20 yaşında ABŞ-da əməliyyat aparan azərbaycanlı cərrah

Belə bir oğulu necə bağrına basıb, alnından öpməyəsən, mümkün deyil. Bəli, bu biçimdə övladlar yetişdirən xalqın qarşısında baş əyməmək günahdır, onların varlığına sevinməmək insanlıqdan olmaz…

 

28 yaşın içindədir, amma 28 il iş təcrübəsi olan bəzi həkimlərdən çox iş görüb, çox adama şəfa verib, necə deyərlər, bu insan, sanki anadan cərrah olmaq üçün doğulub. Haqqında söhbət açdığım Firudin Azəri mərhum Seyid Cəfər Pişəvərinin bacısı nəvəsidir. 1991-ci ildə Bakıda dünyaya gəlib. 2003-cü ildə 7-ci sinfi 7 nömrəli məktəbdə bitirdikdən sonra, Kanadaya köçüb. 2009-cu ildə tam orta təhsilini Kanadanın Fort Erie şəhərində başa vurub. Həmin il ABŞ-a gələrək, Corc Meyson Universitetinin fiziki kimya fakültəsinə qəbul olunub. Orada tam təqaüdlə oxuyb və 2013-cü ildə universiteti fərqlənmə diplomu ilə bitirib. Bununla kifayətlənməyib, 2013-2017-ci illərdə Virciniya Universitetinin tibb fakültəsində MD həkimlik dərəcəsinə yiyələnib. Bu elm ocağında təhsil aldığı dövrdə apardığı tədqiqatlara, qazandığı ballara görə universitet üzrə ən yaxşı 10 məzundan biri, cərrahiyə üzrə isə birinci olub.

 

2017-ci ildən Filadelfiya şəhərinin Pensilvaniya Universitetinin cərrahiyə fakültəsində ilk azərbaycanlı kimi rezidentura keçir. O, bu fakültədə elmi araşdırmalar və cərrahi əməliyatlar aparmaq üçün min həkimin arasından seçilən səkkiz nəfərdən biri olub. Desəm inanmayacaqsız, indiyədək 500-dən çox cərrahi əməliyyat aparıb. Əsasən də sahəsi ağ ciyər və mədə xərçəngidir. Söylədiyinə görə, ilk əməliyyatı hələ 20 yaşı olanda kor bağırsaq üzərində edib. Yeri gəlmişkən, ABŞ qanunlarına görə rezident həkimin nəzarəti altında cərrahi əməliyyat apara bilər.

 

Qısa müddətdə bir neçə mükafata layiq də görülüb – “Cərrahiyə üzrə R.Skott Cons mükafatı” və “Hemotologiya üzrə Samuel Maykl Bruk adına mükafat”…

 

…Virciniya Universitetində təhsil alanda təsadüfən bir tələbə orada çalışan həmyerlimiz, cərrah Rauf Şahbazova xəbər aparır ki, bəs universitetdə bir azərbaycanlı tələbə var. Görüşüb tanış olurlar. Sonradan, bu tanışlıq dostluğa çevrilir. Birlikdə “Azərbaycan Amerika Tibb Asossasiyası”nı təsis ediblər. Təşkilat bir sıra layihələr həyata keçirib. Hətta Azərbaycandan ABŞ-a tibb sahəsində oxumağa gələn bir neçə tələbəyə yardımçı olub…

 

Deyir ki, – “Burada şanslar çoxdur. Özünə güvənənlər, savadına arxalananlar üçün hər cür şərait var. Mən çox istərdim ki, həkim olmaq istəyən gənclərimiz çəkinmədən ABŞ-a üz tutsunlar. Çətinliklərdən qorxmasınlar”…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir