Hacı Qurban Süleymani: Azərbaycanın Xorasandakı dili

İran İslam Respublikasında yaşayan bir çox Türk millətinin bir parçası da Xorasan türkləridir. Xorasan türkləri sıx halda Rəzəvi Xorasan, Quzey Xorasan və Gülüstan ostanında yaşayırlar. Xorasan türklərinin danışdığı dil türk dilidir və Oğuz yarımqrupuna daxildir. Türkmən və Azərbaycan dilləri arasında bir ləhcəyə sahib olan Xorasan türkcəsi Azərbaycan türkcəsinə daha yaxındır və müşkülsüz Azərbaycan türkcəsini anlayırlar.
Xorasan türkləri haqqında müxtəlif tədqiqatlar aparılıb. Tədqiqatçıların fikrincə Xorasan türkləri İran əhalisinin 1 faizdən çoxunu təşkil edir. Cavad Heyyətin kitabında sayıları 1,500, 000 nəfər yazılıb, çox güman indi 2,500, 000 nəfərdir. İranda son hesablamalarda 2,000 000 nəfər kimi göstərilir. Xorasan türklərinin dini İslam dinidir, şiədirlər. Xorasan türkləri Azadşəhr, Əliabad, Kətul, Şirvan, Kəlat, Nimdəşt, Bocnurd, İsfərayen, Nişapur, Cuveyn, Çağatay, Qocan, Dərgəz, Ramiyan şəhərlərində yaşayırlar. Professor Gerhard Dörfer Xorasan türklərinin köklərinin Səlcuqlular türklərindən olduğunu ve Toğrul bəylə İrana gəldiyini qeyd edir.
Nişapur Xorasan türklərinin min illik yurdudur. Saz ustası Rza Nəcəfi deyir ki, Şimali Rəzəvi Xorasanda və Nişapurda yaşayanların hamısı türkdür. Mövlana Cəlaləddin Ruminin və Xorasanda doğulmuş İzzəddin Həsənoğlunun dili Xorasan türkcəsidir.
Rza Nəcəfi deyir ki, Azərbaycan sazı ilə bizim sazın fərqi yox. Mahnılarımız, qoşqularımız eyni. Biz Azərbaycan türkü ilə Azərbaycani danışırıq.
Xorasan türklərindən biri dütar ustası Hacı Qurban Süleymanidir.
Hacı Qurban Süleymani 1 yanvar 1920-ci ildə Qacarlar məmləkətində, Xorasan əyalətinin Nişapur vilayətinin, Qoçan şəhristanının Borsalan kəndində anadan olub. Bərbər olan atası Kərbəlayı Ramazan ona kiçik yaşda bir dütar hədiyə etdi. Yavaş-yavaş dınqıldadıb, öyrənməyə başladı. Atasınının vəfatının ardından da Avaz Bəxşi, Qulamhüseyn Bəxşi Cəfərəbadi və Məhəmməd Keytakidən musiqi dərsləri aldı.
Sənətkar ailəsində doğulan və sənətkarlardan ustad dərsləri alan Qurban çox keçmədən el yığıncaqlarında tanınmağa başladı.
Borsalandan Əliabad kəndinə köçən Qurban Süleymani iyirmi yaşında dütar çalmağı tamam-kamal öyrəndi. 21 yaşında, Xorasanda xalq musiqiçilərinə verilən bəxşi (aşıq) ünvanına layiq görüldü. Hacı Qurban Süleymani bir söhbətində, bəxşilik, musiqi mövzusunda mükəmməl bacarığı, istedadı, yetənəyi olanlara verilir, bu ünvanı qazananların musiqi bəstələməsi, bir alətdə çalması, musiqi aləti düzəldə bilməsi və deyişmələri, bütün dastanları bilməsi gərəkir, günümüzdə bəxşiliyə haqq qazanan çox şəxs yoxdur” demişdir.
Hacı Qurban Süleymani Xorasanda işlənən hər üç dildə- Azərbaycan türkcəsi, fars və kürd dillərində məharətlə oxuyub, beləliklə, İranın özündə belə az oxunan havaları sərhədlərdən uzaqda tanıtdıra bilib. Onun ifasında yazılmış disklər tez bir zamanda dünyanı dolaşıb. ABŞ, Cənubi Amerika (Peru, Ekvador, Panama və s.) ölkələrində mükafat qazansa da, onu Fransada daha çox tanıyıb və seviblər. İranda isə şöhrət onun ünvanına ən sonda yetişib. Amma gec də olsa, o, ölkədə ənənəvi musiqinin ən yaxşı ifaçısı kimi təsdiq olunub və təltif edilib. Mütəxəssislər onun ifasında həm də müasirlik elementlərini çox dəyərləndirirlər.
Fransanın Lion musiqi festivalında birinci yeri qazanıb. Almaniyada keçirilən festivalda isə ikinciliyə sahib olub.
Hacı Qurban Süleymani tez-tez Qoçan və İranın digər şəhərlərində keçirilən kütləvi konsertlərdə və şeir gecələrində çıxış edir; o, müxtəlif milli TV və radio proqramlarının tez-tez dəvət olunan qonağı və iştirakçı olurdu. O dəfələrlə İran və dünyanın bir çox ölkələrində konsertlər vermişdi.
Hacı Qurban Süleymani müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi.
Hacı Qurban Süleymani doğulduğu kənddə 20 yanvar 2008-ci ildə, 87 yaşında ağciyər ilyihabından vəfat edib. Bəzi qaynaqlara görə vəfat edərkən 85 yaşında imiş. Ölümünün ertəsi günündə cənazaəsi kənd qəbrstanlığında dəfn edilmişdir.
Hacı Qurban Süleymaninin 14 uşağından bir oğlu və iki qızı ata sənəti, musiqiçilyi davam etdirlər. Vəfatından bir il əvvəl isə dütarını oğlu Əlirzaya bağışlayıb, yəni “buyur, indi də sənəti yaymaq növbəsi sənindir”.
Hacı Qurban Süleymani qələmə aldığı qoşma, gəraylı, təcnis, divani, bayatı, rübai, qəzəl və müxəmməslərlə Xorasan ədəbi mühitini, eləcə də yazılı və şifahi poeziyanın ən önəmli cəhətlərini ustalıqla mənimsəyən söz sənətkarı kimi öz məktəbini yaratmışdı. Onun xeyli şəyirdi vardı.
Hacı Qurban Süleymanin qeyri-adi səsi və çalğısı saz-söz sərrafı olan Xorasan ellərində yüksək dəyərləndirilir, ustad sənətkarın orijinal ifaçılığı və şairliyi heç kəslə müqayisə edilmirdi. Nə yaxşı ki, fitrət sahibinin lent yazıları Azərbaycanımızacan gəlib çatıb.
Hacı Qurban Süleymaninin dünyanın bir çox ölkələrində diski buraxılıb. Onun ifasında “Gəraylı”, “Cabbar”, “Qaraçı Bayır”, “Təcnis”, “Zarıncı Hüseyn yar”, “Allah Məzar”, “Zülfiqari”, “Şahxətayi”, “Cəfərqulu”, “Baş Nadir yolu”, “Döşürmə Nadir yolu”, “Baş Hüseyn yar”, “Durna”, Naləş”, Hacıdolaq” və digər havacatlar lentə alınıb.

ƏNVƏR ÇİNGİZOĞLU

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir