Burdan bir atlı keçdi

“Koroğlu”nu, “Cavad xan”ı yaşadan sənətkar heç vaxt unudulmayacaq!

Onunla hər dəfə görüşərkən (daha çox Sumqayıt Dövlət Dram Teatrında, onun yan-yörəsində!) “salam!”dan əvvəl sənətkar kimi böyüklüyünə işarə edərək, dahi M.Ə.Sabirin “Bənzərəm bir qocaman dağa ki, dəryadə durar!” misrasını ucadan söyləyərdim. Məmnunluqla gülümsəyər və əl tutub, qucaqlaşıb-görüşərdik.

…Rövşən Almuradlı kimi görkəmli bir rejissoru, istedadlı bir sənət adamını itirmək biz sumqayıtlılar üçün xüsusilə ağırdır. Bütün Sumqayıt ziyalıları onu həm də olduqca səmimi, mehriban, gözəl bir insan, sədaqətli dost, yoldaş kimi tanıyırdı.
Onu tanıyanlar və onun tanıdıqları olduqca çox idi. Onların içərisində müəllimlər, vaxtaşırı müraciət etdiyi həkimlər, dostluğu ilə qürur duyan jurnalistlər, mühəndislər, xoş salamına, gülər üzünə doğmalar qədər sevinən qonum-qonşu, sadə iş adamları – fəhlələr də çox idi. Tanışları içərisində az olan yalnız məmurlar, vəzifə sahibləri idi. Onun söhbəti-sözü onlarla heç tutmurdu. Xarakteri belə idi. Yəqin elə ona görədir ki, 40 ildən çox teatr və kino sənətinə, xalqa ləyaqətlə, vicdanla xidmət etsə də, bu gün – sabah 65 yaşı olacaqdısa da (heyf, bu yubileyi birgə qeyd etmək ona və dost-tanışlarına qismət olmadı), onu təltif etmək, mükafatlandırmaq, fəxri ad vermək heç kəsin, o cümlədən Mədəniyyət Nazirliyinin və üzvü olduğu Teatr Xadimləri İttifaqının, eləcə də Kinematoqrafiya Komitəsinin rəhbərlərinin fikrinə də gəlmədi, heç kəsi düşündürmədi. Əslində o, mükafat və təltiflər üçün çalışmırdı, bu barədə heç özü də düşünmürdü. Ancaq heç olmasa, min bir zəhmətlə, gecə-gündüz, yorulmadan çalışaraq sənət dostları ilə birgə ərsəyə gətirdiyi “Koroğlu” və “Cavad xan” filmlərinə görə ona çoxdan layiq olduğu “Xalq artisti” adının verilməsi yaxşı olmazdımı, çoxillik əməyinin bəhrəsi kimi onu sevindirməzdimi? Hələ bəlkə daha çox yaşamasına səbəb olardı…
O, hələ nə təqaüdə çıxa bilmişdi (Allah təqaüd yaşını qəsdən artıran o deputatın başına daş salsın! Böyük bir daş!), nə də əlavə bir gəlir yeri vardı. Buna baxmayaraq, həmişə özünü tox tutar, heç vaxt qürurunu pozmazdı. Dik və vüqarla yeriyərdi…
Heyf, çox heyf Rövşən müəllimdən. Allah rəhmət eləsin!..
Bugünkü bəzi naqis nazirlər, “pensiya” deputatı və təkəbbürlü məmurlar da nə vaxtsa dünyadan köçəcəklər. Köçəcək və unudulacaqlar (yox, hərdən bütün əsilbə-nəslinə, goruna söyməklə “xatırlayanlar” da az olmayacaq), ancaq xalqın Rövşən Almuradlı kimi ziyalı oğulları, böyük sənət fədailəri heç zaman unudulmayacaqlar. Onlar ən azı özlərindən sonra xalqa yadigar qoyduqları sənətləri ilə yaşayacaqlar. Rövşən müəllim də özünün yaratdığı 30-a qədər sənədli və bədii filmlərdə daim yaşayacaq. Onun son filmi olan “Əsgərlər unudulanda ölürlər” filminin qəhrəmanları – igid, mərd oğullar kimi!
Layiqli oğlu, gözəl, istedadlı ziyalı, soyadını qürurla daşıyan Kamal Almuradlının simasında yaşayacaq!
…Allah Sənə rəhmət eləsin, böyük sənətkar, əziz, sədaqətli, unudulmaz dost!

RƏHMAN ORXAN

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir