Bakıdan qayıdıb DTK sədri oldu, Xruşovu devirdi, mükafatı sürgün oldu

O, bir gün də olsun hərbi xidmətdə olmayıb, səhhətindəki problemə görə hərbi xidmətə yararsız sayılıb. Amma buna baxmayaraq çiyinlərində uzun illər general rütbəsi daşıyıb, SSRİ-nin ən mühüm qurumlarından birinə rəhbərlik edib. Müasirlərinin qənaətinə görə, Vladimir Semiçastnı şanslı və uğurlu siyasətçilərdən sayılıb…

Simruq.info bildirir ki, Vladimir Semiçastnı 1924-cü ildə Rusiyanın Yekaterinoslav quberniyasının Mejevskiy rayonunda anadan olub. Orta təhsil aldıqdan sonra Kemerovo Kimya Texnologiyaları İnstitutunu bitirib.

O, sovet dönəmində Azərbaycanda da yaxşı tanınıb. Vladimir Semiçastnı 1959-cu ilin avqust ayından 1961-ci ilin noyabrın 13-nə qədər Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi, Azərbaycan KP MK bürosunun üzvü olub. O dövrdə Azərbaycan KP MK-nın ikinci katiblərii böyük səlahiyyətlərə malik olublar. Onlar Sov.İKP MK-nın nomenklaturası sayılaraq birbaşa ora tabe olublar və respublika haqqında mərkəzi məlumatlandırıb, oradan da göstərişlər alıblar. Bu vəzifə onun üçün uğurlu və düşərli sayılıb. Semiçastnı məhz bu vəzifədən, Bakıdan Moskvaya yüksək bir posta, SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinə sədr təyin olunub.

Siyasi fəaliyyətinə orta məktəbdə komsomol katibi kimi başlayan Semiçastnı sonralar bir çox rayon, vilayət, diyar komsomol təşkilatlarının katibi olub. Bu xətt ilə sürətlə yüksələn fəal, nəhayət 1959-cu ildə SSRİ komsomoluna rəhbərlik edib. Bir il bu yüksək postda işlədikdən sonra 1959-cu ildə Vladimir Semiçastnı Azərbaycan KP MK-nın ikinci katibi vəzifəsinə təyin edilib. Bu dövr Xruşovun Azərbaycana səfəri ərəfəsinə təsadüf edir. Məhz elə Xruşovu Bakıda Kremlin adamı kimi qarşılayan əsas fiqurlardan biri Semiçastnı olub.

SSRİ rəhbərliyinin etimadını doğruldan, şəxsən Xruşovun hörmətini qazanmağı bacaran Semiçastnı Azərbaycanda da çox qərar tutmayıb. 1961-ci ildə o, SSRİ DTK-sı başçısının kürsüsündə əyləşib.

Semiçastnı DTK sədri olduğu dövr onun üçün bir çox qarışıq, səsli-küylü və qalmaqallı hadisələrlə yadda qalıb. Təbii ki, ilk növbədə Kremldəki “çevrilis” bu siyahıda birinci yeri tutur.

Xruşovun vəzifədən uzaqlaşdırılması planından Semiçastnı hələ 6-7 ay öncədən xəbərdar olub. Breynevlə Semiçastnı arasında bu məsələ ilə bağlı görüş də keçirilib. Xruşovun fiziki cəhətdən məhv edilməsi (zəhərlənmə, avtoqəza nəzərdə tutulur) təklifi ortaya çıxanda Semiçastnı bunun çox çətin və bəlkə də mümkünsüz olduğunu bildirərək imtina edib. Həbs etmək təklifini isə o belə əsaslandırıb ki, bu qərarı yalnız Ali Sovet verə bilər. Nəhayət, üçüncü məlum variant seçilib. Semiçastnı öz müsahibələrinin birində həmin dövr haqqında fikirlərini belə bölüşüb:
“Mən artıq nə baş verəcəyini dəqiq bilirdim. Mərkəzi Komitənin iclasında Xruşovun vəzifədən azad olunması ilə məsələ qaldırılıb plenuma çıxarılmalı idi. Həmin vaxt Xruşov Pitsundada istirahət edirdi. İclasdan sonra Xruşovla telefon əlaqəsi yaradıldı və onun Moskvaya qayıtmasını xahiş etdilər. Xruşov telefonda əsəbi halda qışqırırdı ki, axı nə baş verib? Ona bir daha anlatdılar ki, gəlməyi vacibdir. Həmin dövrdə Mikoyan da Xruşovla birlikdə Pitsundada idi. “Vnukovo” hava limanında Xruşovu mən, SSRİ Ali Soveti Rəyasət Heyətinin katibi Georqadze və mənim tabeliyimdə olan 9-cu idarənin bir neçə əməkdaşı qarşıladıq. O, təyyarədən enən kimi birinci ifadəsi bu oldu: “A qde je ostalnıe blyadi”. Mən onu başa saldım ki, hamı Mərkəzi Komitənin iclasındadır. Xidməti avtomobillər belə sıralanmışdı, birinci Xruşovun maşını, ikinci mənim xidməti avtomobilim, üçüncü isə Mikoyanın. Mikoyan Xruşovun maşınına əyləşdi. Şəhərə istiqamət alan kimi Kremlə zəng vurub Xruşovun “təşrif”ini məruzə etdim. Həmin gün iclas bitdikdən sonra Brejnev mənə zəng vurdu:
– İndi o hara gedəcək?

Xruşovu nəzərdə tuturdu. Mən soyuqqanlıqla cavab verdim:

– Hara istəyir, ora da getsin, evinə, bağına…

Brejnev bu cavabdan həyəcanını gizlədə bilmədi:

– Necə yəni?

– Leonid İliç, artıq Xruşovun mühafizəsi də, sürücüsü də dəyişdirilib.

Səhərisi gün işlas davam etməyə başladı. Uzun-uzadı çıxışlar bir-birini əvəz edirdi. Bu ərəfədə mənə gələn zənglər səngimirdi. Yerlərdən vilayət partiya komitələrinin rəhbərləri, Mərkəzi Komitənin üzvləri narahatlıqlarını bildirirdilər. Hətta hədə dolu zənglər də olurdu, gələk Xruşovu müdafiə edək. Bu azmış kimi Brejnevi həbs etmək təklifləri də telefonda səslənirdi. Vəziyyətin gərginliyini hiss edib içəri iclas zalına Brejnevə kiçik bir kağız göndərdim ki, mənə zəng etsin. Az sonra zəng etdi.

– Leonid İliç, vəziyyət gərginləşir. Zənglərin ardı-arası kəsilmir. Mərkəzi Komitənin üzvləri bura toplaşsalar, mən onlara fiziki güc tətbiq etmək iqtidarında deyiləm və etməyəcəyəm.

– Lazım deyil.

– Mən başa düşürəm, lazım deyil. Bəs mən nə etməliyəm?

– Hamı çıxış edib, qalıb Mərkəzi Komitənin katibləri. Onlar da münasibətlərin bildirdikdən sonra qərar qəbul ediləcək.

Təxminən 20-30 dəqiqədən sonra Brejnev yenidən mənə zəng vurdu:

– İclas yekunlaşır. Hər şey razılaşdırılıb. Saat 6-da plenumdur.

İclas zalında isə rəyasət heyətinin üzvləri Xruşovu yarıtmaz fəaliyyəti ilə tənqid edir və bununla da Kreml “çevriliş”ini gerçəkləşdirirdilər. Plenumda isə həmin çıxış edənlər Nikita Sergeyeviç Xruşovun səhhəti və yaşı ilə əlaqədar Sov. İKP MK-nın birinci katibi, SSRİ Nazirlər Sovetinin sədri vəzifəsindən azad olunması barədə “xahiş”ini əl çala-çala nəzərə aldılar”.
Vladimir Semiçastnı mətbuata verdiyi sonuncu müsahibəsində həmin hadisələrlə bağlı qeyd edib ki, Xruşovun devrilməsində xüsusi bir rolu olmayıb və söyləyib ki, o, yalnız öz üzərimə düşən vəzifəni icra edib, bu da Mərkəzi Komitənin iclasının və plenumun təhlükəsiz və kənar müdaxiləsiz keçməsindən ibarət olub.

Semiçastnı öz “xidmət”ini yetərincə peşəkarcasına Leonid İliçə göstərsə də Brejnev onu DTK sədri vəzifəsindən azad etmək üçün bəhanə axtarıb. Ona görə yox ki, o, “KQB” şefinin işindən razı qalmayıb, əksinə, çox razı qaldığından. Düşünüb ki, artıq bu işdə xüsusi təcrübəsi olan bir şəxsi bu vəzifədə saxlamaq olmaz. Bu “devirmə”nin təkrar olmaq qorxusu Breynevi narahat edib.

967-ci ilin may ayında Siyasi Büronun iclası keçirilərkən Vladimir Semiçastnı Brejnevin göstərişi ilə iclasa dəvət olunub.

DTK sədri içəri daxil olanda Brejnev ona müraciət edib:

– Siyasi Büroda sizin başqa işə keçməyinizlə bağlı təklif irəli sürülüb.

– Leonid İliç, mən heç nə anlamıram, axı nəyə görə?

– Büro sizi yeni bir vəzifəyə keçməyinizi təklif edir

– Axı mənə bu haqda əvvəlcədən heç bir məlumat da verilməyib. Mən anlaya bilmirəm, bu, nə deməkdir

Adətən, Siyasi Büronun içlaslarında nadir hallarda coşan Brejnev bu dəfə səsinin tonunu qaldırıb:

– Nəyi anlamırsınız? Sovet kəşfiyyatının Qərbi Avropada iflasa uğramasını? Bəlkə, kəşfiyyat və agenturanın fəaliyyətinin bərbad vəziyyətdə olmasını anlamırsınız? Yoxsa mən sizə Stalinin qızının aradan çıxıb Hindistana getməsini bir daha xatırlatmalıyam?

Beləliklə, büroda Semiçastnı haqqında qərar qəbul edilib. DTK sədri öz vəsifəsini Ukrayna Nazirlər Soveti sədrinin müavini vəzifəsi ilə əvəzləyib.

Əslində Stalinin qızının Hindistana getməsi məsələsində Semiçastnı heç bir rol oynamayıb. Məsələ ilə bağlı Kosıgin iclasların birində açıqlama da verib: “Stalinin qızı SSRİ-dən getməsi üçün mənə müraciət etmişdi ki, mən bu məsələni Siyasi Büroda qaldırım. Biz onun müraciətini büroda müzakirə etdik, müsbət qərar çıxartdıq, getməyinə icazə verdik”.

Bu məsələdə Semiçastnı yalnız bir işi öz üzərinə götürüb, Stalinin qızının SSRİ-dən çıxmasına qədər mühafizə ilə təmin etməsini.

Beləliklə, Semiçastnı Moskvadan Kiyevə yeni vəzifəsinin icrasına yollanıb. Sabiq DTK sədri sürgün adlandırdığı bu vəzifədə düz 14 il çalışıb. Bir neçə dəfə Moskvaya qayıtmaqla bağlı Brejnevə müraciət etsə də, heç bir nəticə əldə olunmayıb. 1981-ci ildə infarkt keçirdikdən sonra sərt bir məzmunda Leonid İliçə məktub göndərib. Nəhayət, bu məktubdan sonra onun Moskvaya qayıtmağına razılıq verilib. Semiçastnıya aşağı pilləli bir neçə vəzifə təklif olunub. Başqa heç nə gözləməyən Vladimir Semiçastnı təqaüdə çıxana, 1988-ci ilə qədər Ümumittifaq “Bilik” Cəmiyyəti idarə heyətinin sədr müavini vəzifəsində işləyib.

Qeyd edək ki, Vladimir Semiçastnı Qarabağ hadisələri başlayanda, “Ermənilərin xoşuna gəlsə də, gəlməsə də, Qarabağ Azərbaycanın ərazisidir” kimi fikrini mətbuatda və müəllifi olduğu kitabda bəyan edib.

Vladimir Semiçastnı 2001-ci ildə 76 yaşında Moskva şəhərində vəfat edib. O, Moskvda Troyekurovskoye qəbiristanlığında dəfn olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir