Nadir Xasiyev:” Fəxri ad almaq mənim haqqımdı”

“Hacıbaba Bağırov kimi sənətkarla çiyin-çiyinə çalışmışam, Siyavuş Aslan kimi bir mogikanla səhnədə rollar oynamışam”

Vokal səsə malik olan sanballı aktyorlardan biri də Musiqili Teatrın aktyoru Nadir Xasiyevdir. Uzun illər baş obrazların ifaçısı olan Nadir Xasiyev öz səmimiliyi,sadəliyi,yüksək ifaçılıq məharəti ilə tamaşaçıların qəlbinə yol tapa bilib.Bu günlərə yaşadığı Sumqayıt şəhərində onunla görüşüb uzun illik səhnə fəaliyyəti barədə söhbət etdik.
Nadir müəllim,söhbətə sənətə gəlişinizdən başlayaq.
– Ağsunun Keşdiməz kəndində doğulmuşam.Orta məktəbi Bico kəndində bitirmişəm. Uşaqlıq illərindən bu sənətə şox bağlı olmuşam. Rayon mərkəzində keçirilən müsabiqələrdə mahnılar oxuyardım. Və eyni zamanda orta məktəb illərində teatr sənətinə də mənim böyük həvəsim var idi. Kəndin klubunun səhnəsində uşaqlarla birlikdə özümüz üçün tamaşalar hazırlayardıq. Yaxşı yadımdaı li, o vaxtı “Məşəd İbad”dan bir parça oynamışdım. Onda inəyin qurumuş dərisini kəsib özümə saqql düzəltmişdim. O dövr üçün kənd mühitində bu bir sensasiya idi. Sonra Rüfət Əhmədzadənin kiçik həcimli yumoristik hekayələrini,orta məktəb dərsliklərindəki pyesləri  tamaşa şəklində hazırlayardıq. Bu sənətə olan həvəsim yaşa dolduqca böyüdü və mən 1979-cu ildə Mirzağa Əliyev adına İncəsənət İnstitutunun- musiqili komediya aktyoru şöbəsinə daxil oldum.
Tələbə ikən-1981-ci ildə “Opera və Balet” Teatrında işləmişəm.Böyük sənətkarımız Lütfiyar İmanov bizə dərs deyirdi. Onun köməkliyi ilə mən orda 1981-ci ildən 1984-cü olə qədər aktyor işləmişəm. Bu müddət ərzində Lütfiyar İmanov,Fidan,Xuraman Qasımova və digər tanımış sənətkarlarla SSRİ-nin müxtəlif ərazilərində qostrol səfərlərində olduq.

-Lütfiyar İmanovu necə xatırlayırsınız?
– O dövrün abı-havası belə idi. Bizə rus mahnıları keçilirid. Eyni zamanda Azərbaycan xalq mahnıları.Mən o vaxtı “Sevil” operasından Balaşın mahnısını oxumuşdum.
Aktyor sənətindən Azad Dadaşov bizə dərs deyirdi. Tamaşaçılara tanış olmayan bir insan idi,amma ixtisası gözəl bilirdi. Bizim diplom işimiz də “Ulduz” tamaşası idi. Orda mən Möhsün obrazını ifa eləmişdim. Tamaşa çox yüksək səviyyədə alınmışdı. O vaxtı Mehdi Məmmədov kimi böyük şəxsiyyət bizim diplam tamaşamıza baxdı, dedi ki, bu uşaq istəsə aktyor ola bilər. Onda aktyorluq qabiliyyəti var.
Mənim ixtisas müəllimim başqa adam idi.Amma mən Lütviyar İmanovla işləməyə,onunla çalışmağa daha çox üstünlük verirdim. Çünki o tanınmış böyük bir vokalçıydı. Onun oxumağı da bizim üçünbir dərslik idi. O alduqca sadə,insanpərvər, istiqanlı bir insan idi.Tələbələrinə qarşı onda bir ata qayğısı vardı. Həddən ziyada qayğıkeş bir insan idi. 1984-cü ildə mən İnstitutu bitirəndə Bakıya qeydiyyatım olmadığı üçün Sumqayıt Dövlət Dram Teatrına göndərildim.
Burda Süleyman Sani Axundovun  eyni adlı əsəri əsasında hazırlanmış“Tamahkar”da baş rollardan biri-İmran,Nazim Hikmətin “Bayramın birinci gün”də Camal obrazının,eləcə də xeyli sayda obrazların ifaçısı oldum.

-Sumqayıt teatrından Bakıya dəvət almağınız necə oldu?
-Mən ixtisasca musiqili teatr üzrə bitirmişdim.1991-ci ildə Sumqayıt musiqili teatr olandan sonra burda artıq orkstr də,dirijorlar da var idi. O vaxtı burda Üzeyir Hacıbəyovun Arşın mal alan” operettası, Süleyman Ələsgərovun  bəstəsində-İsi Məlikzadənin yazdığı eyni adlı “Subaylarınızdan görəsiniz”tamaşası qoyuldu. Bu tamaşalarda baş rolları-Əsgəri və Fəqanı 1992-ci ildə Bakıda oynamalı oldum. Biz Süleyman Ələsgərovun bəstəçisi olduğu tamaşasını oynadığımız vaxt o tamaşaya baxmağa gəlmişdi. Tamaşadan sonra məni yanına çağırıb dedi ki, sən kimsən,hardan bura gəlmisən?Dedim ki,mən Sumqayıt teatrında işləyirəm. Dedi ki, ora sənin yerin deyil. Sən Musiqili Komediya Teatrında işləməlisən. Dedi ki,səs imkanın,səhnə görkəmin daha çox bura uyğundu. Musiqili Komediya Teatrının rəhbəri Qəzənfər Topçiyev də məni gördü və Süleyman Ələsgərovun məsləhəti ilə mən Sumqayıt Teatrından Musiqili Komediya Teatrına gəldim. 1992-ci ildə fəaliyyətə başladım.1993-cü ilin aprel ayından əmrim verildi.Mən o böyük teatrın səhnəsində o vaxtdan fasiləsiz olaraq çalışıram. Böyük sənətkarlarla  uzun illər tərəf müqabili olmuşam.
Mən Musiqili Komediya Teatrına gələndən sonra təhsilimi davam elətdirdim. Bakı Musiqi Akademiyasına daxil oldum. Xuraman xanımın köməyi sayəsində mən  vokal şöbəsinə daxil oldum. Çünki orda çox böyük insnalar,şəxsiyyətlər dərs deyirdilər. O otaqlarda Bülbülün,Rəşid Behbudovun səs yaddaşı var idi ki, məndə orda təhsil aldım.Bu da mənə bu sənətin dərindən öyrənilməsində böyük stimuluydu.
Orda Mən Elmira Quliyevadan  opera ixtisası üzrə  təhsil aldım. Dünya operalarını ifa elədim. Teatrın o vaxtkı direktoru Hacıbaba Bağırovicazə vermədi “Opera”ya gedim işləyim.Dedi ki, burda işləməlisən. Mən onun sözündən çıxa bilmədim. Çünki o vaxt baş rolların ifaçısıydım. Bu təhsildən sonra da Musiqili Komediya Teatrında işimi davam elətdirdim.
-Hansı arzularla yaşayırsınız?
-Arzular böyükdür.Teatr aləmirdir,işləyirik,tamaşalar oynayırıq.Daha böyük obrazlar ifa eləmək arzusundayıq.Mən “O olmasın,bu olsun” tamaşasında indiyə qədər bir neçə tamaşa ifa eləmişəm. Gənclik illərində,Sərvər,sonrakı illərdə Rüstəm bəyi ifa eləmişəm. Hazırda həmin tamaşada Həsənqulu bəyi oynayıram. Mənim arzum gələcəkdə bu tamaşada Məşədi İbad obrazını ifa eləməkdi. Ola bilsin ki, bu qəribə səslənə bilər.Məşədi İbad belə bir obrazdı ki, orda yüksək ifaçılıq,vokal nöqtəyi-nəzərindən oxumaq tələb olunur. Mənim bu yaş dövründə potensial imkanım var ki, o obrazı lazım olan səviyyədə ifa edim.

-Kifayət qədər yaşınız var.Nədənsə fəxri adınız yubanır.
56 yaşım var. Dekabrın 24-də – ölkə Prezidenti İlham Əliyev cənabları ilə bir gündə doğulmuşam.Mənim teatrda fəaliyyətim yetərincə böyük olub. Otuz beş-qırxa yaxın tamaşada baş rolların ifaçısı olmuşam. Hacıbaba Bağırov kimi sənətkarla on il çiyin-çiyinə çalışmışam. Siyavuş Aslan kimi bir mogikanla səhnədə rollar oynamışam. Mobil Əhmədov,Ofelya Məmmədzadə,Ofelya Aslan və bir çox sənətkarlarla bir yerdə rollar ifa etmişik. Musiqili Komdediya teatrında uzun illər teatrın baş qəhrəman-obrazlarını ifa eləmişəm. Real vəziyyət belədir.
Elə məsələlər var ki,onu mən həll etmirəm,məndən asılı deyil.Yaradıcı insanın əməyinə qiymət verilərsə,onun yaradıcılıq imkanları daha da genişlənər,onda səhnəyə olan sevgi daha da böyük olar. Və daha da böyük rollar oynamaq arzusunda olar.
Bu məsələdə yaddan çıxmaq məsələsi olmur. Teatr aləmində hamı yaddaşdadı. Bu canlı yaradıcılıqdır. Burda əsərlər ifa edirik,oxuyuruq. Ad almamağımın konkret səbəbini bilmirəm,mənə də bəlli deyil. Fəxri ad almaq mənim haqqımdı.Mənim səhnə təcrübəm,oynadığım rollar bunu deməyə imkan verir.

“Hərənin öz ulduzu” tamaşasında baş rolda oynamısınız.Bu əsər sizə məşhurluq gətirib.Hətta orda tərəf müqabiliniz tərəfindən bir şapalaq da yemisiniz.
-Süleyman Ələsgərovun bəstəsində olan bu əsəri 1997-ci ildə oynamışıq. Ordakı vokal partiyaları Süleyman Ələsgərov məhz mənim səsimə yazmışdı.Bu tamaşa çox böyük uğur gətirdi orda oynayan aktyorların həyatına. Eyni zamanda mənim. Uğurlardan biri də o oldu ki, biz bu tamaşanı 15 ilə yaxın oynadıq. Bu tamaşaya indiyə qədər on minlərlə tamaşaçı baxıb. Bu tamaşada mən Qan Əlibala obrazını ifa eləmişəm. Orda tərəf müqabilim  (Ceyran) aktrisa Rəsmiyyə Nurmənnədova olubdu.Tək bu tamaşada yox.Ümumiyyətlə səhnədə mən qadınlardan çox şapalaq yemişəm. Bu tamaşada mən qızı öpürəm.O deyir ki, sən mənim təmiz adımı,vicudumu ləkələdin.Mən deyirəm ki, elə bir dəfə öpməklə? Orda o mənə möhkəm şillə vurur. Hətta o şillələrin ağrısı bir neçə gün davam edibdi.
Əsasən gənclik illərində oynadığım rollar bu istiqamətdə olubdu.
“O olmasın,bu olsun”da Sərvər,  “Səhnədə məhəbbət”də Rüstəm, “Subaylarınızdan görəsiniz”də Fəqan,”Beş manatlıq gəlin”də Qiyas,”Məhəbbət oyunu”nda Camal, “Hicran”da Orxan, “Hələlik”də Mürsəl, “Şahlar və bəyan”da Şahlar, “Qızıl toy”da Azər, “Nəğməli könül”də Ramazan obrazını ifa eləmişəm.
May ayında Mehriba Ələkbərzadənin rejissoru olduğu “Nuri-didə Ceyhun”  tamaşasındaoynamışam. Bu tamaşanın premeryası da uğurlu alındı.

-Çoxlu məhəbbəyt səhnələri oynamısınız.Yoldaşınız necə oynadığınız obrazlara baxırmı?..
-Yaradıcı insnaların həyat yoldaşları zaman keçdikcə çox həssas olurlar. Həyat yoldaşının obrazlarını izlədicə orda həm müsbət tərəfləri,həm də nöqsanları görürlər. Deyilər ki, burda belə olsa daha yaxşı olardı. Demək olar ki, birinci tənqidçim evdə olur.
Övladlar böyüdən, həyat yoldaşı ilə qürur duyan qadınların hamısının içərisində bir qısqanclıq var. O baxır ki, bu hansı şəraitdə özün büruzə verir və ya vermir. Mən məhəbbət rolları oynamışam. Bu həyatda olduğu qədər səhnədə səmimi olmalıdır ki, tamaşaçı buna inana bilsin.

-Səhv etmirəmsə ali məktəbdə dərs də deyirsiniz?
-Mən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin musiqi,teatr aktyoru kafedrasının müəllimiyəm. Artıq beş ildir ki, öz ixtisasımdan orda dərs deyirəm. Aktyorluqdan dərs deyirəm,eyni zamanda vokal sənətinin sirlərini də tələbələrimə öyrədirəm. Bizdə musiqili tamaşalar qoyulur. “Arşın mal alan”da olan partiyaları öyrədirəm.Solo oxumaq bir başqa,obrazlı oxumaq bir başqa.
İndiki gənclik çox istedadlıdır. İndiki gənclikdə daha çox sərbəstlik var, nəinki o dövrdə. Amma taleyini sənətə bağlamaq istəyənlər azdı. Vüqar Əmirov,İlahə Quliyeva,Aygül Rəcəbli kimi istedadlı tələbələrim sonuncu kursda oxuyurlar. Onlarla diplam tamaşam da “Arşın mal alan” operettasıdır. Mən tələbələrlə birgə səhnədə Soltan bəyi oynayıram.O da müəyyən mənada daha şox stimal yaradır ki, öz obrazlarını daha çox həvəslə oynasınlar.

-Oğlunuz da aktyordu.Onun bu sənətə meyl göstərməsində sizin rolunuz oldumu?
-Adətən valideyn hansı sənətdə olursa,əksər hallarda övladlar bu sənətə istiqamətlənirlər. Mənim iki övladım Mədəniyyət və   İncəsənət Universitetini bitiriblər.Hər ikisi vokaldan bizim böyük sənətkarımız Azər Zeynalovun tələbəsi olublar. Böyük oğlum mənimlə bərabər bizim teatrda 15 ildi şalışır. Oda-Səməd Xasiyev  xeyli tamaşalarda baş rolların ifaçısıdı. Çox perspektivli bir gəncdir. Xeyli obrazlar yaradıb. Mən nə onu məcbur edə bilmərəm,nə də təbliğat apara bilərəm ki, bu yolu seç.Seçim onun özündə idi.Ona görə ki, həm səs, həm də aktyorluq baxımından qabiliyyəti var idi.Mən gənclik illərində “O olmasın,bu olsun”da Sərvəri oynayırdım. İndi mənim oğlum o obrazı oynayır. Orda yetərincə səs tələb olunur. Oğluma məsləhətlər verirəm. Sənətin incəliklərini,xırdalıqlarını ona deyirəm. Oda yetərincə artıq səhnəyə öyrəşmiş bir aktyordur.

-Hobbiniz nədir?
-Mən mütaliəni,ədəbiyyatı,tarixi çox sevən bir insanam. Mən gəncik illərində Aristotelin “Poetika” əsərini oxumuşdum.Təkrar oxuyanda görürəm ki, indiki oxumaqla o dövrdəki oxumağın fərqi başqadır. Dünya ədəbiyyatını oxuyuram. Azərbaycan ədəbiyyatında müasir şairlərin şeirlərini mütaliə edirəm. Öz sənətimlə,pedaqoji fəaliyyətimlə bağlı əlavə əsərlər oxuyuram. Mükəmməl olmaq üçün həmişə öyrənməyə ehtiyac var.
-Hacıbaba Bağırov kimi böyük sənətkarla da tərəf müqabili olmusunuz.O illəri necə xatırlayırsınız?
Hacıbaba Bağırov özü səhnədə inprevizasiya eləməyi xoşlayan bir aktyor idi. Bir dəfə “Nəğməli könül” tamaşasında premeriyada oynadığımız vaxtı tamaşanın bir yerində mən onunla tərəf müqabili idim. Mən orda Ramazan obrazını oynayırdım.Oda Filarmoniyanın bədii rəhbəri idi. Mən də bir jurnalist kimi gəlmişdim onun fəaliyyətindən yazam. Deyir jurnalistsən.deyirəm bəli.Deyir yazırsan deyirəm, yazıram. Deyir yaz,indi yazan çoxalıb. Deyir böyük adamsan deyirəm böyük. Deyir lap böyük. Deyirəm ki, lap anakonda kimi. Bu söz tamaşada yox idi.Onu mən bədahətən dedim. Mən belə deyəndə zalda böyük gülüş qopdu. O, qiqqətlə baxdı. Yəni mənim qabağımda sən bu işi elədin. Sonra özü mənə cavab olaraq elə bir imperevizasiya eləddi ki, camaatın alqışlarının ardı-arası kəsilmədi. Mən ona sanki stimul verdim.Onda elə şey vardı. Fasildə dedilər ki, Hacıbaba müəllim səni çağırır. Mən elə bildim ki, burda nəsə söz dəyişib.Dedi ki, o söz yaxşıdı.Onu saxlayarsan,elə tamaşanı belə oynayarıq. O həddən ziyadə ürəyiaçıq adam idi.Səhnədə bədahətən-yerində  bir söz deyəndə o onu qısqanmırdı. Səhnədə onun bədii rəhbər,direktor olduğu bilinmirdi. O səhnədə aktyor,mənim tərəf müqabilim idi. Bir dəfə mən Sərvəri,o Məşədi İbadı oynayırdı. Əlimdə tapança onun başına vururdum, yaz deyirdim…Obraz belə tələb edirdi. Elə eləməlisən ki, ona zərər yetməsin.O elə məsələlərdə çox humanist adam idi. Siyavuş Aslan da elə idi. O mənim üçün bir məktəb olub. Gənclik illərində belə insnlarla səhnədə olmuşamsa bu mənim üçün böyük bir fəxarətdir. Elə insanlarla səhnədə oynayanda təkcə aktyor olmaq lazım deyil, intellektual səviyyə olmalıdı,hazırlıqlı olmaq lazımdır.
Namiq MƏMMƏDLİ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir