Xocalılıların xilas edilməsi döyüşlərində

Simurq.info xəbər verir ki, Xəbər verdiyimiz kimi Moderator.az əməkdaşı Xocalı soyqırımı ərəfəsində hərbi birləşmə komandirləri olmuş “Fred Asif” ləqəbi ilə tanınan Milli Qəhrəman Asif Məhərrəmov, keçmiş “OMON” komandiri, Daxili İşlər nazrinin sabiq müavini Rövşən Cavadov və digərlərinin 1992-ci ilun iyul-avqustunda Azərbaycan Respublikası Baş Prokurorluğunun istintaq qrupuna ifadələrinin əlyazmalarının surətini əldə edib.
İfadələrdə faciədən öncə Xocalı sakinlərinin xilas etmək üçün Ağdamda hazırlanan əməliyyatların baş tutmamasının səbəbləri, həmin proseslərdə Fəhmin Hacıyev, Dadaş Rzayev,  Tahir Əliyev, Tamerlan  Qarayev və digərlərinin iştirakı barədə ilginc məqamlara toxunulur.
Bu dəfə təxminən bir ay öncə, yəni 1992-ci ilin iyununda ağır yaralanmış Milli Qəhrəman Asif Məhərrəmovun 22 -24 iyul 1992-ci il tarixlərində xəstəxanada Respublika Baş Prokuroru yanında mühüm işlər üzrə müstəntiq E.Əhmədov tərəfindən alınmış 64524 saylı dindirilmə protokolundan Xocalı soyqırımı ərəfəsində baş verənlər barədə deyilənlərin əsas  məqamlarını nəzərinizə çatdırırıq(Üzərindən 27 il keçməsi səbəbindən protokollarda aydın oxunmayan söz və ya ifadələrin yerinə üç nöqtə qoymağa məcburuq):
Tamerlan Qarayevin Ağdamdakı hərbi qüvvələrə komandanlıq etməsini görməmişəm və eşitməmişəm…”
“…Sual: Ağdam şəhərində 25 fevral 1992-ci il tarixinə kimi Xocalı şəhərinin erməni yaraqlılarının mühasirəsindən və Xocalının dinc əhalisinin xilası üçün neçə dəfə hərbi planlar hazırlanıb, kim tərəfindən və hansı səbəbdən həyata keçirilməyib?
Cavab: 25 fevral 1992-ci ilə 10-15 gün qalmış Ağdam şəhərindəki qərargahda, idman kompleksinin binasında və ya Daxili İşlər İdərəsi rəisinin otağında Dadaş Rzayev və
Tahir Əliyev tərəfindən Xocalı şəhərinin(mühasirədən) azad eidlməsi planları hazırlandı. Mənə bir dəfə şifahi surətdə Dadaş Rzayev əmr verdi ki, bizim batalyon nə etməldiir bu əməliyyatda. Dəqiq vaxtı yadımda deyil. Bu əməliyyatda Gəncə diviziyası bizə hərbi texnika vasitəsilə kömək etməli idi. Lakin Dadaş Rzayevun bu əməliyyatı baş tutmadı, çünki Gəncə diviziyasından bizə kömək gəlmədi.
Sonradan 25 fevrala kimi D.Rzayev və T.Əliyevi Ağdam şəhərində Fəhmin Hacıyev əvəz etdi. Onun tərəfindən bir neçə dəfə Xocalını xilas etmək üçün əməliyyat planları hazırlandı. O, bizə vəd edirdi ki, zirehli vaqon var və gələcək Ağdama. Hərbi texnika gələcək bizə köməyə, “spetsnaz” dəstələri gələcək. Bir sözlə, o, vəd edirdi ki, hər şeyimiz var, biz gedib oturacağıq Xocalı şəhərində. Mən onun çağırdığı bütün yığıncaqlarda iştirak edirdim, nə vaxt mənə deyiblər. Bu yığıncaqlarda F.Hacıyev, polkovnik Abiyev(çox güman ki, Səfər Əbiyev-S.L.), podpolkovnik Abdullayev, podpolkovnik Niçepurenko və başqa mən tanımadığım  şəxslər iştirak edirdi.  Bu yığıncaqların keçirildiyi vaxtlar dəqiq yadımda deyil. Amma Fəhmin Hacıyevin hazırladığı əməliyyatların nə üçün həyata keçirilmədiyi mənə məlum deyil. Belə olurdu ki, səhər razılaşırdıq ki, əməliyyata gedək, yalnız getmirdik. Nə səbəbdən bilmirəm, kimin təqsiridir, deyə bilmərəm, çünki məlumatım yoxdur.
F.Hacıyevə Ağdam şəhərindəki bütün özünümüdafiə dəstələri qulaq asırdılar, onun dediyi vaxt yığıncağa gəlirdilər, ona qarşı ciddi narazılıq edən yox idi. Hansı əməliyyat Xocalı hadisəsinədək olmalı idi, xəbərim var. Yalnız dəqiq deyə bilmərəm ki, 25 fevral saat 14:00-da keçirilməli idi, çünki yadımda deyil. Əməliyyatların hamısını F.Hacıyev təşkil edirdi və “əməliyyata getməyəcəyik” komandasını da o verirdi.
Tamerlan Qarayev, Ali Sovet sədrinin müavini Ağdam  şəhərində Xocalı qırğınınadək fevral ayında və qırğından sonra da olub. Onun hərbi qüvvələrə komandanlıq etməsini görməmişəm və eşitməmişəm. Prezidentin Ağdam şəhərindəki müvəkkili ilə onu görmüşəm, fəaliyyətindən xəbərim yoxdur…
Xocalı əhalisinin xilasını mən hərbi vertolyotlar vasitəsilə Xocalıya desant endirib şəhərin müdafiəsini gücləndirmək və oradan  Əsgəran tərəfə aldadıcı atəşlər və hücumlar etmək və həmin vaxt Ağdamdakı  bütün qüvvələrlə, zirehli vaqonun və hərbi texnikanın köməyi ilə Əsgəran yolunu açmaqda görürdüm…
F.Hacıyev Ağdamda olanda, mən iştirakçısı olmamışam, yalnız camaatdan eşitmişəm ki, Kərimov Qasım(“Karyer” Qasım) ümumi komandanlığı öz üzərinə götürmək istəyib, guya ki, F. Hacıyev heç bir iş görmür. Bundan başqa “Karyer” Qasımın heç bir hərəkətindən və fəaliyyətindən xəbərim yoxdur…
Bu hadisə səhv etmirəmsə,  Malıbəyli, Quşçular kəndlərinin əhalisi  çıxan dövrdə baş verib. …şəhərində(yəqin ki, Ağdamdan söhbət gedir-S.L.) iki maşından ibarət “Qrad” qurğusu var idi. Buna hərbçi Niçepurenko rəhbərlik edirdi. Və onunla Nəsimi adında oğlan istifadə edib atırdılar. Həmin “Qrad”lardan Əsgəran istiqamətinə düzgün atəş açılmadığından özünümüdafiə dəstəsinin komandiri Niçepurenkoya dedi ki, mən kəşfiyyatda olanda gördüm ki, mərmilər hədəflərə dəymir. Bu vaxt Niçepurenko əsəbiləşdi ki, sən mənə öyrədəcəksən, mən düz atmıram. Onda mən Niçepurenkoya dedim ki, sən niyə əsəbiləşirsən, Faiq səni təhqir etmir ki, o, gördüyünü görüb deyir ki, düz atmırsan…
Sual: Fevralın 25-dən 26-a keçən gecə sizin batalyon harada yerləşirdi və Xocalı hadisəsindən nə xəbəriniz var?
Cavab: Bu vaxt mən Ağdam şəhərində stadionda öz batalyonumun döyüşçüləriylə yerləşmişdim. 26 fevralda səhər tezdən Şelli kəndindən Xosrov adlı döyüşçü gəlib dedi ki, ermənilər Xocalı camaatını qırırlar. Təcili döyüşçülərimizi yığıb Şelli kəndinə yollandıq. Biz bu istiqamətdə ermənilərlə döyüşlər apararaq Əsgəran rayonunun körpüsünədək gəlib çıxdıq. Həmin döyüşlərdə Yaqub Rzayevin(Qarabağ camaatı arasında “Qatır Məmməd” və ya “Ala Yaqub” ləqəbləri ilə tanınırdı-S.L. dəstəsi və iki tank da iştirak edirdi. Şirin Mirzəyevin batalyonu və Fəhmin Hacıyevin dediyi “zirehli qatar” bizə köməyə gəlib  çıxmadılar. Biz qanlı döyüşlər apararaq Xocalıdan qaçan əhalini xilas edirdik və həlak olanların meyitlərini götürürdük. Əlavə edirəm ki, Xalq Cəbhəsinin döyüşçüləri də döyüşdə iştirak edirdilər. Ancaq avtobusla gəlmiş XTMD-nin üzvləri, 5-6 nəfərdən başqa, həm də Faiq Baxşəliyevin milis batalyonu döyüşlərdə iştirak etmədilər və bizə köməklik göstərmədilər. Onlar Qaraqayadan aşağı düşmədilər. Hətta mən onlarla mübahisəyə girişdim ki, niyə vuruşmursuz. Bu zaman  bütün qüvvələr döyüşdə iştirak etsəydilər, Əsgəran rayonunu götürmək olardı. Çünki vuruşanlar gördüklərindən hiddətə gəlib şiddətli döyüşlər aparırdılar. Bu vaxt Şelli kəndində  yerləşən tanklar istifadə olunmadı. Deyilənə görə, onlardan bir milis podpokovniki istifadə etməli imiş, lakin etməyib. O kimdir və nə üçün tanklardan istifadə etməyib, bilmirəm.
Onu da demək istəyirəm ki, Xocalı  döyüşçüləri şəhərdən çıxan zaman erməni yaraqlılarına qarşı lazımi müqavimət göstərməyiblər.
22 iyul  1992-ci il tarixdə mən döyüşlərdə qəhrəmanlıq göstərdiyimə görə “General Əsədov” mükafatına layiq görülmüşəm. Bu mükafatı Qarabağda şəhid olanların ailələrinə bağışlamaq istəyirəm…
İfadəmi oxudum, sözlərimlə düzgün yazılıb”.
 
İfadə  şahidin imzasıyla təsdiq edilib. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir