Şair Sabir Sarvan vəfat edib

Azərbaycan ədəbiyyatının tanınmış simalarından şair Sabir Sarvan vəfat edib. Qeyd edək ki, Sabir Sabir Sarvan 1956-cı ildə Ağsu rayonunun Pirhəsənli kəndində anadan olub. O, “Gördüyüm göy üzü, baxdığım işıq”, “Çıx qaranlıqdan, “Gəldi qürub”, “Özümü sözə çevirdim” adlı şeir kitablarının müəllifidir. Xatırladaq ki, Sabir Sarvan uzun illər ki, Sumqaytda yaşayıb və şəhərin ədəbi mühitinə böyük töhfələr verib, neçə neçə gənc yazarın yetişməsində müstəsna rola malik olub.
Allah rəhmət eləsin!
Xeberle.com saytı şairin “Can şirindir” şeirini təqdim edir.

Deyirdim cavan öləcəm,
Əlliyə çatdım, ölmədim.
Bir ömürdə neçə kərə
Günaha batdım…
ölmədim.

Gördüm həyatın üzünü,
Atdım odlara özümü,
Çəkdim halaldan gözümü,
Haramı tutdum…
ölmədim.

Tanıyınca bu dünyanı,
Soyudu qəlbimin qanı
Salmadım yada doğmanı,
Dostu unutdum…
ölmədim.

Cəlladın da var qorxusu,
Qaçır gözündən yuxusu.
Əllərimdə qan qoxusu,
Yıxılıb yatdım…
ölmədim.

Dümsüklədi tez ayılam…
Çıxartdı evdən bayıra
Can şirindi, Əzrayıla
Hamını satdım…
ölmədim.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir