsənət xadimi adından danışmıram.

Ancaq bir qədər daha diqqətlə düşünəndə görürsən ki, şübhə yeri qalmır. Məsələn, beş ildən sonra belə bir rejissora tamaşa verilirsə, beş il ərzində nə yeyib, nə içdiyi kimsəni maraqlandırmırsa, hər fürsətdəcə sıxışdırılırsa, deməli, fəxri ad məsələsindən danışmağa dəymir.

Bəlkə də o, illər öncə layiq olduğu fəxri adına qovuşa bilərdi. Ən azı 2014-cü ildə 60 illik yubileyində bunun baş tutması mümkün idi. Ancaq rejissor yaradıcılığının ən məhsuldar ola biləcək dövrünü bekar qarşılayırsa, quruluş verdiyi tamaşalar repertuardan yığışdırılırsa…deməyə söz qalmır.

Almuradlı Azərbaycan mədəniyyəti üçün təkcə rejissor deyil, həm də kişi simalarından, kişi xarakterlərindən biridir. Və şübhəsizdir ki, illərdir əyilmədiyinə görə layiq olduğu çox şeylərdən məhrum edilib. Həmin məhrumiyyətlərin başında isə fəxri adsızlıq gəlir.

Adətən bu kimi yazılardan sonra Mədəniyyət və Turizm Nazirliyindən qəhrəmanlarımın iş yerlərinin rəhbər şəxslərinə sərt iradlar bildirilir, hətta onları mənə yazı sifariş verməkdə ittiham edirlər. Ancaq bir şeyi unudurlar ki, onların sifarişlə tərtib etdiyi fəxri ad siyahılarından fərqli olaraq, mənim yazılarımda sifariş olmur.

Yeri gəlmişkən, görəsən Rövşən Almuradlının adının fəxri ad siyahısına salınması üçün kimdən xahiş edək? Sifariş demədim ha…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir