AzNews.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, güzəştli mənzil seçimində “first-come, first-served” prinsipi seçimdə ədalətin təmin edilməsi üçün yetərli deyil: “Belə görsənir ki, kompüterdə daha cəld işləyə bilənlər ev seçimində daha çox üstünlüyə malikdir. Halbuki bu yanaşma sosial meyar deyil, daha çox texniki vərdişlər ilə bağlıdır. Güzəştli mənzil seçimində isə sosial mexanizimlərin tətbiqinə ehtiyac var.

Təssəvür edin ki, həyat yoldaşını itirmiş və himayəsində uşaqlar olan xanım kompüterdən cəld istifadə edə bilmədiyinə görə sosial evə sahib olmaqdan mərhum olur. Bu, təbii ki, sosial ədalət prinsipinə uyğun deyil. Nəyi təklif edirik? Güzəştli kateqoriya prinsipi saxlanılmaqla, “çevik seçim” mexanizmindən sosial meyarlara keçid həyata keçirilməlidir”.

Vüqar Bayramov təxminən 8 minə yaxın vətəndaşımızın sosial mənzilə sahib olmaq istədiyini qeyd edib: “Mənzil İnşaatı Dövlət Agentliyi müraciətlərin sosial struktruna uyğun olaraq seçim meyarları müəyyənləşdirsin. Müraciətlər sosial kriteriyaya uyğun olaraq qruplaşdırılmalıdır. İlkin olaraq, daha çox sosial dəstəyə ehtiyacı olan vətəndaşlar evlə təmin edilməlidir.

Birinci mərhələdə mənzili olmayan şəhid ailələri, ailə başçısını itirmiş ailələr və mənzili olmayan elmlər doktorlarına mənzillər təklif edilə bilər. Xüsusən də himayəsində azyaşlı uşaqları olan həyat yoldaşını itirmiş xanımlara belə imkan yaradılması məqsədə uyğundur. Çünki həmin ailələrin daha çox sosial qayğıya ehtiyacı olduğundan, ilk növbədə onların mənzil probleminin həll edilməsi vacibdir. Çoxuşaqlı, evi olmayan aztəminatlı ailələr də prioritet qrupa daxil edilə bilər. Sonrakı mərhələdə isə digər sosial qruplara güzəştli mənzillərdən istifadə imkanı verilməlidir. Bütövlükdə, mənzil bölgüsündə ardıcıllığın texniki deyil, sosial meyarlar üzrə müəyyənləşdirilməsinə ehtiyac var”.