“GÜNDƏN-GÜNƏ İNKİŞAFIN” BİRDƏN-BİRƏ YETİŞƏN SONU

Təsəvvür edirsinizmi, 1999-cu ildə “Şərq” qəzeti bağlansaydı, millət nə mərəkə qoparardı? Ya 2009-da “Bizim yol” dayansaydı, dünyaya necə səs düşərdi? Amma indi 2019-cu ildir və KİV-ə Dövlət Dəstəyi Fondunun “Şərq”, “Bizim yol” daxil 22 qəzetin nəşrinin dayanmasına səbəb ola biləcək qərarı heç kimi yerindən oynatmır. Nə baş verdi KİVDF-nin “araya” girdiyi bu son on ildə? Millətmi dəyişdi, dünyamı, bizim qəzetlərmi?

Ölkədə idarəçilik sistemində dəyişikliklər həyata keçirilməyə başlayıb. Hələlik onları islahat adlandırmaq tezdir, amma çarx hərəkətə gəlib. Bəzi yararsız qurumlar, fondlar artıq onun altında qalıb. KİVDF “çarxın” qabağından qaçmağa çalışır. Ona görə tələsik məntiqsiz qərarlar qəbul edir. Diqqət yetirin: dekabrın 14-də Fondun Müşahidə Şurasında elan edilir ki, “yeni dövrün tələblərindən irəli gələrək” KİV-lərə maliyyə yardımı 6 ay deyil, 3 ay müddətinə ayrılacaq (“Dövrün tələbinə” bax da!!!). Yanvarın əvvəlində Fond 32 qəzetə hələlik bu “qışı keçirməyə” 612 min 500 manat pul ayırır. Üçcə həftədən sonra isə məsələnin ilk baxışda göründüyündən daha qəliz olduğunu anlayan Şura təzədən toplaşır. Bəyan edir ki, sən demə, “dövrün tələb”lərinə tam uyğunlaşmaq üçün müddəti qısaltmaq kifayət deyilmiş, pul paylanan qəzetlərin sayını da ixtisara salmaq lazımmış! Arada yarım milyondan çox vəsait gedir öz işinə!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir