Fikrət Sadığın xatırlaya bilmədiyi adam

 

Fikrət Sadığın xatırlaya bilmədiyi adam

(Unudulmaz şairimiz Fikrət Sadıqla bir dəfə belə söhbət eləmişdik)

Müsahibə üçün Fikrət Sadıqla telefonda vədələşdik, sabah saat 11-ə. Özü də iş otağında. Onu da dedi ki, xəstəyəm, səsim çıxmır, danışa bilməyəcəm, müsahibə başqa vaxta qalsın, amma gəl söhbət eləyək. Gəldim, dedi, görürsən ki, səsim xırıltılıdı, başqa vaxt allah qoysa geniş söhbət eləyərik. Dedim, yaxşı. Getmək istəyəndə məni çağırdı.

-Hara gedirsən?

-İşə gedirəm.

-Istəyirsən gəl elə-belə söhbət eləyək.

– Yaxşı eləyək, nə deyirəm.

-Rayona gedib- gəlirsən?

-Hərdən gedirəm

-Sizin rayon yaxşı rayondur.

Sonra nəsə fikirləşdi.

-Sizin o vaxt rayon mədəniyyət şöbəsinin bir müdiri vardı, adı nə idi?

-Yadımda deyil, rəhmətə gedib.

Xatırlayıram:” Mən kənddə yaşayanda Fikrət Sadıq rayona gəlmişdi. Mədəniyyət şöbəsinin müdiri Fikrət müəllimi tez-tez restorana çəkirdi. Fikrət Sadıq oxucularla görüşmək istəyirdi. Müdir içən adamıydı, əl çəkmirdi.
Axırda Fikrət müəllim mənə yavaşca dedi:- Qələmin, kağızın var?
Qələm kağız verdim. Aşağıdakı misraları yazdı:

Yoxdur mədəniyyəti,
Vardır mədə niyəti.

-Yaxşı insan idi- Fikrət müəllim deyir.

Fikrət müəllimin mənə çoxlu suallar verir. Elə bil müsahibəni məndən o alırdı. Burada iş tərsinə gedirdi. Əslində onun verdiyi suallar mənə verdiyi cavablar idi. O qədər suallar verirdi, müsahibə üçün bütün qaydaları pozurdu. Həmişə hər şeydə məntiq axtaran adam kimi düşündüm ki, nə olsun, müsahibə belə də ola bilər. Bəlkə də özümə təskinlik idi bu.
Həmin anda şair Dayandur Sevgin bizim şəklimizi çəkirdi. Necə oldusa, fotoaparat işləmədi. Elə bu zaman Fikrət Sadiq dilləndi:

Əgər işləmirsə aparat
Aparatı apar at

Dayandur klassik adamdı. Həmişə adamları rəsmi görmək istəyir. O, şəkil çəkəndə Fikrət Sadıq danışa-danışa əllərini göydə yelləyirdi. Əlbəttə, bu, təbidir. Dayandur gözləyir ki, şair nə vaxt əllərini aşağı salacaq, şəkli çəksin. Gördü mümkün deyil, axırda Dayandur dedi:

-Fikrət muəllim, əllərinizi aşağı salın , şəkiliniz yaxşı düşsün.

Hazırcavab şair yənə özünə məxsusluqla:

-Ay Dayandir, məndə olan ən gözəl əllərimin havada yellənməyidi, onu da aşağı sala bilmərəm.

Fikrət Sadıq söhbət zamanı aradabir mənə deyir:
-Görürsən ki, səsim yaxşı deyil, Allah qoysa bir aydan sonra geniş söhbər eləyərik. Sonra birdən qayıdır.

-Qəşəm, bilirsən də mənim ilk kitabımın adı nədir?

-“Cığır.” kitabxanadan oğurlamışam.

-Nə vaxt oğurlamısan?

-Kənddə müəllim işləyəndə.

-Əhsən, xoşum gəldi.

-O zaman satışda yox idi, çıxış yolu ancaq bu, idi. Sonradan o kitabxana yandı.

-Yaxşı ki, oğurlamısan. Həmin kitaba ön sözü kim yazıb?

-Bəxtiyar Bahabzadə.

-Neçənci ildə çıxıb?

-1962-ci ildə çıxıb, redaktoru da İlyas Tapdıq.

Gördüm ki, şair məni əməlli –başlı sual-cavab eləyir, fürsəti əldən verməyib mən də bir-iki sual verməyə başladım:

-Fikrət müəllim sizə ən böyük yaxşlığı kim eləyib?

-Sabir.

-Hansı Sabir?

Əlini uzadıb divardakı şəkli göstərir.

-Mirzə Ələkbər Sabir.

Ilk anda anladığım bu, oldu ki, yəqin söhbət Fikrət müəllimin yaradıcılığına olan təsirdən gedir.

-Sabir sizin yaradıcılığınıza necə təsir göstərib?

-Yox o başqa, məni Mirzə Ələkbər Sabir evləndirdi.

Təəccübləndim.

-Necə yəni M. Ə. Sabir evləndirdi? Axı…

– Gənclik illərində M. Ə. Sabir haqqında bir poema yazdım, verdim “Azərbaycan” jurnalına. M. Ə. Sabirin yubiley nömrəsi buraxılırdı. Mehdi Hüseyn Azərbaycan Yazıçılar İttifaqının sədri idi .O, kömək elədi.Yaxşı qonarar aldım. 500 manat… Elə o poema ilə məni Yazıçılar Birliyinə üzv qəbul elədilər.

Qeyd: On-onbeş ilin söbətidi. Həmişə kiminsə yubileyi olanda Fikrət Sadıq zarafatla deyirdi:

Yubiley
Yu, biləy

-Fikrət müəllim, neylədiniz 500 manatı?

– Yaxşı bir nişan üzüyü aldım, o ili nişanlandım və evləndim. Bax, bu yaxşılığı mənə Mirzə Ələkbər Sabir elədi. O vaxt bunu heç kəs eləməzdi.

10 il bundaq qabaq Fikrət Sadıqla AYB-ə yaxın kafelərin birində nahar elədik. Ayrılanda istədim ki, şairi evlərinə ötürüm. 0nda 271 saylı sərnişin avtobusu vardı. Ona minəcəkdi. Dayanacaqda çox gözlədik. Tez-tez 71 saylı avtobus gəlirdi. Şairə dedim ki bu “71” siz tərəfə getmir? Dedi gedir. Dedim yola salım gedin. Dedi ki, getmirəm o avtobusla. Neyə getmirsən? Dedi, ay Qəşəm, üz vurma, onun “yüzü” çatmır. Gülüşdük. Əlbəttə söz hər iki mənada idi.

-Fikrət müəllim, mən bilən, ilk dəfə işıqçı işləmisiniz…

-Hardan bilirsən?

-Oxumuşam.

– Hə, ömrümün tən yarısını işıqçı olmuşam, yəni mantyor. Orta məktəbi səkkizəcən oxumuşdum. Sonra texnikum bitirdim. Neft daşlarında, işlədim, Naftalanda fəhlə oldum. Kino- mexanik kimi çalışdım, həyatın hər üzünü gördüm, kipriklərimlə od götürdüm. Sonra universitetə qəbul olundum, Bəxtiyar Vahabzadə universitetdə bizim dərnək rəhbərimiz idi. Universiteti bitirəndən sonra Şamaxıda, Çuxuryurdda müəllim işlədim.

Fikrət Sadıq əllərini saçlarına aparır. Nəyisə yadına salmaq istəyir. Elə bil tapır.

– Sən mənim “lalələr” şeirimi oxumusan?

-hə,
Səni də, məni də yar atdı getdi,
A qızıl lalələr, qızıl lalələr.

-Həmin şeiri Şamaxıda müəllim işləyəndə yazmışam- bir an dayanır, sonra əlavə edir- sənə müsahibə verəndə bunların hamısını deyəcəyəm. Indi xəstəyəm, görürsən ki, danışa bilmirəm.

-Universitetə necə qəbul olundunuz, axı orta təhsiliniz yox idi…?

– Orta məktəbin tam kursunu bitirəndən sonra universitetə sənədlərimi verdim. Imtahan balım çox aşağı idi. O vaxt belə bir qayda vardı: əmək kitabçama görə qəbul etdilər. Qrupda ən yaşlı tələbə idim, mənim 25, qrup yoldaşlarımın 18 yaşı vardı.

Haşıyə. Mən ilk dəfə Yazıçılar Birliyinə gələndə binanın qarşısında taxta bir oturacaq vardı. Içəri buraxmadılar məni. Oturdum oturacaqda. Fikrət Sadıq gəldi. Tanış deyildik. Amma köhnə tanışlar kimi görüşdük. Məni gözətçi qadından keçirdi. Sonralar mənim haqqımda “Ədəbiyyat qəzeti”ndə yazanda bu görüşü xüsusi qeyd eləmişdi: ”Gəldim gördüm Qəşəm oturub elçilik daşının üstə.”

Dayandur Sevgin ancaq şəkil çəkməyindədi. Fikrət Sadıq xəstə olduğunu unudub. Bizimlə ən gözəl həmsöhbətdi indi. Hər dəfə deyir, qoy sağalım, səsim düzəlsin, hamısını deyəcəyəm.

-Fikrət müəllim, sizin çox gözəl aforizmləriniz var.
Bir anın içində bir hadisəyə çox dəqiq ironik münasibət bildirirsiniz. Hətta kiçik şeirlərinizdə də belə notlar var.

-Yadında qalanlar var?- şair məndən soruşur.

-Əlbəttə. ( şairin kiçik şeirlərindən bir-neçəsini deyirəm)
***
Əyrini divara dirədilər
Güllələdilər, güllələr əyri getdi.
Düzü divara dirədilər
Güllələdilər, güllələr düz getdi.
***
Indi kitab oxumamaq
Olub təzə xəstəlik.
Kitabı ver oxuyana
Birini də üstəlik.
***
O yerdə ki, həyat vardır, həyət yox,
O yerdə ki, həyət vardır, həyat yox.
O yerdə ki, həyət də var, həyatda,
Həmin yerdə adam yoxdur, mən adda.

-Sağ ol, Qəşəm, o günü bir yazar gəlib yanıma ki, Fikrət müəllim, təzə bir kitab yazmışam, alb baxıram ki, lətifələrdi. Deyirəm a qardaş, sən bunu yazmamısan e, köçürmüsən. Deyir, hə tərtib eləmişəm. Deyirəm bəs niyə müəllif kimi adını kitabın üstə yazmısan? Deyir nəşriyyat yazıb. O saat ağlıma belə bir fikir gəldi:

Yerindən duran hər tip,
Eləyir kitab tərtib.
Alimin də yönsüzü,
Yazır ona ön sözü.

Müsahibə verəndə bunların hamısını deyəcəyəm-deyir Fikrət müəllim.

-Fikrət müəllim, sizə kim pislik eləyib?

-Bax ona görə müsahibə vermirem ee, belə şeylər var. Allah qoysa müsahibədə deyərəm, indi səsim yaxşı deyil, sonra dayanır, yadına nə düşürrsə davam edir- Bilirsən Allah mənə niyə uzun ömür verib?-Mən susuram- Ona görə ki, xalqımın xöş gününü görmək üçün…

-Sizin də vaxtınızda pis adamlar var idi?

-Onda bu qədər deyildi, bir az artıb. Hələ 11-ci əsrdə Xaqani Şirvanı bunlar haqda deyirdi: “Bu gün var-dövlət yaltaqlarındı.”

Xaqanini Şirvaninin bir möhtəşəm fikrini də mən bura əlavə edirəm, “Şah, sənə o qədər tərif demişəm ki, indi göz yaşlarımla ağzımı yaxalayıram.”

-Fikrət müəllim, pislərin öz nəsli var, yaxşıların öz nəsli, bu günə kimi hərə öz xətti üzrə inkşaf edir.

– Əlbəttə, belədir, mən işıqçı olduğuma görə, həmişə işığın tərəfində dayanmışam.

-Bu işığın bir tərəfi də odur ki, gördüyüm bir şəkildə siz Əli Kərimin tabutunun baş tərəfində dayanmısınız.

– Orda mən tək deyiləm, Əlinin çox dostları ordadı. Eşitdik ki, Əli dünyasını dəyişib, getdik dəfn eləməyə. Onda “Gənçlik” nəşriyyatında işləyidim. Direktor sonra məni işdən qovmaq istəyirdi, niyə işi atıb getmisən? Dedim, yoldaş direktor, mənim şair qardaşım ölüb, necə getməyə bilərəm?

Araya sükut çökür… Dayandur şəkil çəkir. Fikrət Sadıq əsasına söykənib. Hərdən uzun ağ çaçlarını əlləri ilə arxaya darayır. Abbas Abdulla ( Fikrət Sadıq Abbas Abdulla ilə bir otaqda oturur) telefonla danışır. Hərdənbir söhbətə müdaxilələr edir.

-Fikrət müəllim, neçənci ildən bu otaqda əyləşirsiniz?

-1967 –ci ldən.

-Kimlər gəlib bu otağa? Kimlər oturub bu otaqda? Kimlər Gedib bu otaqdan?

-Süleyman Rüstəm, Qabil, Balaş Azəroğlu, Saməd Əlizadə Sabir Adil…

Sonra kimisə, vacib bir adamın adını xatırlamaq istəyir. Ha çalışır yadına düşmür. Abbas Abdulladan soruşur. Onun da yadına düşmür, Fikrət Sadıq yenə yaddaşına hücum çəkir, amma xatırlamır…
-Qəşəm, buna görə deyirəm, bir aydan sonra gəl, səsim düzəlsin.

Susuram, məncə, hər şey düzəlib. Biz Fikrət Sadıqla düz iki saat yarım söhbət eləmişik. Ayağa qalxıram, Fikrət Sadıq deyir ki, bir aydan sonra gəl ha, ona kimi səsim düzələr.

-Hökmən gələcəyəm- deyirəm.

Stolun üstündən xəlvətcə diktofanı götürürəm. Sağollaşıb arxamca qapını örtürəm. Fikirləşirəm ki, görəsən Fikrət Sadığın xatırlaya bilmədiyi o adam kim idi?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir