Xocalı faciəsi şəhid Bəhruz Ağaverdiyev adını daşıyan Qusar şəhər 1 saylı orta məktəbdə də anıldı – Foto

Respublikanın hər yerində olduğu kimi Xocalı faciəsi şəhid Bəhruz Ağaverdiyev adını daşıyan Qusar şəhər 1 saylı orta məktəbdə də anıldı. Mərasimin girişində Azərbaycan Respublikasının dövlət himni səsləndirildi. Daha sonra Xocalı faciəsi zamanı həlak olanların ruhları bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə məktəbin direktoru Arif Xəlilov, Qarabağ qazisi Səmayə Bədəlova, “Azərbaycan Həqiqətləri Uğrunda” Koalisiya üzvlərindən Həsənov Məmmədhəsən, Rizazadə İradə, Məhərrəmova Elnarə, müəllim və şağird heyəti iştirak etdilər.

Tədbirdə şagirdlərin faciə ilə bağlı hazırladıqları ədəbi-bədii kompozisiya tədbir iştirakçılarına göstərildi. Məktəbin şagirdləri Xocalı faciəsini kompozisiyada yaşaya-yaşaya tədbir iştirakçılarına həmin gecənin qanlı dəqiqələrini yaşatmağa məharətlə nail oldular.

Bədii hissə bitdikdən sonra ilk olaraq məktəbin direktoru, Arif Xəlilov çıxış edərək belə tədbirlərin keçirilməsinin tarixi həqiqətlərin öyrənilməsi baxımından zəruri olduğunu söylədi, yetişməkdə olan gənc nəslin şəhidlər qarşısındakı borclarının Xocalının düşmən əsarətindən azad etmələri olduğunu vurğuladı.

“Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək” İctimai Birliyinin sədri Həsənov Məmmədhəsən Xocalı faciəsindən geniş və ətraflı söhbət açdı: “Azğın erməni quldurları 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə dünyada misli görünməyən bir faciə törətdilər. Bu faciə XX əsrin ən dəhşətli faciəsidir. Müstəqillik və azadlıq uğrunda mübarizələrin davam etdiyi bir məqamda xain qonşularımızdan da ağır zərbələr aldıq. Azərbaycan xalqı iki cəbhədə vuruşmalı oldu. Bir yandan daxili çəkişmələr, digər tərəfdən də xarici təcavüzlər insanlara baha başa gəldi. Hələ özünü təsdiq etməmiş bir dövlətin belə ağır sınaqlara hazır olmadığı açıq-aşkar hamıya məlum idi. SSRİ-dən ayrılmağın heyfini çıxan rus imperiyası isə Azərbaycana dərs vermək istədi. Odur ki, ölkədə bəzi boşluqlardan istifadə edərək, Xocalı şəhəri 366 saylı ikinci motoatıcı diviziyanın poliqonuna çevrildi. Xocalı sakinləri qışın şaxtalı və qarlı günündə, gecənin qaranlığında güllə, mərmi yağışının dəhşətində ayaqyalın, başıaçıq dağlara, meşələrə qaçırdı. Şəhər alovlar içində yanırdı. Onların harayına gələn, onları düşmən pəncəsindən xilas etməyə çalışan neçə-neçə igid oğullarımız-Azərbaycan əsgəri düşmən gülləsinə tuş gəldi. O günlərin dəhşəti hələ də göz önündən getmir. Zalımın qara qılıncı günahsız insanların başına endirilirdi. Gecənin qaranlığı tökülən nahaq qanlardan qızarmağa başlayırdı. Göyün üzünü qanlı matəm buludları örtmüşdü. Dilsiz körpələrin ah-fəğanı göylərə yüksəlirdi. Düşmənlərin işgəncə torunda çırpınan ağ saçlı analar, körpə balalar al-qan içində inildəyirdilər. Bir sözlə tarixin ən qanlı səhifələri yazıldı o gecə… İnanırıq ki, ulu öndərimiz Heydər Əliyevin siyasətini uğurla həyata keçirən ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımız tezliklə düşmən tapdağından azad ediləcək, Xocalıda tökülən qan yerdə qalmayacaqdır”.

“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri Rizazadə İradə çıxış edərək: “Gəncləri dövlətimizin müstəqilliyinin qoyunmasına, hərbimizin güclənməsində bu gənclərə ehtiyac olduğunu, düşmənlərlə silah gücünə deyil elm və savad gücü ilə mübarizə aparmağa səslədi”.

Qarabağ qazisi Səmayə Bədəlova da öz çıxışında Xocalı soyqırımını xalqımıza qarşı yöndilmiş hərbi cinayət adlandırmış, faciənin günahkarlarının gec-tez cəzalanacağını qeyd etdi.

Sonda “Regional Sosial-İqtisadi İnkişaf üzrə Maarifləndirmə” İctimai Birliyin sədri Məhərrəmova Elnarə çıxış edərək bildirdi ki, məktəbin şagirdlərinin hazırladıqları kompozisiyada ürək ağrıları əks olunub: “Respublikamızın bütün regionlarında çoxlu sayda tədbirlər həyata keçirilir. Arzu edirik ki, torpaqlarımız azad edilsin, şagirdlərimiz öz doğma yurd-yuvalarına qayıtsınlar və Xocalı faciəsinin qurbanlarının qanı yerdə qalmasın”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir