Ortamüddətli xərclər çərçivəsinin hazırlanması: səbəblər, gözləntilər və nəticələr

2015-ci ildə baş verənlər qısa müstəqillik tarixində Azərbaycan iqtisadiyyatı üçün ikinci ciddi xəbərdarlıq idi. Beləki, 2008-ci ildə neftin dünya bazarlarında kəskin ucuzlaşması ölkə üçün çox ciddi risklər formalaşdırsa da prosesin qısamüddətli olması və ardından qiymətlərin sürətlə bahalaşması bu sınağın ağrılarının çox tez müddətdə unudulmasına səbəb olmuşdu. Ondan sonra ötən müddət ərzində mövcud iqtisadi, sosial, fiskal və monetar kurs qüvvədə qalmış və hətta daha da dərinləşdirilmişdir. Dövlət xərcləmələri sürətlə artır, iri investisiya layihələri həyata keçirilir, iqtisadiyyatın təmərküzləşməsi və təbəqələşmə daha da sürətlənirdi. Nəticədə 2014-cü ildə neft sektorunun fiskal gəlirlərdə xüsusi çəkisi 70%, ixracda isə payı 93% -ə yüksəlmişdi. 2014-cü ilin birinci yarısından başlayaraq dünya bazarlarında neft qiymətlərinin sürətələ ucuzlaşması Azərbaycan iqtisadiyyatı üçün bir dekada ərzində artıq ikinci ciddi təhlükənin əsasını təşkil etdi. Qısa müddət ərzində neftin ixracında əldə edilən gəlirlərinin səviyyəsində 52% yaxın azalma baş verdi. Paralel olaraq Neft Fondunun  gəlirləri 2015-ci ildə əvvəlki illə müqayisədə  52.4% azaldı [bax: cədvəl 1].

Cədvəl 1: Neft sektoru üzrə bəzi indikatorlar (Azərbaycan Respublikası)

  İxrac olunan xam neft, milyard ABŞ dolları ilə Fondun gəlirləri, milyard ABŞ dolları ilə

 

Büdcəyə transfertlər,

milyard manatla

Dövlət büdcəsinə transfertlər, milyard ABŞ dolları ilə
2011 22.9 19.8 9 11.53
2012 20.2 17.4 9.905 12.7
2013 20.3 17.3 11.35 14.55
2014 18.4 16.2 9.337 11.9
2015 8.9 7.7 8.13 7.9
2016 10.6 5.9 7.615 4.75
2017 10.7 7.1 6.1 3.5

Mənbə: Azstat və Azərbaycan Respublikası Dövlət Neft Fondu, 2018

Neft gəlirlərinin azalması Azərbaycan iqtisadiyyatı və maliyyə sistemi üçün  bir neçə istiqamətdə təzyiqlər formalaşdırmağa başladı. İlk olaraq milli valyuta dəyərinin kəskin şəkildə itirdi (49.6%, 2015-ci il, ARMB). Ölkənin strateji valyuta ehtiyyatları sürətli şəkildə əriməyə başladı. Təxminən 10 ay ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankı valyuta ehtiyyatlarının 65%-dən artıq hissəsi valyuta bazarlarına injektə etmək məcburiyyətində qaldı. Əlbətdə ki, fiskal gəlirlər baş verənlərdən ən çox təsirlənən istiqamətlərdən biri idi. Beləki, 2014-2017-ci illəri əhatə edən müddətdə dövlət büdcəsinə transfert edilən neft vəsaitlərinin həcmi müvafiq olaraq 33.6%, 39.9%, 26.3% azalaraq 2017-ci ildə 3.5 milyard ABŞ dolları səviyyəsinə düşdü. Uzun müddət iri neft vəsaitlərinin transverti hesabına formalaşan fiskal gəlirlərdə bu mənbədən daxilolmaların azalması nəticəsində ciddi şətinliklər yarandı və paralel olaraq dövlət büdcənin xərcləmələri azaldıldı. Bu istiqamətdə atılan addımların məntiqi davamı kimi iqtisadiyyat resesiyaya daxil oldu.

İqtisadiyyat və o cümlədən fiskal gəlirlər üçün yaramış yeni çağırışlar fiskal konsolidasiyanın intensiv müzakirəsi və bu istiqamətdə konkret mexanizmlərinin formalaşdırılması kimi konkret zərurətlər formalaşdırdı. Azərbaycan Respublikası Prezidnetinin 24 avqust 2018-ci il tarixli Fərmanı ilə təsdiqlənən  “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması QAYDASI”[1] qeyd edilən istiqamətdə dövlət siyasətinin təkmilləşdirilməsi məqsədi ilə qəbul edilən qərarlardan biri hesab edilə bilər.

Ortamüddətli xərclər çərçivəsi (OMXÇ) müəyyənləşdirilmiş iqtisadi və sosial siyasət kursunun qısa və ortamüddətli dövrlər üçün hədəflərini özündə aydın ehtiva edən fiskal plan hesab edilə bilər.

Sənədin hazırlanması üzrə məsul dövlət qurumu Azərbaycan Respublikasının Maliyyə Nazirliyidir.

OMXÇ sənədinə aşağıdakı sənədlər daxil edilir:

  • ortamüddətli resurs zərfi,
  • strateji büdcə planı.

Qanunvericiliyə uyğun olaraq ortamüddətli resurs zərfi – növbəti il və sonrakı üç il üçün icmal büdcənin və dövlət büdcəsinin hesablanmış gəlir və daxilolmalarının məcmusudur. Ortamüddətli büdcə siyasəti isə növbəti il və sonrakı üç il üçün respublikanın mövcud iqtisadi vəziyyətini təsvir edən və büdcə-vergi siyasətinin əsas məqsədlərini, həmçinin milli xərc prioritetlərini əks etdirən bəyanatdır. Sənədin hazırlanması zamanı tətbiq ediləcək yeni siyasət təşəbbüsləri  növbəti il və sonrakı üç ilə icmal büdcənin və dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi təklif olunan yeni layihələr, dövlət proqramları və islahat tədbirlərindən irəli gələn cari və əsaslı xərcləri özündə birləşdirir. Milli xərc prioritetləri ölkənin ortamüddətli və uzunmüddətli hədəflərinə əsaslanan xərc istiqamətlərini özündə əks etdirəcəkdir. Bundan sonra büdcə təşkilatları strateji palnalar hazırlamaq məcburiyətində olacaqlar. Bu sənəd büdcə təşkilatlarının sektor strateji planları adlanır və  büdcə təşkilatlarının Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş qısa və ortamüddətli dövrdə hədəflərini və həmin hədəflərin həyata keçirilməsi üzrə tədbirləri, o cümlədən maliyyələşmə mənbələrini nəzərdə tutur.

Ortamüddətli xərclər çərçivəsinin məqsədi makroiqtisadi sabitlik və dayanıqlı iqtisadi artım üçün tələb olunan məcmu fiskal intizamın gücləndirilməsi, dayanıqlı fiskal çərçivəyə əsaslanan çoxillik resurs zərfi daxilində xərc istiqamətlərinin sektorlar arasında prioritetləşdirilməsi və fəaliyyətin göstəricilər əsasında ölçülməsini nəzərdə tutan nəticəəsaslı büdcə tərtibi mexanizminin təşkili üçün zəruri şəraitin yaradılmasıdır.

OMXÇ-nin hazırlanması

OMXÇ-nin hazırlanmasının tətbiqinə başlanılası büdcə prosesinin iki əsas mərhələyə ayıracaqdır. Beləki, ilk olaraq strateji mərhələ hesab edilən OMXÇ-nin hazırlanacaq. İkinci mərhələ isə texniki və ya illik büdcə tərtibi mərhələsi olacaq. OMXÇ sənədinin hazırlanması prosesi bu məqalədə bəhs etdiyimiz “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması QAYDASI” na uyğun olaraq həyata keçiriləcəkdir. İkinci mərhələnin icrası isə Azərbaycan Respublikasının “Büdcə sistemi haqqında” Qanununun 11-ci maddəsinin tələbləri uyğun olaraq həyata keçiriləcəkdir.

Qeyd edək ki, birinci mərhələnin icrası (OMXÇ sənədinin hazırlanması) Maliyyə Nazirliyi tərəfindən hazırlanaraq təsdiq edilmiş OMXÇ-nin fevral ayının 15-dək büdcə təşkilatlarına göndərməsi ilə başlanılacaq.

Qanunvericiliyiə uyğun olaraq İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanacaq cari il üçün dəqiqləşdirilmiş, ortamüddətli dövr üçün isə ilkin iqtisadi və sosial inkişaf proqnoz göstəriciləri 1 mart tarixinədək Maliyyə Nazirliyinə təqdim edilməldir. İqtisadiyyat Naziriliyinin proqnozların koordinasiyalı və əahtəli olması üçün aidiyyatı qurumlar lazım olan məlumatları fevral ayının 5-dək Nazirliyinə təqdim etməlidirlər. Bu məlumatlara  dövlət büdcəsinin icrası ilə başlı faktiki göstəricilər, növbəti il və sonrakı üç il üçün ilkin proqnoz göstəriciləri, büdcə gəlirləri, həmçinin neft və qeyri-neft gəlirləri və Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin yuxarı həddi, büdcə xərcləri (əsaslı və dövlət borcuna xidmət üzrə xərclər), büdcəsi defisitinin  hansı mənbələr hesabına maliyyələşdirilməsi, xarici valyutada olan büdcə xərcləri haqqında məlumatları, dövlət borcunun ortamüddətli dövr üçün göstəriciləri (birbaşa dövlət borcu və verilmiş dövlət zəmanətlərinin həcmi, dövlət borcalmaları və borc üzrə ödənişlər), pul siyasətinin növbəti və sonrakı üç il üçün əsas istiqamətləri, monetar sahə üzrə statistik məlumatlar, o cümlədən pul bazası, pul icmalı,  pul aqreqatları, Mərkəzi Bankın analitik balansı və s.,  tədiyə balansına aid statistik məlumatlar (cari hesab, kapital hesabı, maliyyə hesabı, həmçinin xarici borc və onun dəyişməsi, xalis aktivlərdə dəyişmə və beynəlxalq ehtiyatlar), Neft Fondunun gəlir və xərclərinin növbəti il və sonrakı üç il üçün neftin müxtəlif ortaillik ixrac qiymətlərinə uyğun proqnozu, neft-qaz sahəsi üzrə hasilat göstəriciləri, Neft Fondunun vəsaiti ilə icra edilən layihələrin maliyyələşdirilməsi üçün aidiyyatı təşkilatların vəsait ehtiyacına daiur proqnoz məlumatı, Neft Fondunun aktivlərinin idarə edilməsi üzrə illik gəlirlik dərəcəsi, Statistika Komitəsi tərəfindən hazırlanaraq təqdim edilməli olan əvvəlki il üzrə bütün növ ilkin statistik məlumatlar, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari il gözlənilən, növbəti il və sonrakı üç il üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun, işsizlikdən sığorta fondunun gəlir və xərcləri, ortaaylıq əməkhaqqı, yaşayış minimumu, minimum əməkhaqqı, ehtiyac meyarı, məşğulluq, sosial və demoqrafik göstəricilər barədə məlumatlar, idxal-ixrac bağlı göstəricilər aiddir. Onu da əlavə etmək lazımdır ki, qanunvericilklə İqtisadiyyat Nazirliyinə respublikanın ortamüddətli dövrə proqnoz göstəricilərinin tərtibi zamanı lazım ola biləcək digər məlumatları aidiyyatı qurumlardan əldə etmək və lazım olduğu təqdirdə dövlət qurumları arasında kordinasiya təmin etmək üçün xüsusi komisiya yaratmaq hüququ verilir.

Qaydalara uyğun olaraq büdcə təşkilatları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq öz strateji planlarını mart ayının 1-dək Maliyyə və İqtisadiyyat Nazirlirliklərinə təqdim etməlidirlər.  Bu məlumatlar əsasında Maliyyə Nazirliyi cari il üçün dəqiqləşdirilmiş, ortamüddətli dövr üçün (qeyd: büdcə sistemi haqqında qanuna əsasən ortamüddətli dövr 5 il hesab edilir)  isə ilkin iqtisadi və sosial inkişaf proqnozları əsasında ortamüddətli resurs zərfinin ilkin layihəsini hazırlamalıdır.

Prosesin həyata keçirilməsi zamanı digər mühüm məsələlərdən biri isə dövlət borcları və onların gələcək dinamikası haqqında proqnozalrın hazırlanması hesab edilir. Bunun üçün büdcə təşkilatları kreditlər, qrantlar və ya digər maliyyələşmə formalarından asılı olmayaraq bütün mövcud və davam etməkdə olan layihələr üzrə cari və əsaslı xərclərinə dair sifarişlərini mart ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim etməlidirlər Onu da əlavə etmək lazımdır ki, büdcə təşkilatları paralel olaraq davam edən layihələrin əsaslı xərclərinə aid informasiyalar İqtisadiyyat Nazirliyinə təqdim etməlidirlər. Əgər büdcə təşkilatlarının yeni siyasət təşəbbüsləri varsa bu təşəbbüslər üzrə lazımı məlumatlar da mart ayının 1-dək Maliyyə və İqtisadiyyat Nazirliklərinə təqdim edilməlidir.

Maliyyə Nazirliyi isə öz növbəsində təqdim edilən məlumatlar əsasında hazırladığı ortamüddətli dövr üçün icmal büdcə və dövlət büdcəsi ilə əlaqədar məlumatları aprel ayının 1-dək İqtisadiyyat Nazirliyinə təqdim etməlidir. İqtisadiyyat Nazirliyi isə təqdim olunmuş məlumatlar əsasında sosial-iqtisadi proqnoz göstəricilərini dürüstləşdirərək, aprel ayının 8-dək Mərkəzi Banka təqdim edir. Məqsəd Mərkəzin Bank öz monetar göstəricilərini  (pul siyasətinə dair dəqiqləşdirilmiş məlumatlar, cari və növbəti ilə pul proqramı, həmçinin monetar sektora dair cari ilin gözlənilən, növbəti il və sonrakı üç il üçün isə dəqiqləşdirilmiş proqnoz göstəricilərini və tədiyə balansının proqnozuna dair rəyini) uyğunlaşdırdıqdan sonra aprel ayının 15-dək  yekun sənədi yenidən İqtisadiyyat Nazirliyinə göndərməlidir.

Beləliklə İqtisadiyyat Nazirliyi təqdim olunmuş təklifləri nəzərə almaqla ortamüddətli sosial-iqtisadi proqnoz göstəricilərini və dövlət investisiya proqramının istiqamətlərini hazırlayır və may ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə təqdim edir. Növbəti addım olaraq Maliyyə Nazirliyi büdcə təşkilatlarının baza proqnozları və YST isqitamətində təkliflər əsasında ortamüddətli resurs zərfinə bir daha baxaraq, ortamüddətli dövrdə iqtisadi artım, inflyasiya, xərclənə bilən neft gəlirləri, Neft Fondundan dövlət büdcəsinə transfertin həcmi, icmal büdcənin yuxarı həddi, icmal büdcənin qeyri-neft baza kəsiri və digər hədəf göstəricilərini dəqiqləşdirir, onun əsasında OMXÇ sənədini hazırlayaraq, may ayının 15-dək Maliyyə Sabitliyi Şurasına və Nazirlər Kabinetinə təqdim edir.

OMXÇ sənədinin tərkib hissəsi olan milli xərc prioritetləri üçün maksimum 5 ədəd limiti tətbiq edilir. Bu hədd xüsusi hallar üçün 7 –dək artırıla bilər. Lakin, son qərar   Nazirlər Kabineti tərəfindən qəbul edilir. Beləki, Qurum Maliyyə Sabitliyi Şurasının  tövsiyələrini də nəzərə alaraq OMXÇ sənədi üzrə milli xərc prioritetlərinin ilkin seçimini həyata keçirir sənədin işlənmiş versiyasını may ayının 25-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.

OMXÇ sənədini, həmçinin ortamüddətli resurs zərfini, ortamüddətli büdcə siyasətini və milli xərc prioritetlərini iyun ayının 15-dək Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilir. Beləliklə Maliyyə Nazirliyi təsdiq edilmiş OMXÇ sənədinə uyğun şəkildə büdcə planının hazırlanması üçün müvafiq büdcə təşkilatlarını aidiyyatı üzrə təlimatlandırı.

Güründüyü kimi fiskal siyasətinin müəyyənləşdirilməsi üçün formalaşdırılan yeni mexanizmlər dövlət vəsaitlərinin daha səmərəli istiqamətlərə xarclənməsi üçün müəyyən imkanlar formalaşdırır. Beləliklə də bu sahədə müşahidə edilən qeyri-müəyyənlik azala bilər. Lakin, çox təəsüflə qeyd etmək lazımdır ki, bütün bu proseslərdə icmaların iştirakı, qərarlara təsiri, prioritet xərc istiqamətlərinin seçilməsində tövsiyyələrini ortaya qoyacaq heç bir mexanizm yoxdur. Bu isə büdcə prosesində ictimai iştirakçılıq səviyyəsini azaldan mühüm problemlərdən biridir.

[1] Prezident.az, “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması QAYDASI”, 24.08.2018

https://president.az/articles/29735

Məqalə  “Sosial Araşdırmalar”İctimai Birliyinə istinadən dərc edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir