“Bizim konservatoriyada manıs yetişdirirlər, musiqiçi yox” – Ənvər Börüsoyla söhbət

 

“Siyavuş Kərimi ömrü boyu toylarda sintezator çalıb”

Simurq.info araşdırmaçı Ənvər Börüsoyla müsahibəni təqdim edir.

– Müğənni Afət Fərmanqızının Nəsiminin “Sığmazam” qəzəlinə oxuduğu mahnıya münasibətiniz necədir?

– Əvvəla, onu nəzərinizə çatdırmaq istəyirəm ki, Azərbaycan musiqi ifaçılığında qanunlar yoxdur. Problem oradan başlayır. Məsələn, Özbəkistanda müğənni olmaq istəyən, birinci növbədə Mədəniyyət Nazirliyindən lisenziya alır. Bunun üçün də təhsil aldığı musiqi məktəbindən, təhsil aldığı ali musiqi məktəbindən, bəstəkarlar ittifaqından arayışlar gətirir, təqdim edir və komissiyadan keçəndən sonra rəy verilir ki, bəli, bu adam musiqiçi kimi dövlət tədbirlərdində, konsertlərdə çıxış edə bilər. Bizdə də buna oxşar qanun olmalıdır. Bu qanun olmadıqdca hərc-mərcilik davam edəcək. Bu boşluqdan istifadə edən xarici qüvvələr var ki, təkcə dini, siyasi, ideoloji baxımdan deyil, həm də mədəniyyət baxımından Azərbaycanda beyinyuma siyasəti aparırlar. Və bu beyinyuma siyasəti əsasən arabesk, yəni ərəb, kürd, eləcə də hind, fars musiqisi vasitəsi ilə aparılır. Məsələn, ingilis, alman, fransız kimi xalqların musiqisi ladında Azərbaycanda bir nəfər musiqiçi belə, ifa etmir. Edirsə də, həmin xalqın mədəniyyəti kimi təqdim edir. Niyə? Bu xalqlar özlərinin böyük mədəniyyətlərini qurublar. Bunun üçün də hazırda öz mədəniyyətlərini yaymağı gərək görmürlər. Həm də bu xalqların mədəniyyəti səviyyəsində sənət ortaya qoymaq üçün böyük ifaçılıq tələb olunur. Amma bir də var ki, aşağı dərəcəli sənət sahələrinin yayılması. Mən rep kimi Afrika mədəniyyəti təzahürünü nəzərdə tuturam. Eyni zamanda, Azərbaycanda daha çox Şərq musiqisi adı altında hind və ərəb musiqiləri təbliğ edilir.

– Bunların qarşısını necə almaq olar?

– Televiziyalarda musiqi nömrələri təqdim edən verilişlərdə musiqi sənətini peşəkar şəkildə bilən mütəxəssislər olmalıdır. Bunlar yoxdur. Xüsusilə də Bakı Musiqi Akademiyasını bitirmiş insanlar orda çalışmalıdırlar. Niyə onu deyirəm? Çünki bizim konservatoriyada manıs yetişdirirlər, musiqiçi yox. Ona görə ki, oranın rektoru Siyavuş Kərimi ömrü boyu toylarda sintezator çalıb. Sintezatorçuluq da ciddi musiqi sənəti sayılmır.

İkincisi isə efirə o adamlar çıxarılmalıdır ki, musiqi təhsili var. Üzeyir bəy vaxtilə bunun sistemini qurmuşdu: dörd pilləli musiqi təhsili sistemi. Yəni ibtidai musiqi təhsili, orta ixtisas musiqi təhsilli, Asəf Zeynallı adına musiqi məktəbi və konservatoriya. Bunların hamısını üst-üstə götürəndə, 16 il təhsil almaq deməkdir. Yəni bir insan 16 il hər gün azı 6 saat musiqi ilə məşğul olarsa, ən peşəkar musiqiçi olar.

– Bəs Mədəniyyət Nazirliyi hansı addımı atmalıdır?

– Mədəniyyət Nazirliyində mədəniyyət sahəsi üzrə bir nəfər də olsun, mütəxəssis işləmir. Mədəniyyət nazirinin müavinlərindən biri kimyaçı, o biri fizik-riyaziyyatçıdır. Ümumiyyələ, musiqi nədir, not nədir, teatr nədir, dramaturgiya nədir, simfonik əsər nədir, xalq musiqisi yaradıcılığı nədir – bunların heç birini bilmirlər. Bilsəydilər, bu problemlər də yaşanmazdı. Televiziyaya çıxanlar, konsert salonlarına çıxanlar nazirlikdən lisenziya almalıdırlar, necə ki, aptek açmaq istəyənlər gedib Səhiyyə Naizrliyindən lisenziya alırlar.

Bizdə bunu təmzimləyən qanun olmadığından, başqa dövlətlər də bu boşluqdan istifadə edirlər. Baxın, İran səfirliyinin yanında İran mədəniyyət mərkəzi var, Hindistan səfirliyinin yanında Hindsitan mədəniyyət mərkəzi var. Heç Almaniyanın, İngiltərənin mədəniyyət mərkəzləri yoxdur. Hansı ölkənin səfirliyinin yanında mədəniyyət mərkəzi varsa, bilin ki, həmin ölkə Azərbaycan xalqının beynini yumaq üçün o mərkəzi yaradır.

– Belə çıxır ki, Afət Fərmanqızı da Hindistanın maraqlarına xidmət edir?

– Ola bilər ki, Afəti bu oyuna salanlar var. Ya məqsədli şəkildə özü edib, ya da kimlərsə təklif edib ki, bu üslubda oxu, sənə bu qədər vəsait ödəyəcəyik. Çünki musiqi ifaçılığı olmayan insanlar məcburdurlar ki, harada pul var, ora qaçsınlar.

– Afətdən qabaq bizdə hind-ərəb ritmlərindən istifadə edən müğənni olmayıb?

– O cür müğənnilərə peşəkar sənət aləmində ara müğənniləri deyirlər. Hind ritmlərindən istifadə edənlərin peşəkar musiqi təhsili yoxdur.

– Peşəkar musiqiçilər də hind və digər Şərq ritmlərindən istifadə edirlər. Misal üçün, Alim Qasımov.

– Alim Qasımov xüsusi proyektlə işləyir. Sizcə Alim Tehrana niyə tez-tez gedir? Tehran onun qara qaş-gözünə aşiq olmayıb ki, o gedir ora, onların dedikləri üslubda oxuyur. O proyekt də Azərbaycanın daxilinə hesablanıb, xaricinə yox. Sonra da onların konsertləri mətbuatda təbliğ olunur və bizə aşılayırlar ki, dünya Alimi belə qəbul edir. Xeyr. Dünya onu belə qəbul eləmir. Dünyanın inkişaf etmiş ölkələrində peşəkar sənətkarlara qiymət verirlər. O şəxsləri qəbul edirlər ki, o dünya çapında ifaçılıq tərzi qoyur. Azərbaycan musiqiçisinin ifası Azərbaycan ladı üzərində olmalıdır, bu yoxdursa, deməli, həmin ifaçı bayaq adını çəkdiyim ölkələrin proyektidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir