FİRUZ MUSTAFANIN ARXİVİNƏ SƏYAHƏT

Haqqında söhbət açacağım ədibi, güman edirəm ki, yaxşı tanıyırsınız. Onun bir çox teatrlarda nümayiş etdirilən səhnə əsərlərinin tamaşaçısı olub, bədii, elmi və publisistik yazılarını oxumusunuz. Bu sətirlərin müəllifinin sizlərlə bölüşmək istədiyi fikirlər isə, əsasən onun “…QAPI…” kitabı ilə bağlıdır. (Əslində həmin kitabda gedən eyniadlı romanın bütöv adı belədir: “Zülmətə açılan QAPI sanki həmin anlarda tanrının göz yaşları ilə islanmış qurbanları qəbul etməkdən yorulmuşdu”).
Firuz Mustafanın kitabı bu yaxınlarda işıq üzü görüb. Bundan xeyli əvvəl bir səhnə əsərinə baxandan sonra müəlliflə görüşüb fikir mübadiləsi aparmaq istəsəm də, bu, o vaxt mümkün olmamışdı. Bu yaxınlarda isə məzkur kitab mənə töhfə edildi. İlk növbədə kitabın adı məndə maraq oyatdı; xüsusən, peşə həmkarımın yazıçı kimliyi və hələ ömür yolunun ortasında acı keçmişə coşqun meyli!
Kitaba müəllifin üç nəsr və üç dram nümunəsi daxil edilib. Nəsr nümunələri müxtəlif janrlardadır: hekayə, povest və roman. Bir az da dəqiq desəm, hekayə-triptix, povest-pritça və roman-kantata.
Mən indiyədək Firuzu mehriban, nəzakətli, ağıllı, sakit, təmkinli, sadə, təvazökar bir oğlan kimi tanıyırdım. Bu kitabı oxuduqca, gözüm önündə müdrik, həyatın ağrı-acılarına bələd olan, bu yaşda nəşə-xumarlı məhəbbət ovqatı ilə yaşamaq əvəzinə neçə zamanın yamanlıqlarını özünə dərd eləyib, insanları mənəvi epidemiyalardan qorumaq naminə ürəyini yeyə-yeyə, zehnini zəhərli yamanlıqlar arasından çıxararaq, sözün həqiqi mənasında Sokratsayağı, insanlara şəfa məlhəmi vermək əqidəsi ilə yaşayan bir yazıçı canlandı. Məni yeni sözlə, yeni düşüncə ilə əqrabalaşdırdı Firuz!
Kitabı oxuyuram. İlk görüşümə gələn “At günü” hekayə-triptixidir. Qoy müəllif ahıl nasirdən bu ifadə üçün inciməsin: filosof-yazıçının təkcə bu əsərini oxumaq kifayət edərdi ki, müəllifin məslək qayəsini, yazıçı qüdrətini anlaya biləsən. Triptix mövcud ədəbi janrın tələbinə uyğun olaraq üç bölmədən ibarətdir: “Qaçış”; “İntihar”; “Son”.
Nə qədər düzgün seçilmiş, məharətlə işlənmiş obrazdır At! İlk növbədə o qənaətə gəlirik ki, yazıçı qələmə aldığı həyata dərindən bələddir. Firuz Mustafanın hekayəsi təhkiyə zənginliyi ilə də məni heyran etdi. Simvollarla zəngin olan bu əsərdə at müstəqil bədii obraz kimi götürülüb və onu da deyək ki, Şərq ədəbiyyatında, o cümlədən, Azərbaycan nəsrində və poeziyasında məcazlara istinad cəhətdən, bu obrazla bağlı rəngarəng bir qalereya mövcuddur. Amma belə hesab edirik ki, indiki dövrdə, ictimai-dünyəvi məzmunlu əsərlərə daha kəskin ehtiyac duyulduğu bir vaxtda, “At günü” tamamilə orijinaldır, bənzərsizdir.
“Bahar otları kimi şirin arzularının arxasınca” qoşan dayçanın canavara tuş gəlməsi, ilxı stixiyasına qoşulma cəhdi, onun az qala insan kimi keçirtdiyi sarsıntılar qeyri-adi bir ustalıqla qələmə alınıb. Bəlkə də, indiki oxucu, bizim dövrün kitab mütaliə edənlərdən fərqlidir və ona görə də hər seyi öz adı ilə demək lazım gəlir. Qısaca olaraq onu xatırladım ki, gözü bağlanıb anası ilə cütləşməyə təhrik edilən dayça az sonra hər şeyi sanki insan kimi içindən keçirərək sarsılır. “Dayça yaydan qopmuş ox kimi yuxarıya doğru atılıb var gücü ilə özünü yerə çırpdı. Onun başı zərblə kiçik qaya parçasına dəyib guppuldadı… Dayçanın ağzından qan gəlirdi”.
Baş vermiş müdhiş hadisə bizi düşünməyə, nəticə çıxarmağa vadar edir. İndi biz, görünür, təkcə Aristotellərdən, Tusilərdən deyil, heyvanlardan da “insanlıq” dərsi öyrənmək zorunda qalmışıq.
Əsərdə namusunu satan bir adamla “namuslu” bir atın obrazı paralel olaraq, böyük ustalıqla təsvir edilib.
Qələm sahibinin səlahiyyəti sözlərlə yol göstərmək çərçivəsindədir, dünyanı düzəltmək iqtidarı verilməyib, axı, ona!..
Firuz Mustafanın “Dəniz köçü” povest-pritçası mənə Heminqueyin “Qoca və dəniz”ini xatırlatdı. Amma burada tamamilə başqa bir məsələ – insanla təbiətin harmoniyası, birliyi uğurla önə çəkilir. Ürəyi Tanrı ilə düz olan kəsin hər cür çətinlikdən xilas olmaq ehtimalı böyükdür. Əsərin qəhrəmanı gənc Tuqayın keçirdiyi hisslər, göstərdiyi şücaət və bütün baş verən hadisələr oxucunu öz təsiri altında saxlayır.
İçimizi göynədən, bizi həyəcanlarıdıran hadisələri hikmət sahibi olan yazıçı realist bir qələmlə təsvir edir, məlumdan-məchula, sadədən mürəkkəbə (və gah da əksinə) keçdikdə kitabın leytmotivinin səfini-sırasını pozmur, əksinə, daha da dərinliyə varır.
Artıq qeyd etdiyim kimi, ilk növbədə adı ilə übarə xatırlatdı. Yox, xatırlatmadı, yenidən yaşatdı. Mənim həyatımda o illər dəhşətli – qorxulu yuxu kimi qalıb. “…QAPI…” güclü obrazları, bədii təfərrüfatları ilə məni yuxudan ayıltdı. İllərin üstünə çəkdiyi bər-bəzəkli örtüyü kənarlaşdırdı və məni onlarla – o qara zülmət qapını günahsız insanların üzünə açanlarla eyni bir cinsə məxsus olduğuma görə sanki müttəhimlər sırasına qoşdu.
Düzü, ağrı-acılarla dolu olan o illərə bir daha “səfər” etməyə ürəyim gəlmirdi. Mövzudan agah olandan, repressiya dəhşətlərini (bu yaxınlarda “Zəmanələrlə üz-üzə” ömürnaməsini yazarkən) ikinci dəfə yaşadığımdan üçüncü müdaxilədən yayınmaq istəyirdim. Bir də ona görə ki, çağdaş zəmanətdə qiyamətə aparan yolda onun əlamətlərindən əzablanıram, onlardan xilas cığırları arayıram. Bu, kifayət deyilmi?! Ancaq yox! Mən faciələrlə dolu illəri indi ayrı bir məqamda yaşamalı oldum.
Əgər Firuz Mustafa “…QAPI…”nın müqəddəməsində açıqlama verməsəydi, ərknən yazıçıya acığım da tutardı. Bəlkə də haqlı olduğumla razılaşardı da! Axı, o illərin dəhşətini, faciəsini görməyən, yaşamayan adam oxucuya təzə nə deyə bilər? Mən və on minlərlə “mən” – otuzuncu illərin zillətini çəkmişlər (onların arasında məhkumların qələm sahibi övladları da az deyil) nə qədər yazsalar da, ekranlarda ürəklərini boşaltmağa çalışsalar da, nisgilləri-dərdləri tükənmir. Qoca tarixdə bu qədər günahsız insan qırğını, bu qədər ölüm düşərgələrinə sürgünlər, əzablı təqiblər – bu qədər bənzərsiz faciə olmayıb. Elə ki, bir neçə cümlə etiraf arayışını oxudum,”…QAPI…”nı da “At günü” kimi həyəcanla izləməyə başladım. Etiraf isə bunlardı: “…mən özümü repressiya “olunanlara”, “dissidentlərə” (axı, indi belələri – atasını öldürüb, goruna and içənlər də var – C.Ə.) aid etmirəm (yeri gəlmişkən, xatırladım ki, 30-cu illərdə onlarca qohumun repressiya qurbanı olub və indi oxuduğunuz əsərdə təsvir olunan bəzi epizodlar özündə o dövrün ab-havasını əks etdirir)”. Deməli, yazıçı o illərin əzabını fiziki cəhətdən olmasa da ruhən, qəlbən yaşayıb. Lakin bununla yanaşı, o, sənədli yox, bədii əsər yazıb.
İnam, inanc ilə romanı oxudum, oxudum yox, hər cümlənin ahəngi, məqamı ilə yaşadım və bu “məngənədən” azacıq xilas olanda, baş verənləri yuxuda görürmüşəm kimi, başımı sirkələyib oyanmaq istədim. Bu bədii səviyyəni Tanrı bəxşişi olan qələm sahibliyin, istedadın, intellektin varlığı ilə bağlamaq da azlıq elədi…
Axı, öz canlı həyat müşahidələrimiz bir yana, bu mövzuda rus klassikasının dünya şöhrətli romanlarını oxumuşuq. (Bulqakov, Rıbakov, Platonov…kimi yazıçıların əsərlərində o dövrün ab-havası geniş şəkildə əks etdirilib. Yeri gəlmişkən, onu da deyim ki, əlli il öncə tapıb oxuya bilmədiyim Pasternakın “Doktor Jivaqo” romanını Sovet vətənimizdə yox, Vyanada gənclərin Dünya festivalında (1958) balışımızın altına qoyub gizlicə oxuyurduq).
Firuzun kitabı ümumən repressiyadan bəhs etsə də, forması, fabulası ilə tamamilə yeni və orijinaldır. Əsərin qəhrəmanının adı da gizli saxlanılır, romanda həmin obraz O kimi təqdim edilir. Qəhrəmanın sənəti-peşəsi də “gizlidir” (O, adamöldürən, daha doğrusu, həbsxana cəlladı vəzifəsini icra edir). Müəllifin “roman-kantata” kimi təqdim etdiyi əsər sanki, həqiqətən, müxtəlif musiqi ladları üzərində qələmə alınmışdır; belə ki, məsələn, “Kavatina”da gərginləşən hadisələr, “Reçitatv”də səngiyir, “Xor”da isə çoxsəsli vüsət alır. QAPInın “o üzündə” baş verənlərlə tanış olduqca istət-istəməz üşənirsən və fikirləşirsən ki, Allah eləməmiş, bugünün doqqazında tıxaclananlar birdən güc gəlib qara qapıdan bu yana keçsələr, insanların taleyi yenə də zülmün ərşə qalxdığı məramla nəticələnə bilər. Min şükür, bizim məkanda zülmətə açılan QAPI yoxdursa da, haqsızlığa, insanın yaşam hüququna basqılar, bir çox nakəslərin şəxsiyyətləri sındırmaq cəhdi, müqəddəs dəyərlərin alver predmetinə çevrilməsi, çox təəssüf ki, hələ qalmaqdadır. Və biganəlik olsa, onlar bu gün də qara qapıya çevrilə bilər.
Nədir doqqazlarda cəm olunanlar? Şərin-xeyri üstəlməsi, nəinki yaxın dostların, hətta, ana-balanın, qohum-əqrabanın yadlaşması, insan təbiətinin ətraf aləmdən- təbiətdən kənarlaşması və bunlardan doğan yamanlıqlar…
Bütün bunları yazıçı dörd gözlə, Tanrı baxışı və vicdanlı vətəndaş qeyrəti ilə görüb dərk etmiş və ağlın qüdrətinə söykənərək həqiqəti bütün acılığı ilə göstərmək qənaətinə gəlmişdir.
Kitabın mehrabına – QAPI məqamına gələk. Ədəbiyyatımızda bu mövzu – heç bir xalqın taleyində bənzəri olmayan repressiya qurbanlarının faciəsi, son on illərin ağrı-acısı, sızıltısı ilə yaşanmaqdadır.
Yazının bu məqamında dahi Norveç dramaturqu Henrik İbsenin “Vəhşi ördək” əsərindən bir görüntü yadıma düşdü. Ovçunun vurub yaraladığı ördək uçub başqa bir yerdə gizlənmir. Suyun dibinə cumur, otdan-yosundan yapışır, özünü qoruyur. Amma o, canını nə vaxtacan qoruya biləcək?..
Romanı oxuyanda zəngin bədii təfərrüatlar, insan sifətinin şəkildən-şəklə düşməsinin gerçək görüntüləri ilə özünü onların yerinə qoymaq vadarlığı yaradır, içini göynədir. Tək kiçik bir epizod: “Yağışdan əsər-əlamət yoxdur… Bəs bu qoluzəncirlilərin üz-gözü niyə islanmışdı?(…) Sallaqxanaya gedən qoyunlar kimi çiyin-çiyinə, boyun-boyuna verib açıq qapıdan içəri keçdilər… Bu damcılar haradan peyda olub bu bədbəxtlərin, zavallıların üz-gözündə? Bu, bəlkə Allahın göz yaşları idi?! Axı, ola bilməzdi ki, Allah arabir insanların halına ağlayıb göz yaşları tökməsin! İnsanı Allah yaradıbsa, demək, o özü də elə öz yaratdıqları kimi ağlaya bilərdi”.
Bəndələr Allahı unudanda, həmişə belə olub – budur yazıçının xəbərdarlığı. Buna əməl edilməsə, bu zülm zaman-zaman təkrarlanacaq, “ölülər dirilərə baxıb qətiyyən dirilmək istəməyəcək”.
Qoy ulu Tanrı öz məxluqunun halına acı-acı göz yaşı axıtmasın, onu sevinc yaşına qərq etsin!
Dediyimiz kimi, kitaba müəllifin üç dram əsəri daxil edilib: “Müqəvva”, “Çardaqda zirzəmi” və “Neytral zona”.
Bu gün dram janrına müraciət etmək asan deyil. Bir həqiqət də var ki, indiki həyatımız büsbütün dramatik hadisələrlə zəngindir. Yolda-izdə, yas yerində, yaxınlarla söhbətdə hər gün elə hadisələr nəql edilir ki, bunları bədiiləşdirmək, hətta, Şekspir üçün də çətin olardı… Qəzaya düşmüş insan bütün fikrini bir yerə cəm edir (başıma gəlib): qəzadan sonra sağ qalacağammı?! Bizlər də bəşəri hissləri içimizdən keçirməzdən əvvəl ibtidai insanın qayğıları ilə əlbəyaxa qalırıq: necə eləyək ki, balalarımız (eləcə də özümüz) bu müsibətlərdən xətasız ötüşək…
“Müqəvva” monodramını oxuyuram. Bu da rəmzlərlə zəngin olan əsərdir. Amma burada rəmz-təmsil üçün heyvanlar aləmindən obraz seçilməyib. Əsərin qəhrəmanı kişi müqəvvasıdır.
“Müqəvva” ictimai səciyyəli mövzuda qələmə alınmış bir əsərdir.
Qadın evinə kişi müqəvvası gətirib, ona “ərə gedib”. İndi az qala dünyanın bütün kişiləri onunçün adi bir müqəvvadır. Onun özünün “həyat fəlsəfəsi” var: “Hərə bir şey istəyir. Çörək, iş, pul, azadlıq, həqiqət, düzlük, qanun-qayda… Budur pəncərədən baxıram, onların hamısı müqəvvaya, manikenə, yəni sənə oxşayır”. Qadın bu sözləri müqəvvaya deyir, toplaşanlara isə eyhamla çatdırır: “Bəs nədən, haradan başlayır bizim azadlığımız? Öz nəfsimizdən, öz xislətimizdən, öz daxilimizdən, öz xaricimizdən… başlayır. Əvvəlcə, ürəyinizi azad edin, sonra ruhunuzu, sonra da bütün bədəninizi”. Müqəvvanı isə buna inandıraraq istəyir: “Sən tam azadsan. Elə mən özüm də azadam. Biz indi çox xoşbəxtik”.
Ancaq elə bu dəqiqədən etibarən dramatik kulminasiyada enmə başlayır. Və sonda qadın müqəvvaya çevrilir, kişi (maniken) isə… canlı kişiyə! Artıq rollar dəyişir. Bir qədər əvvəl deyilmiş sözlər öz yerini alır: “Hər ikimiz sərbəstik, azadıq”. “Müqəvva” oxucunu-tamaşaçını düşünməyə vadar edir.
“Neytral zona” iki sərhədin arasında – neytral zolaqda qalan kişinin tragik və komik situasiyaya düşməsinin ustalıqla təsviridir. Həmin zonada itən heyvanın – itin sahibi tapılır, insana isə yiyə çıxan tapılmır. Əsərin qəhrəmanı haray qoparır: “Bu müsibətə necə dözürsən, ay Allah?! İtin, pişiyin, toyuğun, cücənin sahibi var! Bəs mənim?! Bəs bizim? Niyə bizə sahib durmursan, ay bu dünyanın sahibi?! Oyyy…” Yazıçı fərdi və bəşəri problemi bir insanın taleyində birləşdirərək maraqlı fəlsəfi ümumiləşdirmə aparmışdır.
Firuz Mustafa bu dünya dolusu dərdlərimizi qələmə alarkən, daxilən gör nə qədər əzabları yaşayıb və yaşadıb, ürəyini yeyib, çağdaş insanın ağrısını dağdan arana, arandan dağa daşıyıb, ona haqq sözünü demək istəyib və çox mətləbləri incəliklə, eyhamla, ustalıqla deyə bilib. Gizlətmirəm ki, neçə yüz səhifəni oxuyub başa çıxana qədər yazıçı zillətinin bir qismini mən də yaşamalı oldum, için-için göz yaşları axıtdım. Əsəri oxuduqca istər-istəməz yazıçının yaratdığı obrazların -insanların, eləcə də bu obrazları yaradan yazıçının dözümünə heyrətlənməyə bilmirsən.
Ancaq son səhifəni nikbin əhvalla çevirdim.
“…QAPI…” kitabı məni çox nadir istedadla görüşdürdü. İnandım ki, yeni zəmanənin ədəbiyyatını, bax, bu cür ayıq, həyati və cəsarətli, həm də bütün telləri və rişələrilə xalqa bağlı olan yazarlar yaradacaq. Qələm əhli Allah dərgahı ilə bizlər arasında merac yaxınlığı yaradacaq və biz haqqa qovuşacağıq!
Əgər mən – qoca nasir bir neçə gündən bəri Firuzun yazılarının təsiri altından çıxa bilmirəmsə, deməli, gənclik bu əsərlərdəki insani çağırışlara səs verəcək, öz həyatını bu inandırıcı bədii təəssüratlar içərisində xoş zəmanə üçün hazırlamalı olacaq, inşallah.
Kitab mənim üzümə qapı açdı – amma zülmətə deyil, işığa!
Qətiyyətlə demək olar ki, yeni kitab həm oxucuya aşıladığı pak hissələrə və dilimizin qüdrətini dəyərincə zinətləndirdiyinə görə, həm də nəsrimizə yeni işıqlı qapı açdığına görə, nəinki təkcə Firuzun, habelə bütün ədəbiyyatımızın uğuru hesab olunmalıdır.
Açıq-aşkar görünür ki, Firuz Mustafa ədəbiyyatımıza yeni nəfəslə gəlib, yeni nəfəs gətirib.
Bu istedadı, bu qeyrəti, bu gəlişi alqışlayıram!

Cəmil ƏLİBƏYOV

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir