Vətəndaş cəmiyyəti fəalları ölkədəki son durumu müzakirə edib

Elçin Məmməd: “Banklarla vətəndaşlar arasındakı mübahisələrdə vətəndaşların hüquqları faktiki müdafiəsiz qalıb”

Arzu Abdullayeva: “Azərbaycanda cəmiyyətin hüquqlarının müdafiəsi heç zaman bu qədər zəif olmayıb”

Oktyabrın 12-də “Ədalət Naminə Həmrəylik” Komitəsi “Vətəndaş cəmiyyətinin mövcud durumu və vəziyyətdən çıxış yolları” mövzusunda dinləmələr keçirib. Azərbaycanda vətəndaş cəmiyyətinin durumunda müsbət inkişafa nail olmaq üçün qanunvericilik bazası və hökumətin real siyasəti dinləmələrdəki əsas müzakirə mövzusu olub.

Tədbirdə vətəndaş cəmiyyəti ilə bağlı qanunvericilyin və real siyasətin libaerallaşdırlmasının vacbliyi qeyd edilib. Həmçinin çıxışlarda vəkillik institutunun inkişafı, nümayəndəlik institutunun ləğvinin aradan qaldırılması, kredit problemi, məhkəmələrdə vəziyyətlə bağlı məsələlərə toxunulub.

“Azərbaycanda cəmiyyətin hüquqlarının müdafiəsi heç zaman bu qədər zəif olmayıb. Qeyri-hökumət təşkilatlarının mövcud durumu insanların hüquqlarının müdafiəsinə çox mənfi təsir edir. İnsanlar nə hökumət, nə QHT, nə də məhkəmə tərəfindən hüquqlarının müdafiəsini təmin olunmuş kimi görmür. İnsanlar özünü müdafiəsiz və tənha hiss edir və bu tendensiya artmaqda davam edir.” – deyə Helsinki Vətəndaş Assambleyası Azərbaycan Milli Komitəsinin rəhbəri Arzu Abdullayeva bildirib.

“Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin prezidenti Elçin Məmməd problemli kreditlərlə bağlı vətəndaşların hüquqlarının faktiki müdafiəsiz qaldığını bildirib.

“Nümayəndəlik institutu ləğv edildikdən sonra problemli kreditlətlə bağlı banklarla vətəndaşlar arasındakı mübahisələrdə vətəndaşların hüquqları faktiki müdafiəsiz qalıb. Məhkəmələrin icraatında olan şikayətlərin əksəriyyəti problemli kreditlərlə bağlıdır. İndi məhkəmələrdə yaxşı vəkillərlə təmin olunmuş varlı bankirlər və kasıb vətəndaşlar qarşılaşır.” – deyə hüquq müdafiəçisi hökuməti və məhkəmələri vətəndaşların hüquqlarının müdafiəsinə çağırıb.

Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Novella Cəfəroğlu vətəndaş cəmiyyəti institutunun inkişafı üçün beynəlxaq donorların ölkədə fəaliyyətinə tətbiq edilən məhdudiyyətlətin aradan qaldırılmasını vacib sayır. 

“Bu həm də Azərbaycanın beynəlxalq imicinə müsbət təsir edər.” – deyə o qeyd edib.

Neftçilərin Hüquqlarını Müdafiə Cəmiyyətinin rəhbəri Mirvari Qəhrəmanlı QHT-lərə qarşı təhdidlərin davam etdirildiyini deyib.

“Əgər 2104-cü ildə QHT-lərə qarşı cinayət işi qaldırıb, bank hesablarını bağlayırdılarsa, indi QHT-ləri onların monitorinqlər keçirərərk çatışamayan cəhətlərini ictimai diqqətə çatdırdığı şirkətlə məhkəməyə verir. Məsələn, son aylarda İstehakçıların Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Eyyub Hüseynovu və məni məhkəməyə veriblər. Məhkəmələrdəki mövcud duruma diqqət yetirəndə bu, təhlükəli tendensiyadır.” – deyə o bildirib.

Səbinə MƏMMƏDLİ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir