Zavod borc üzündən məhkəməlik oldu

“Platek Pact” MMC (“Nəfis çörək” zavodunun sahibi) İskəndər Mirzəyevdən aldığı 263 ton buğda ununun pulunu tam ödəmədiyinə görə məhkəməlik olub.

Simurq.info  rəsmi məlumata istinadən xəbər verir ki, iddiaçı Mirzəyev İskəndər Yusibəli oğlu Gəncə İnzibati-İqtisadi Məhkəməsində iddia qaldıraraq “Platek Pact” MMC-dən 86 399,50 manat əsas borcun, 44 754,94 manat penyanın, cəmi 131 154,44 manat pul vəsaitinin, habelə məhkəməyə iddia verilməsi üçün ödənilmiş 31 manat dövlət rüsumunun və bank xidməti haqqının tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.

Tələb onunla əsaslandırılıb ki, “Platek Pact”la bağlanan 10 mart 2017-ci il tarixli, 13 nömrəli müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 39 050 manat məbləğində 78,1 ton və 87 349,50 manat məbləğində 185,85 ton buğda unu verilib. Ümumilikdə cəmiyyətə 126 399,50 manatlıq buğda unu verilsə də, indiyə qədər cəmi 38 000 manat pul ödənilib. Tərəflər arasında bağlanan müqaviləyə əsasən isə alıcı tərəfindən ödənişlər gecikdirildikdə satıcı alıcıdan hər gecikdirilmiş gün üçün ödənişi gecikdirilmiş məbləğin 0,1%-i miqdarında penya ödənilməsini tələb edə bilər ki, bu məbləğ də ötən vaxt ərzində 44 754,94 manat (86 399,50manat x 0,1% x 518 gün = 44 754,94) təşkil edib.

Məhkəmə işə baxaraq iddianı qismən təmin etməklə, cəmiyyətdən 86 399,50 manat məbləğində əsas borc, 500 manat penya, habelə 30,40 manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 86 929,90 manat məbləğində pul alınaraq Mirzəyev İskəndər Yusibəli oğluna ödənilməsini qət edib.

Xatırladaq ki, “Platek Pact” MMC Müdafiə Nazirliyinin şəxsi heyyətin təminatı üçün çörək istehsal olunaraq hərbi hissələrə çatdırılmasına dair keçirdiyi 2015-ci il üzrə tenderin qalibi olub. Şəmkir şəhərində yerləşən “Nəfis çörək” zavodunun gündəlik istehsal gücü 35 ton, illik isə 12 775 tona yaxındır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir