Mədəniyyətimizin gələcək inkişafı naminə rejissorlar qorunmalıdır

Zülfüqar Abbasov: “O xalqın, millətin ki, fikir, fəlsəfi, etik baxışı olan teatrı yoxdursa, həmin millətin, xalqın tərəqqisi də heç vaxt kamil ola bilməz”.

Simruq.info xəbər verir ki, 2019-cu il Rusiya Fedorasiyasında “Teatr ili” elan edilib. Bunu eşidəndə açığı Rusiya incəsənət işçilərinə yaxşı mənada paxıllığım tutdu. Fikirləşdim ki, onsuz da düyna teatr aləmində öz sözü və yeri olan, aktyor sənətinə, rejissuraya yüksək qiymət verən Rusiya teatr sənəti bu sərəncamdan həvəslənib daha böyük işlər görəcək… Yenə də öz sözlərini dünya teatrları arasında layiqincə deyəcəklər. Sevinirəm ki, tale mənə də Moskvada Dövlət Teatr Sənəti İnstitutunda rejissor təhsili almağı qismət eləyib.
Neçə müddətdir ki, rejissorlar, onların məşəqqətli işləri və məmləkətimizdə onlara olan yad, ögey münasibət haqqında silsilə yazılar işləməyi planlaşdırmışam, amma hələ də işlərimin çoxluğundan bu ideyamı reallaşdıra bilmirəm. Uzun illər Azərbaycan teatrı, kinosu üçün əvəzsiz işlər görən, adlarını xalqımızın mədəniyyətinə əbədi yazdıran, çoxları hətta özlərinin məktəbini yaradan rejissorlar millətimizin çox böyük və əvəzsiz mənəvi sərvətidir. Amma əfsus ki, biz bu sərvəti, yəni onların çoxunu hətta sağlığında belə unutmuşuq. Onların çoxuna qarşı biganəyik. Bu gün onlardan elələri var ki, teatrımız, kinomuz üçün çox işlər görməyə qadirdir, amma belə sənətkarlar neyçünsə tam yaddan çıxıb və unudulub. Onlara qarşı böyük haqsızlıqlar baş verir. Hətta bu gün də onlar maraqlı tamaşalar hazırlamağa qadir olsalar da kimlərinsə hegemonluğu, mənəm-mənəmliyi ucbatından teatrlardan uzaqlaşdırılıblar… Bununla da Azərbaycan mədəniyyətinə gözümüzün qarşısında zərbə vurulur, amma biz susuruq…
Bax belə maraqlı rejissorlardan biri də Zülfüqar Qulu oğlu Abbasovdur. Rejissorlarla bağlı ilk yazımı da elə onunla başlamaq qərarına gəldim.
O, Mədəniyyət Nazirliyinin keçmiş məmurları tərəfindən lazımsız konfliktlərə salınaraq, rəhbərlik etdiyi Mingəçevir Dövlət Dram Teatrından insafsızcasına, namərdcəsinə uzaqlaşdırılıb. Elə həmin vaxtlardan da bu teatrın qara günləri başlayıb…
Onu da vurğulamaq istəyirəm ki, sevindirici və təqdirəlayiq haldır ki, cənab nazirimiz Əbülfəs Qarayev tərəfindən həmin qara fikirlilər, incəsənətimizin başına oyun açanlar artıq Mədəniyyət Nazirliyindən uzaqlaşdırılıb və nazirlikdə indi yaxşı ap-hava yaranıb. Yəqin ki, bundan sonra rejissorlara yenə də diqqət artacaq. Onlara lazım olan şərait yaradılacaq ki, bu insanlar teatrımız və kinomuz üçün yenə də böyük işlər görsünlər. Əlbəttə, mən bu haqda yazımın sonrakı səhifələrində və gələcək yazılarımda ətraflı yazacam. Amma indi məqsədim belə bir maraqlı rejissorla oxucuları daha yaxından tanış etməkdir.
Qısa arayış: Zülfüqar Qulu oğlu Abbasov Borçalıda doğulsa da, onların kökü Qərbi Azərbaycanın Vedi və Dərə Ələyəz mahalındandır. Ata nənəsi Abbasqulu bəy Şadlinskinin nəslindəndir. Ata babası Abas ( Abbas) XX əsrin əvvəllərində Dərə Ələyəzdə gedən erməni gavurlarına qarşı mübarizə aparıb və millətimizin müdafiəçisi olub. El arasında isə “dinməz Abas” ləqəbi qazanıb. Erməni gavurları onu dəfələrlə öldürmək istəsələr də bu arzuları reallaşmayıb. O, ermənilərin bu planını bildiyindən öz övladlarını da götürüb və Borçalıya köçüb. Zülfüqargil də Borçalıda dünyaya gəliblər. Zülfüqar orta məktəbi Borçalıda bitirib və Tiflisdə Müəllimlər İnstitutuna daxil olub. Amma Tiflisin teatral mühiti gələcəkdə müəllim olmaq həvəsilə yaşayan cavan Zülfüqarın fikirlərini tam dəyişdirib. O, müəllim kimi ali təhsil alandan sonra Azərbaycan Teatr İnstitutunun rejissorluq fakültəsinə qəbul olub və buranı da bitirib. Teatr İnstitutunda təhsil aldığı vaxt Zülfüqar Abbasovun müəllimləri, böyük sənətkarlar Mehdi Məmmədovdan, Rza Sabarbskidən, Müxlis Cənizadədən və Məlik Dadaşovdan bu sənətin sirlərini lazım olan kimi öyrənib. Belə ki, rejissuranın fəlsəfəsini, psixoloji yönümünü Mehdi Məmmədovdan, fiziki hərəkət və görümünü Rza Sarabskidən, səhnə danışığının sirlərini Müxlis Cənizadədən və aktyor sənətinin incəliklərini Məlik Dadaşovdan öyrənib cavan rejissor. O, rejissor kimi ilk əmək fəaliyyətinə İrəvan Dövlət Dram Teatrında başlayıb. Sonra Mingəçevir, Qazax Dövlət Dram Teatrlarında quruluşçu rejissor, direktor, bədii rəhbər-direktor, baş rejissor vəzifələrində işləyib. Bu teatrların inkişafı üçün əvəzsiz işlər görən Zülfüqar Qulu oğlu Abbasov 100-dən çox teatrlaşdırılmış tamaşaların ssenari müəllifi, quruluşçu rejissoru olub. Teatrlarda işlədiyi müddətdə isə 200-dən çox tamaşalara bir-birindən maraqlı quruluşlar verib. 1997-ci ildə Şeyx Şamilin 200 illik yubileyi münasibətilə Mehdi Hüseynin “Şeyx Şamil” faciəsi Zülfüqar Abbasovun quruluşunda Azərbaycan Opera və Balet Teatrında göstərilən vaxt ulu öndər Heydər Əliyev də bu tamaşaya baxıb və xoşuna gəlib. Söhbət əsnasında öyrənib ki, bu tamaşanın quruluşçu rejissoru Zülfqar Abbasov uzun illər teatrda çalışsa da, hələ bu vaxta qədər fəxri ad almayıb. Bu tamaşadan sonra ümummilli lider Heydər Əliyevin sərəncamı ilə ona Xalq artisti fəxri adı verilib. Bu, Azərbaycan rejissurasında Adil İsgəndərovdan sonra ikinci rejissor idi ki, ona birdən-birə Xalq artisti fəxri adı verilirdi. Əlbəttə, bu xeyirxah işdə həmin vaxtı Mədəniyyət naziri işləyən Polad Bülbüloğlunun da köməyini danmaq olmaz.
2006 və 2007-ci illər Zülfüqar Abbasovüçün çox uğurlu illər hesab olunur. O, prezident İlham Əliyevin sərəncamı ilə Prezident mükafatına və “Tərəqqi” medalına layiq görülüb. Onun quruluş verdiyi çoxlu tamaşalar respublikada keçirilən müsabiqələrdə mükafatlara layiq görülüb. Hətta onun quruluşunda İlyas Əfəndiyevin “Mahnı dağlarda qaldı” tamaşası Mingəçevir Dövlət Dram Teatrında tamaşaya qoyulan vaxt böyük sensassiya olub. Bu tamaşadakı Böyük bəy rolunu Milli Akademik Dram Teatrından dəvət olunmuş SSRİ Xalq artisti İsmayıl Dağıstanlı oynayıb və tamaşadan sonra “Mingəçevir işıqları” qəzetinə müsahibə verən böyük sənəkar bu sözləri də deyib: “ Bu tamaşa mənimşün böyük kəşf oldu. Çox istərdim ki, mənə Dövlət mükafatı Bakıda, Milli Akademik Dram Teatrda oynadığım Böyük bəy roluna görə yox, bu teatrda oynadığım rola görə veriləydi. Bir də, Zülfüqar bəy icazə versə Böyük bəyin evi-mülkü ilə vidalaşdığı son səhnədəki mizan-etüdü mən Bakıda oynadığım tamaşada da istifadə edərdim”. Əlbəttə, bu sözlər böyük sənəkarın cavan rejissorun sənətinə verdiyi yüksək qiymət idi. Zülfüqar Abbasov təkcə rejissor yox o, həm də maraqlı dramaturq kimi Azərbaycan teatr tarixinə düşüb. Onun yazdığı “Fillər ayaq üstə ölürlər” ( “Anda xəyanət”), “Qəribə düşmənlər”, “Kefdi bu millət”, “Vətən dərdi”, “Qisas günü”, “Ön xətdə müharibə” pyesləri böyük uğurla Dövlət teatrlarında tamaşaya qoyulub. O, Xalq şairi Nəriman Həsənzadənin “Nabat xalanın çörəyi” povestini və Cəfər Cabbarlının “Sitarə” librettosunu da səhnələşdirib və bu tamaşalara da maraqlı quruluş verib. Onun quruluşunda Qoqolun “Evlənmə” əsəri də böyük uğurla qarşılanıb və hətta Moskvadan bu tamaşaya baxmaqçün gələn rejissor Yuri Smirnov belə deyib: “Mənə də bu pyesi hazırlamağı təklif etmişdilər. Amma mən cürət etmədim. İndi gördüm ki, Zülfüqar Abbasov bu pyesdəki Padkolyosnını Rusiyanın simvoluna çevirməklə əsərə dəqiq açar tapıb. Əgər Zülfüqar Qulu oğlu icazə versə mən də gedib bu tamaşanı belə hazırlayacam”.
Budur biz oturub, uzun illərdir ki, tanıdığım, quruluş verdiyi tamaşalara maraqla baxdığım çox peşəkar insanla, dəyərli ziyalı ilə Azərbaycan teatrının bu günü və sabahı, rejissor kimi onun özünün başına gətirilən oyunlar haqqında ətraflı söhbətləşirik. İlk öncə onu vurğulayım ki, öz sevimli sənətindən uzaqlaşdırılması elə bil ki, Zülfüqar Abbasovun belini büküb, qocaldıb və onu pessimistləşdirib.
– Siz, Mingəçevir teatrına çox uğurla rəhbərlik edirdiniz, bəs necə oldu ki, sizi işdən çıxardılar? Bu işin günahkarları kimlər olub?
-1982-ci ildə böyük alim, əsl insan, ana timsalı olan akademik Zərifə Əliyevanın Moskvada çap olunan, gərək ki, adı “Mediçinski elita i deantalogiya” monoqrafiyasının Mingəçevirdə keçirilən müzakirəsində mən, özümün “Fillər ayaq üstə ölürlər” əsərimin tamaşasını bu monoqrafiyaya həsr etmişdim. Səhnədə Tibb mərkəbinin 100-ə yaxın müdavimləri and içdilər. Sonra tamaşa göstərildi. Bu tamaşa həmin vaxtı böyük əks-səda doğurdu. Həmin tamaşa tez-tez teatrda böyük anşlaqla göstərildi. O unudulmaz günləri indi də xatırlayıram. Bir də onu tez-tez xatırlayıram ki, səhnə həyatı verdiyim əsərlərin tamaşalarına İsmayıl Şıxlı, İsa Hüseynov, Mehdi Məmmədov, Şirməməd Hüseynov, İnqilab Kərimov, Nəriman Həsənzadə, Cabir Səfərov və başqa tanınmış şəxsiyyətlər, peşəkar ədəbiyyat və teatr xadimləri yüksək qiymət veriblər. Bax mənim bu uğurlarım da nadan və bədxah düşmənlərimə rahatlıq vermirdi. Ona görə də tez-tez hücumlara məruz qalırdım. Onu da yaxşı bilirəm ki, ümumiyyətlə tarixlər boyu istedadlı insanlar həmişə incidilib və onlar həmişə faciəvi həyat yaşayıblar. Amma bütün bunlara baxmayaraq, Aftil kişi demiş: “Deyim, necə deyim. Deməyim necə deməyim”. Fikirləşirəm ki, həmin adamlar artıq Mədəniyyət Nazirliyindən uzaqlaşdırılandan sonra bu, daldan atılan daş olmazmı? Belə bir məsəl də var: “Desəm öldürərlər, deməsəm ölləm”. Yeni rəhbərlərə, hələ də onlarla təmasda olanlara bundan sonra hədəf olsam da deyəcəm…
Yuxarıda siz yazdığınız kimi 2000-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə mənim birbaşa Xalq artisti fəxri adı layiq görülməyim, həyat dramımın provalı, başlanğıcı oldu. Belə ki, bir gecə saat 23-00-da evimə zəng vurub, yüksək rütbəli mədəniyyət məmuru dedi ki, sənə birdən-birə Xalq artisti fəxri adı verildiyinə görə gərək “otbloqadarit” eləməlisən. Cavab verdim ki, mən artıq ölkə başçısına minnəttarlıq teleqramı vurmuşam. Sözüm ağzımda qaldı. Qarşı tərəf əsəblə “yaxşı, baxarıq” -deyib telefonu söndürdü. Bax, bundan sonra mənə qarşı zərbələr başlandı. Bu təzyiqlər də işdən uzaqlaşdırılmağıma qədər davam elədi. Yadımdadır, o vaxt mənim beynimdə Cəfər Cabbarlının “Sitarə” librettosunu faciə kimi səhnələşdirib, tamaşaya qoymaq fikiri oyanmışdı. Çox həvəs və istəklə bu işə başladıq. Tamaşa hazır oldu. O vaxtlar dəfələrlə Mədəniyyət Nazirliyindən nümayəndələr dəvət etsək də tamaşaların qəbuluna gəlmirdilər və tamaşanın qəbulunu teatrın Bədii Şurasının öhdəsinə verirdilər. Bu dəfə isə Baş idarənin rəisi Əliqismət Lalayev gəldi. Onu da deyim ki, həmin illərdə Mingəçevir Dövlət Dram Teatrı yüksək səviyyəli tamaşalarına görə özünün pik nöqtəsini yaşayırdı. Respublika teatrları arasında da yüksək mövqeyə malik idi. Misalçün deyim ki, Milli Akademik Dram Teatrın direktoru, mərhum aktyorumuz, Xalq artisti Əliabbas Qədirov mənim Mingəçevir Dövlət Dram Teatrında hazırladığım və onların səhnəsində göstərdiyimiz İlyas Əfəndiyevin “Sevgililərin cəhənnəmdə vüsalı” tamaşasına baxdıqdan sonra, müzakirədə dedi ki, “biz rəqabətimizi bundan sonra Mingəçevir teatrı ilə aparmalıyıq”. Əlbəttə, bu bir dost zarafatı idi. Amma həqiqətə yaxın idi.
Cəfər Cabbarlının “Sitarə” tamaşasında rolları teatrın ən aparıcı aktyorlarına vermişdim. Hətta bunlardan- Afət Əliyevanın, Şıxı Yaqubovun, Namik Abdullayevin, İbrahim Salamovun oyunları mənim özümü də heyrətləndirmişdi. Daxili baxışda da şəhərin teatral ictimaiyyəti, elitası tamaşanı çox tərifləmişdilər.
Hə, Əliqismət müəllim maşından düşüb, mənimlə soyuq salamlaşdı və tamaşaya baxdı. Tamaşadan sonra müzakirə başlamaqdansa o, həmin tamaşada oynamayan aktyorları, aktrisaları qəbul edirdi.Onlarla təklikdə söhbət edirdi. Mən artıq başa düşdüm ki, bu, yaxşı hal deyil. Mənə qarşı hücum başlayacaq. Hücun üçün də mənim teatra işə dəvət etdiyim və artıq teatrın qəhrəmanı səviyyəsinə qaldırdığım bir nankor aktrisa hücumçu seçilmişdi.
Uzun fasilədən sonra tamaşanın müzakirəsində ilk sözü Əliqismət Lalyev özü dedi. Əslində o, lap axırda çıxış eləməliydi. Sözünə də belə başladı: “ Tamaşa müasir deyil. 1950-60-cı illərin tamaşasına bənzəyir və sairə”. Başa düşdüm ki, onun bu sözləri bəzi adamlara istiqamət vermək üçündür. Ona görə də mən və tamaşada oynayalar onun bu sözlərinə mat qaldıq. Onu da qeyd edim ki, mən, müəllifə sadiq qalaraq, tamaşanı klassik Yunan üslubunda hazırlamışdım. Ona görə də tamaşa monumental və baxımlı alınmışdı.
Amma Əliqismətin bu sözlərinə çox adam yönüm vermədi, öz vicdanlarına sadiq qalıb, tamaşa haqqında xoş sözlər dedilər və o da məcbur olub, tamaşanın oynanılmasına icazə verdi. Onu da qeyd edim ki, tamaşa haqqında fikirlər keçmişdi ikinci plana, əsas söhbət mənim teatrda özümü aparmağımdan, qəddarlığımdan gedirdi. Başa düşdüm ki, bu adam bizim teatra xüsusi tapşırıqla, hazırlıqla gəlib. Onun bu hücumunun da səbəbi “otblaqadarit” etməməyimdən irəli gəlirdi. Onu bura elə həmin adam, səlahiyyətli məmur, uzun illər Əliqismət Lalayevin “krışası” olan göndərmişdi. Ona görə də susmağa üstünlük verdim. Amma bundan sonra mənə Mədəniyyət Nazirliyindən həmin yüksək rütbəli məmur tərəfindən daha böyük hücumlar başladı. Artıq kollegiya iclaslarında onun tərəfindən mənim ünvanıma hücumlar adət halını aldı. Hətta belə sözlər də deyirdi: “Ona Xalq artisti fəxri adını biz verdirmişik, biz də geri aldıra bilərik”…
2010-cu ildə teatrın direktoru Həsən Həsənov məni çağırıb dedi ki, “sən ərizə verib, işdən getməlisən. Çünki 70 yaşın tamam olub”. Dedim ki, axı mən işləyə bilirəm. Xalq artistiyəm. 200-dən çox tamaşaya quruluş vermişəm. Cavabında bildirdi ki, “ yuxarıdan məsləhət belədir”. Həmin vaxtı hələ “yaş senzi” məsələsi də yox idi. Mən ərizə vermədim. Onlar əmr verib, məni işdən çıxardılar. Bu da mənim teatrla başlanan gözəl, uğurlu ömrümün sonu oldu. Bu, əlbəttə, mənə çox pis təsir etdi. Axı mən hələ bundan sonra da çoxlu tamaşalar hazırlaya bilərdim. Bir daha deyirəm. Həmin vaxtı “yaş senzi” məsələsi də hələ ki, yox idi. Deməli, “otbloqadarit” eləmədiyim nazirlikdəki həmin adam öz istədiyini elədi…
Artıq bu vəziyyətdə çaş-baş qalmışdım. Bilmirdim kimə şikayət edib, haqqımı tələb eləyim…
Elə oldu ki, “EL” Televiziya Şirkətinin direktoru seçilən ziyalı İqbal Məmmədəliyev məni o şirkətə işə dəvət elədi. Yenə də səviyyəli verlişlərdə yaradıcılıq zövqü ala-ala işləyirdim. Bu işimdən də razı idim. Artıq əmək haqqı da alırdım.
Bir gün Mingəçevir Dövlət Dram Teatrının direktoru Həsən Həsənov məni görüb, dedi ki, “teatrda studiya açılır. Gəl ona rəhbərlik elə”.
Həm ehtiyac və həm də teatra olan sonsuz istək məni yenə də bu məbəd ocağına apardı. Birinci iki illik kurs çox yaşı oldu. Kursun sonuna yekun kimi quruluş verdiyim özümün “Ön xətdə müharibə” əsərim yüksək əks-səda yaratdı. Əvvəllər özümdə düşünmədiyim, görmədiyim hallar baş vermişdi. Bu istedadlı uşaqların çoxu hamını şoka salmışdı. Onların oyunu peşəkar səviyyədə idi. Məhz buna görə də hamısı teatrda işə qəbul olundu. Sonra mənim müəllim kimi teatr-studiyaya cəlb etdiyim, teatr aləmində inkişaf etəsində böyük köməyim olan bir aktrisanın çirkin oyunları ucbatından bu kursdan da çox ustalıqla uzaqlaşdırıldım…
Sonra da dedilər ki, bu kursa rəhbərlik teatrın yeni baş rejissoru Xəzər Gəncəliyə tapşırılıb. O Xəzər Gəncəli ki, yenə də həmin aktrisanın çirkin oyunları ucbatından artıq teatrdan uzaqlaşdırılıb. Özü də Xəzər Gəncəli Mingəçevir Dövlət Dram Teatrının 50 illik yubileyində Əməkdar artist fəxri adı alandan sonra teatrdan müəmmalı surətdə uzaqlaşdırılıb. Yəqin ki, buna inanmayacaqsınız, amma bu, bir həqiqətdir. Xəzər Gəncəli kimi maraqlı rejissor da artıq acıq edib, Azərbaycandan çıxıb gedib. Deməli, teatrçün çox maraqlı işlər görən, maraqlı tamaşalar hazırlayan belə bir peşəkar rejissoru da artıq itirdik və o, Azərbaycandan gedəsi oldu. Doğrudanmı bizdə peşəkar rejissorlar belə çoxdur ki, itirə-itirə gedirik?..
Onu da bilirsiniz ki, nadanlar heç vaxt məğrur, savadlı, istedadlı adamları sevməyiblər. Xəzər Gəncəli də mənim kimi məğrur insandır. Burada Cəlaləddin Ruminin bu sözləri yada düşür: “Ey rüşvət yeyən! Sən filin balasını yeyirsən. Bir gün fil gəlib səni tapdalayacaq”. Amma fil gəlsə də onlar mənə etdiklərini-etdilər… Eləcə də başqa rejissorlara da etdiklərini edirlər…
Onu da deyim ki, mən qəribə taleli və xasiyyətli insanam. Kimin qolundan tutub qaldırmışamsa, ondan xəyanət görmüşəm. Dostum, maraqlı aktyorumuz, Mingəçevir Dövlət Dram Teatrında yaxşı rollar oynamış, direktor işləmiş mərhum Mirbaba Xəlilov deyirdi ki, sənin faciən özünü müdafiə etməməyindədir. Allah ona rəhmət eləsin. Doğru deyirdi. Nə etmək olar mən də beləyəm də… Amma fəxr edəcək cəhətlərim də var. Fəxr edirəm ki, əclaflara əyilməmişəm. Mən gücsüzlərin, arxasızların qolundan qaldırıb, onlara köməklik etmişəm. Kimsə mənim qolumdan qaldırmayıb, əslində mənə pisliklər ediblər. Hazırladığım tamaşalara görə birbaşa Xalq artisti gəxri adını almışam. “EL” TV-idəki çıxışlarım indi də ziyalılar arasında xatırlanır və müzakirə olunur. Sevinirəm ki, teatrda böyük uğurlar qazanan çoxlu aktyorları- Mingəçevir teatrında Neftun Tağıyevi, Vaqif Məmmədovu, Mirbaba Xəlilovu, Akif Mirabovu, Afət Əliyevanı, Vaqif Kərimovu, Asim Məmmədovu, Şıxı Yaqubovu, Hüseyn Mustafayevi, İlqar İbrahimovu, Əməkdar rəssam Rəfael Haşımovu, rəssam Yusif İmamverdiyevi, Qazax teatrında- Saqif İsgəndəruvu, Hacı Hacıyevi, İlqar Hacıəliyevi, Xanım Məmmədovanı və başqalarını mən yetişdirmişəm. İşlədiyim müddətdə aşiqi olduğum teatr sənətinə sadiq qalıb, Vətənimə, dövlətimə layiqincə qulluq etmişəm. Sevinirəm ki, indi də Mingəçevir şəhərinə çıxanda mənə hörmətlə baş əyib, böyük etiramla salam verirlər.
– Belə bir yaradacı insan bəs indi nə işlə məşğul olur?
– Bütün ədalətsizliyə məruz qalan insanlar kimi yaşayır, ürəyimi, fikirlərimi, həyata keçirə bilmədiyim bədii yaşantılarımı ovcumun içinə alıb oxşayır və mənə Ulu Tanrı tərəfindən verilən ömürün sonuna qədər getmək istəyirəm. Ara-sıra fikirləşdiklərimi yazıram və sonra da cırıb atıram…
-Niyə? Axı siz, maraqlı dramaturqsunuz. Pyeslərinizi, səhnələşdirdiyiniz əsərləri oxumuşam. Bu gün Azərbaycan teatrlarının maraqlı pyeslərə böyük ehtiyacı var…
-Çünki fikirləşirəm ki, əgər sağlığımda mənə layiq olduğum qiymətlər verilməyibsə, hələ ki, tamaşalar hazırlamağa canımda su varsa və mənə bu sevimli işimi görməyə şərait yaratmırlarsa, mən öləndən sonra kimə lazım olacam? Mənim yazdıqlarımı kimlər oxuyacaq?.. Onları hazırlamağa imkan verəcəklərmi?.. Fikirləşməyin ki, aciz adamam. Əsla. Hətta lazım gəlsə böyük düşmənlə də vuruşa bilərəm. Amma qarşımdakı nadan, şeytan xislətli “Kollu Koxa” olanda susuram. Daha doğrusu susmağa üstünlük verirəm… Onu da fikirləşirəm ki, yazdığım pyeslər də sağlığmda tamaşaya qoyulmayacaqsa, niyə yazım?..
– Siz, Azərbaycanın Xalq artisti və böyük təcrübəsi olan rejissorsunuz. Bu gün də Azərbaycan teatrlarında rejissor problemləri həddindən artıq çoxdur. Bəs niyə sizi teatrlar tamaşalara quruluş verməyə dəvət edirlər? Axı sizin kimi təcrübəli rejissorun cavan aktyorların inkişafında böyük rolu ola bilər.
– Onu deyim ki, sözdə deyilməsinə baxmayaraq, teatr rəhbərlərinin nə həddi var ki, bunu sərbət edə bilsinlər. Təşkilində və truppasının formalaşmasında xeyli zəhətim olan Qazax və Mingəçevir teatrlarının rəhbərləri dəfələrlə buna meyl etsələr də amma nail olmayıblar. Çünki nazirlikdən onlara imkan verməyiblər. Elə mən özüm də səhnə üçün çox darıxmışam. Bununla bağlı Mədəniyyət naziri Əbülfəs Qarayevə dəfələrlə müraciət də etmişəm ki, 200-dən artıq tamaşa hazırlayan rejissor kimi bundan sonra da mənə imkan yaratsın teatrlarda tamaşalar hazırlayım. Təvazökarlıqdan uzaq olsa da deyim ki, Qazax və Mingəçevir teatrlarında hazırladığım tamaşalardan çoxu Azərbaycan teatr tarixinə düşüb. Bu tamaşalar haqqında çoxlu və bir-birindən maraqlı ressenziyalar yazılıb. Amma cənab nazir Əbülfəs Qarayevə yazdığım məktublarım hələ də cavabsız qalıb… Maraqlıdır. Bir məktuda cavab yazmaq da çox çətindir?..
-Böyük təcrübəsi olan bir rejissor kimi bugünkü Azərbaycan teatrına münasibətiniz necədir? Azərbaycan teatrlarını dirçəltməkçün, dünyada tanıtmaqçün hansı işləri görmək daha vacibdir?
– Bu sual bir qədər çətin olsa da, cavabı ziddiyyətli olacaq. Hər halda teatrlara münasibətim tam müsbətdir deyə bilmərəm. Bir dəfə Mingəçevir teatrında müşavirə keçirən, çox savadlı və təmiz fikirli bir dövlət adamı ilə aramızda bu məsələyə münasibət müzakirəsi oldu. Mən hələ həmin vaxtı demişdim ki, prezidentimiz İlham Əliyev teatrların inkişafı üçün “2009-2019” layihəsini irəli sürdü. Bu layihə həqiqətən teatrların maddi-texniki bazasını və iqtisadi durumunun inkişafı üçün böyük bir təkan yaratdı. Amma həmin vaxtı teatr işçilərinin maaşları artırlmasa da onlarda teatrlarda işləməyə həvəs bir qədər artırdı. Amma sonralar bu layihə bəzi adamların şəxsi marağına xidmətə çevrildi və onlar bu layihənin pərdəsi altında istədiklərini etməyə başladılar. Yaşlı, təcrübəli mütəxəssislər də işdən aralandırıldı. Və kimincə “ağlının” məhsulu olan xarici ölkələrdən ortabab rejissorlar, rəssamlar dəvət etmək dəstəsi yarandı…
Hamı bilir ki, əsl müasir teatr, rejissor və aktyorla bərabər bütün tamaşa kompanentlərinin yüksək səviyyədə yerində olması deməkdir. Yeri gəlmişkən hara tərpənsən də tamaşanın mərkəzi divarı, sütunu aktyordur. Bu əlahəzrət aktyorun da yüksək biliyə sahib olmasını, öz rolunun rejissoru olmasını yalnız milli ruha malik rejissor yetişdirə bilər. Bu işdə Gəncə Dövlət Dram Teatrının baş rejissoru İradə Gözəlova istisna olmaqla başqa teatrlarda işlər elə də qənaətbaxış deyil. Yəni başqa baş rejissorlar hələ də bu işi tam görmürlər.
Bir məsələyə də mübnasibətimi bildirib demək istəyirəm ki, indiki şəraitdə teatrlara xaricdən ortabab rejissorlar dəvət olunmasının əlehinəyəm. Onların bir həftəyə, on günə hazırlayıb təhvil verdikləri tamaşanın səviyyəsi necə ola bilər? “Postanovşik” adı ilə gəlib tez-tələsik tamaşalar hazırlayıb təhvil verən və tez də gedib pullarını alıb, gəldiyi ölkələrə tələsən rejissorlar bizə lazım deyil. Mən vicdanlı işləyənləri nəzərdə tutmuram. Olar bir-iki nəfərdir. Hələ vaxtı ilə hər şeyə ciddi nəzarət olunduğu bir vaxtlarda Konstantin Sergeyeviç Stanislavski də belə rejissuranın əlehinə idi. İndi sadəcə tamaşaçının tamaşaya gəlib vaxt keçirməsi üçün tamaşa hazırlayan rejissorlar da çoxdur. Müəllifin fikiri, bu əsəri niyə yazması və gələcək tamaşanın indiki tamaşaçılara nə verəcəyini düşünənlər demək olar ki, azdır. Axı, Hüseyn Cavidi tamaşaya qoymaq, “mən klassik əsər işlədim” missiyası ilə işləmək olmaz. O, hər qəlibə, xüsusilə də indiki “müasir tamaşa” çərçivəsinə sığmır. Hüseyn Cavid hələ o vaxt indiki zamandan da qabağa gedib. Ümumiyyətlə teatrda bütün yük rejissorun çiyninə düşür. Məhz buna görə də rejissorlara çox böyük qayğı göstərilməlidir. Onlara lazım olan bütün şəraitlər yaradılmalıdır ki, onlar lazım olan səviyyədə tamaşalar hazırlaya bilsinlər. Ümumiyyətlə bütün dünyada olduğu kimi Azərbaycanda da səlahiyyət teatrda rejissorlara verilməlidir, teatrın direktoruna yox. Axı teatr zavod, fabrik yox, yaradıcılıq müəssisəsidir. Burada birinci söz direktorun olmamalıdır.
– Bu gün Azərbaycan incəsənətində tətbiq olunan “yaş senzi” çoxlu istedadlı insanların işdən xaric olmasına səbəb olub. Bu da əlbəttə, Azərbaycan mədəniyyətinə çox böyük bir zərbə vurub. Biz, bunun mənfi cəhətlərini, faciələrini, nəticəsini cələcəkdə çox aydın görəcəyik. Onda da peşiman olacağıq ki, niyə belə etmişik? Sizin buna bir sənətkar kimi münasibətiniz necədir? Xahiş edirəm ürəyinizdən keçənləri səmimi deyin.
-Siz elə öz sualınızla buna məndən tutarlı cavab verdiniz. Bəli, bu məsələ Azərbaycan mədəniyyətini, teatrını əlli il geriyə atıb. Mənə belə gəlir ki, yaş həddini yaradıcı adamlara, xüsusən də aktyorlara, rejissorlara, rəssamlara aid etmək qəti olmaz. Bax, bu məqsədlə də artıq püxtələşmiş aktyorlar, rejissorlar teatrlardan uzaqlaşdırıldı və onların yerinə hələ tam teatrı dərk etməyən, həvəskarlar, yarımçıq mütəxəssislər gətirildi. Bu, region teatrlarında daha aydın hiss olunur. Niyə belə oldu? Və niyə bu gün də bu belədir? Açığı mən özüm də buna mat qalmışam. Mənə elə gəlir ki, burada da gizli şəxsi mənfəət layihəsi var. Əgər prezident əmr veribsə, “bu belə də olmalıdır” fikrilə düşünən, yaşayan məmurlar, ölkə başçısına xoş gəlməkçün bu əmri tez-tələsik yerinə yetirməklə çox böyük səhv edirlər. Doğru deyirsiniz ki, “bunun nəticəsi gələcəkdə çox pis olacaq” və artıq olur da. Möhtərəm prezidentimiz “2009-2019” layihəsində yaz senzini nəzərdə tutmayıb. Bunu aşağadakı məmurlar etdi və bununla da böyük səhv etdilər. Həmin səhvi bu gün də davam etdirirlər. Bu da gələcək nəslimiz tərəfindən çox pis qarşılanacaq…
-Ömrünün böyük hissəini Azərbaycan teatrının inkişafına sərf edən və bu gün yalnız cüzi pensiya alan Zülfüqar Abbasov həyatından razıdırmı?
-Əlbəttə yox. Çoxlu sənət işlərimi, teatrla bağlı memuarımı, rejissura ilə bağlı fikirlərimi belə düşünürdüm ki, təqaüdə çıxanda, yaxşı pensiya alanda oturub, heç bir problemi olmayan insan kimi yazacam. Gələcək nəsillərçün bir ərmağan kimi qoyub gedəcəm. Yaratdığım və uzun illər rəhbərlik etdiyim Mingəçevir Dövlət Dram Teatrı artıq həmin teatr deyil. Demirəm tam pisdir, amma bizim vaxtımızda olan teatr deyil. Şəxsi həyatımda da çatışmamazlıqlar çoxdur. On ildir ki, prezident İlham Əliyevə, Prezident təqaüdü almaqçün müraciət etsəm də bu günə kimi bu məsələ özünün müsbət həllini tapmayıb. Mənim müraciətimi Mədəniyyət Nazirliyinə göndəriblər. Onlar da hər dəfə bir qayda olaraq yazırlar: “Xahişiniz nəzərə alınacaq”. Amma nə vaxt? Bax, onu yazmırlar. Ümidim Mingəçevir Dövlət Dram Teatrının 50 illik yubilyeinə idi. Amma bu yubileydə də mənə yalnız Prezidentin “Fəxri Diplomu” nu təqdim etdilər. Bütün işlər bununla da bitdi. Deməli, belə çıxır ki, daha Prezident təqaüdündən birdəfəlik əl çəkməliyəm. Axı, niyə? Məgər gördüyüm bu qədər işlərə görə mənə Prezident təqaüdü verilə bilməz? Daha bundan sonra hansı işləri görməliyəm ki, mənə Prezident təqaüdü verilsin?!..
Bax, bu suallara heç cür cavab tapa bilmirəm…
Fikrimi bu sözlərlə yekunlaşdırmaq istəyirəm. Azərbaycan teatrı yaşamalı və öz sənət nailiyyətlərini geri qaytarmalıdır. O xalqın, millətin ki, fikir, fəlsəfi, etik baxışı olan teatrı yoxdursa, həmin millətin, xalqın tərəqqisi də kamil ola bilməz. Nə deyim. Allah Azərbaycanımızı qorusun. Allah bizə ömür versin ki, Qarabağda yarımçıq qalan işlərimizi tamamlayaq. Təki sağlıq olsun.
P. S. Biz belə qəmli notlarla Zülfüqar Abbasovdan ayrıldıq. İndi isə sözüm Azərbaycan Mədəniyyət Nazirliyinədir. Axı, belə bir maraqlı rejissoru teatrlardan kənarda qoymaq olmaz. O, hələ bundan sonra da maraqlı tamaşalar hazırlayıb, Azərbaycan teatr tarixinə layiqli töhfələr verə bilər. Mən belə fikirləşirəm ki, xaricdən ortabab rejissorlar dəvət etməkdənsə elə özümüzün reşəkar rejissorlarımız var. Onlardan maksimum istifadə etmək, onlara lazım olan bütün şəraiti yaratmaq lazımdır ki, teatrlarımıza və onun uğurlu gələcəyinə daha böyük xeyir verə bilsinlər. Buna görə Mədəniyyət Nazirliyində əyləşən məmurlar teatrımızı, kinomuzu və bütövlükdə incəsənətimizi dərin məhəbbətlə sevməli və buna qarşı onlarda sonsuz, təmənnasız məhəbbət, istək olmalıdır.

Ağalar İDRİSOLU,
Əməkdar incəsənət xadimi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir