Tarzanın qadağan olunmuş şəhərinə səyahət – Rövşən Abdullaoğlunun safari sərgüzəştləri

 

Məşhur azərbaycanlı yazıçı yenidən Afrikada: Qeyri-adi məcaralar və ən ibtidai tayfalar

Yazıçı-filosof Rövşən Abdullaoğlunun dünyanın bir çox yerlərinə etdiyi səfərlər oxucularına yeni maraqlı romanlar qazandırır. Müxtəlif Avropa, Skandinaviya, Şərq ölkələrinə səyahətlərindən əldə etdiyi zəngin məlumatlarla oxucular “Bu şəhərdə kimsə yoxdur”, “Relslər üzərində uzanmış adam” və “Abaddon” romanlarından tanış olublar. Keçən il ilk dəfə Afrika qitəsinə səfər etmiş yazıçı bəşəriyyətin beşiyi sayılan Efiopiyada şəhərləri, kəndləri gəzərək sivilizasiyadan uzaq tayfaların həyat tərzi və mədəniyyətləri ilə tanış olub.

Bu səfər də müəllifin üzərində işlədiyi yeni romanı ilə əlaqədardır. Rövşən Abdullaoğlunun yaxın dostlarından biri ilə Afrika qitəsinə növbəti səyahəti başlayıb. Bu əsrarəngiz yolçuluq Uqandanın Entebbe şəhərindən başlayaraq Milli Botanika bağı, Viktoriya gölündə qayıqla gəzinti, şəhərlə tanışlıq və adalara baş çəkməklə davam edəcək. Daha sonra səyyahlar Uqandanın paytaxtı Kampalaya gedəcək, şəhərlə tanış olduqdan sonra eyni adlı muzeyi ziyarət edəcəklər. Təbii ki, Kampalaya getmiş hər bir turist kimi Ruşenzori dağına qalxaraq Semiliki Milli Parkına getmək də planda var. Qeyd edək ki, məhz bu Milli Parkda dünyanın ən qısaboylu xalqı – piqmeylər yaşayır.

Oxuculara öncədən bir sirr də verək: yazıçının növbəti romanının qəhrəmanları məhz piqmeylər olacaq. Hazırda Afrikada onların sayı həddindən artıq azalıb.

Daha sonra YUNESKO-nun mühafizəsi altında olan Bvindi meşələrinə səfər ediləcək; imkan olsa, dağ qorillaları ilə tanışlıq da bu səfərin bir parçasıdır. Ardınca səyyahlarımız Kraliça Elizabet Milli Parkına gedəcəklər. Bu park bir çox vəhşi heyvanların məskənidir. Merçison şəlaləsinə getmək və ən ümdəsi Nil çayının mənbəyini görmək səyahət planının ən gözəl seçimlərindən biridir. Səfər müddətində müxtəlif kəndlərdə olmaq, yerli xalqın yaşayışı və mədəniyyəti ilə tanışlıq da əsas prioritetlərdəndir.

Qeyd edək ki, səfər çərçivəsində Mbale şəhərinə getmək xüsusi önəm kəsb edir. Çünki məhz bu şəhərdən 100 kilometr uzaqlıqda boyu iki metrə çatan və Afrikanın ən ucaboylu xalqı hesab edilən karamaconqların kəndləri yerləşir. Yazıçı həmin kəndlərə getməyi də planlaşdırıb.

Uqandadan sonra Tanzaniya səfəri başlayacaq. Tanzaniyada yerləşən Serengeti Milli Parkına baş çəkmək ilk işlərdən biri olacaq. Qeyd edək ki, bu Milli Park öz safari turları ilə məşhurdur. Parkı Afrika beşliyi sayılan heyvan qrupunun ən çox yaşadığı yerdir. Həmçinin, Tanzaniya dünyanın ən ibtidai şəraitində yaşayan buşmen, masai və xadza tayfalarının da vətənidir. Daha sonra başqa bir milli parka – Nqoronqoro qoruğuna gediləcək. Məhz bu milli parkda dünyanın ən böyük kraterlərindən hesab edilən Nqoronqoro krateri yerləşir. Buranın təbiətinə özünəməxsus flora və fauna xasdır. Hədəfdə Darussəlamda mühüm paleontoloji əhəmiyyəti olan və qədim canlı qalıqların saxlanıldığı Tanzaniya muzeyinə baxmaq da var. Yazıçı Tanzaniyaya gəlmişkən o məşhur adalara – Zənzibar, Mafiya və Pembaya da getmək fikrindədir. Səfərin sonunda isə yazıçı Stoun Taun şəhərində qalmaq və buranın yaşayış tərzi, təbiəti ilə yaxından tanış olmağı planlaşdırır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir