Azərbaycanda dronlardan istifadə edə bilərsinizmi

Hələ ki, Bakı sakinlərinin dronlar vasitəsiylə yemək sifariş etməsi üfüqdə belə görünmür. Ona görə yox ki, Bakı küləklər şəhəridir və dronlar Bakı səmasında uça bilmirlər.

Sadəcə ona görə ki, pilotsuz uçan aparatların Azərbaycana gətirilməsi və istifadəsini tənzimləyən qanun yoxdur.

Pilotsuz uçan aparatların istifadəsi niyə vacibdir?

Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev hesab edir ki, dronlar və sonradan proqram yazılması mümkün olan bu kimi aparatlar süni intellekt hesab olunur və Azərbaycanda onların istifadəsi faydalıdır.

“İnsanlar kütləvi olaraq, qanuna uyğun olaraq pilotsuz uçan aparatlarla təmasda olsalar onlardan çox şey öyrənə bilərlər. Azərbaycanın gəncləri pilotsuz uçan aparatlar və bu kimi süni intellekt məhsullarından öz bacarıqlarını daha da yüksəltmək imkanı əldə edərlər. Ondan faydalanaraq proqramlaşdırmada irəliləyiş etmək olar, yeni-yeni ideyalar reallaşdırıla bilər”,- Rasim Əliquliyev belə deyib.

Azərbaycanda pilotsuz uçan aparatlar istifadə olunurmu?

Rasim Əliquliyevin sözlərinə görə, hazırda Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar parkında müxtəlif dövlət qurumlarının sifarişiylə pilotsuz uçan aparatlar hazırlanır və istifadə olunur.

Bundan başqa, Azərbaycan hərbi sənaye müəssisələrində bir neçə növ hərbi təyinatlı dronlar istehsal olunur.

Azərbaycan ordusunun silahlanmasında yerli və xarici ölkələrin məhsulu olan dronlardan istifadə olunması Bakıda keçirilən hərbi paradda bir neçə dəfə nümayiş olunub.

Azərbaycana dron gətirmək olarmı?

Alim Rasim Əliquliyev hesab edir ki, pilotsuz uçan aparatların faydalı tərəfləri olması ilə yanaşı mənfi tərəfləri da var.

“Dronlar elə cihazlardır ki, onları hansı təyinatda istifadə etsən o sahədə uğurlu olar. Qanunsuz işlərdə istifadə edənlərə qarşı hüquq mühafizə orqanlarının əlində onlarla mübarizə üçün vasitələr olmalıdır”,- Rasim Əliquliyev deyib.

O bildirib ki, bu məsələyə diqqətlə yanaşmaq lazımdır, çünki qanun olmadığına görə, ayrı-ayrı qurumlar vətəndaşların şikayətini əsas gətirərək məhdudlaşdırıcı addımlar atmağa başlayırlar.

“Xarici ölkələrdə dronları çəkisindən və təhlükəsizlik qaydalarından asılı olaraq hətta uşaqlara da hədiyyə edirlər. Dron olmaz gətirmək, dronu keçirmək olmaz kimi sözlər qanunun olmamasından qaynaqlanır”,- alim sözlərinə əlavə edib.

Hazırda pilotsuz uçan aparatların istifadəsi necə tənzimlənir?

İctimai fəal Bəxtiyar Hacıyev xeyli müddətdir ki, ölkəyə gətirdiyi dronu istifadə edə bilmədiyini deyir.

Yerli mətbuatda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bir neçə dəfə dronların istifadəsi qaydaları haqqında məlumat yayılsa da neçə illərdir ki, bu qanun qəbul olunmur.

Hazırda qüvvədə olan qanuna görə, pilotsuz üçan aparatlar mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların siyahısına salınıb.

Mülki Məcəlləyə 2016-cı ilin 17 mayında olunan dəyişikliyə görə, pilotsuz uçan aparatlar mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən əşya sayılır.

Onu ölkəyə gətirərkən və ya ölkə daxilində satın alarkən bir neçə dövlət qurumundan icazə almaq tələb olunur.

İcazə verməli olan qurumlar:

Pilotsuz uçan aparatların istifadəsi üçün elektron qaydada Dövlət Mülki Aviasiya Administrasiyasına müraciət olunmalıdır.

Daha sonra digər adıçəkilən üç dövlət qurumu rəylərini Dövlət Mülki Aviasiya Adminstrasiyasına göndərir və oradan yekun cavab verilir.

Bəxtiyar Hacıyev BBC News Azərbaycancaya deyib ki, onun gətirdiyi pilotsuz uçan aparatla bağlı müraciətinə mənfi cavab verilib.

Onun sözlərinə görə, dövlət qurumları rəsmi cavabda Azərbaycanda pilotsuz uçan aparatların istifadəsini tənzimləyən qanunun olmadığını əsas gətirilib.

“İki ayrı şəxs mövcud dörd qurmuma dronla bağlı müraciət edib, hər ikisi də eyni markalı dron üçün müraciət ediblər. Bu qurumlardan onların birinə mənfi birinə isə müsbət cavab gəlib. Açıqlama isə verilməyib”,- Bəxtiyar Hacıyev deyib.

Media sahəsində və toy şənliklərinin çəkilişində dronlardan istifadə edilir. Pilotsuz uçan aparatların istifadəsini tənzimləyən qanun və ya qaydalar olmasa da, Cinayət Məcəlləsininin 156-cı maddəsində şəxsi həyatın pozulması maddəsində dronlardan istifadəyə görə məsuliyyət nəzərdə tutulub.

Qanuna görə, şəxsi və ailə həyatının sirri olan video və foto çəkilişi materiallarının, səs yazılarının məsafədən idarə edilən pilotsuz uçan aparatlardan istifadə etməklə yayılması cinayət məsuliyyəti yaradır.

Bu hal baş verdikdə təqsirləndirilən şəxs iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir