Fuad Poladovun şəxsi arxivi Teatr Muzeyində

Şəxsiyyət – öz mövqeyi, əqidəsi olan, ətrafda baş verən hadisələrə biganə qalmayan, lazım olan anda sözünü deyən, mövqeyini bəlli edən,sözü eşidilməyəcək yerdən vaxtında getməyi bacaran insandır.

Sözü, özü, şəxsiyyəti bütöv olan böyük insan – Fuad Poladov…

Sizin haqqınızda düşünmək, danışmaq mənə çox çətindir. Ən çətini isə düşündüklərimi qələmə almaqdır. Başqalarından fərqli olaraq, sizin haqqınızda yazmaq mənə hər zaman çətin olub. Fuad Poladov zirvəsini fəth edəcək, şəninə yaraşıb onu vəsf edən cümlələri axtarmaqda acizlik çəkmişəm. Hər zaman belə idi. Həm onda, həm də indi…

Yəqin bu səbəbdən aradan ötən doqquz aylıq zaman kəsiyində sizin haqqınızda bir cümlə yaza bilmədim. Mənə elə gəlirdi ki, düşündüklərimi qələmə alsam, sizin yoxluğunuzu qəbul etmiş olacam. Mən hələ də bu yoxluğu dərk edə bilmirəm.Yəqin bu səbəbdən sizsiz qalan əşyalarınıza toxunanda çox təsirləndim. Söhbət ondan gedir ki, Fuad Poladovun şəxsi arxivinin bir qismi bundan sonra Teatr Muzeyində nümayiş olunacaq. Görkəmli sənətkarın həyat yoldaşı Gülüstan xanım Fuad Poladova məxsus şəxsi arxivi Muzeyə təqdim edib.

Gülüstan Poladova şərfin kiçik tarixçəsi olduğunu deyir: “Bu şərfin 50 ildən çox yaşı var. Fuadın tələbəlik illərindən yadigar qalıb. Köhnəlməsinə baxmayaraq, heç vaxt atmağa qıymayıb. Dostu Ceyhun Mirzəyevlə məşhur fotoları var. Həmin fotoda Fuadın boynunda olan şərfdir. Üzük isə Fuada hədiyyə verilmişdi. Amma Fuad üzük taxmağı sevməzdı. Alışqan da hədiyyədir. Üzərində yalquzaq təsviri var”.

Fuad Poladovun əşyalarının bir qismi muzeydə, bir qismi sevdiklərində, bir hissəsi arxivdə əbədiləşəcək.

Azərbaycan teatr və kinosunun əvəzsiz sənətkarının xatirəsi isə yaddaşlarda hər zaman canlı, əzəmətli və özünün dediyi kimi xarakterli qalacaq. Çünki Fuad Poladov “Mənim xarakterim var. Xaraktersiz adamları qəbul etmirəm” deyərdi.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir