Məşədi Ağa Məhəmmədhüseyn Təbib Qazaxlar

Qarabağın məşhur həkimlərindən biri də Məşədi Ağa Məhəmmədhüseyn Təbib idi. Babası Pənahəli xan Sarıcalı-Cavanşirin hakimiyyəti dönəmində obaları ilə bahəm Qazax mahalından gəlmişdi. Nəvələri iddia edirlər ki, Şəmsəddin mahalından gəliblər. İddialarına etirazımız yoxdur. Tarixən Qazaxlar eli Qazax mahalında, Zülqədər eli Şəmsəddin mahalında köç-düşlə məşğul olurdu. Qərəz, Qarabağ xanlığı ərazisinə gələn Qazaxlar obasının biri hazırkı Füzuli rayonunun ərazisində butalanmışdı.

Məşədi Ağa Məhəmmədhüseyn 1774-cü ildə Xırdapara-Dizaq mahalının Qazaxlar оbasında dünyanı tanımışdı. Şuşa şəhərində mədrəsədə оxumuşdu. Sоnra Təbriz şəhərində tibbi öyrənmişdi. Daha sonra Qarabağa qayıtmış, ilk öncə doğma obalarında əhalinin müalicəsi ilə məşğul olmuşdu. Tez bir zamanda şöhrəti obasını aşmışdı.

Məşədi Ağa Məhəmmədhüseyn təbibi mahaldan mərkəzə gətirilərək həkim kimi xanlığın yaralı əsgərlərin müalicəsilə məşğul olmağı tapşırmışdılar. Savaşdan sonra xanın vəliəhdi Məhəmmədhəsən ağa Sarıcalı-Cavanşirin, daha sоnra оnun оğlu Cəfərqulu xan Nəvanın şəxsi həkimi оlmuşdu.

Məşədi Ağa Məhəmmədhüseyn  müalicə üsulu və bacarığı, tibbi səriştəsi və xoş xasiyyəti sayəsində Qarabağda böyük şöhrət qazanmışdı.

Çətin durumda olan ağır xəstələri sağaltmasını öz gözləri ilə görən şuşalı şair Molla Şənbə yazırdı:

 

Bizim Ağa Məhəmmədhüseyni görüb, təəccüb etdim,

Can verər mürdeyi-sədsaləyə bir quru nəfəs ilən.

 

Yədi-beyzasından məhbut qalıb, həzrəti İsa

Keçirmə vəqtini ey şux, boş həvəs ilən.

 

Könül, meyxanə cənnət, badə kövsər, saqidir qılman,

Gedib oturub-durma, ol nakəs ilən…

 

Məşədi Ağa Məhəmmədhüseyn  insan bədəninin quruluşunu gözəl bilirdi. Əli ilə mədədən tikə ötürür, sınığı sağaldır, baş düşməsini tənzimləyirdi.

Məşədi Ağa Məhəmmədhüseyn  təbib sarılıq, qızılca və digər xəstəlikləri öyrəndiyi tərzlə və hazırladığı bitki tərkibli məlhəmlərlə sağaldırdı.

Məşədi Ağa Məhəmmədhüseyn  təbib müalicədə məcaz sisteminə xüsusi fikir verirdi. O, isti və soyuq təbiətli dərmanların adını qeyd edir, soyuq təbiətli insanlara daxili hərarəti artıra bilən dərmanların qəbulunu məsləhət görüdü. O, xəstəliklərin əmələ gəlməsində və sağalmada insanın təbiətinin və sağlamlığının rolunu yüksək qiymətləndirirdi.

Məşədi Ağa Məhəmmədhüseyn  təbib düzgün qidalanmanı sağlamlığın rəhni sayırdı. Onun məşhur kəlamlarından biri də bu idi ki, “qarnından kəsdiyini dərmana verəcəksən”. Bu ünlü təbib qanazlığını orqanizm üçün böyük təhlükə hesab edirdi və onun aradan qaldırılması üçün dərmanlardan başqa xüsusi meyvələr və qida məhsulları da təklif edirdi.

Məşədi Ağa Məhəmmədhüseyn  təbib  geniş dünya görüşə malik olan həkim

və şəxs idi. O, görkəmli həkim olmaqla bərabər, həm də yaxşı əczaçı və dərmanşünas idi. Kirsdən, Bağrıqandan topladığı dərman bitkilərini öz evində hazırlayar, xəstələrinə cüzi pul bahasına satardı.

Ömrünü Qarabağ səhiyyəsinin inkişafına sərf edən, dərin zəkalı, çox xeyirxah, həyatını öz xəstələrinin yolunda, onların sağalması üçün bir çıraq kimi yandıran bu insan, bu təbib şərəfli ömür yolu keçmişdi.

Məşədi Ağa Məhəmmədhüseyn Bacıxanımla ailə qurmuşdu. Həsən, Şükür, Əsəd, Sadıq adlı оğulları vardı.

 

Ənvər Çingizoğlu

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir