“Əgər icra başçımız Almaniyada ermənilərlə birgə poliklinika açırsa…”

“Putindən orden medal almış məmurlarımız Qarabağın azad edilməsinə imkan vermir…”

Xəbər verdiyimiz kimi, 25-ci ildir işğal altında olan Kəlbəcərin məşhur Zod qızıl mədənlərinin birbaşa Rusiya tərəfindən istismar edilməsi haqda informasiyalar yayılıb. Bu haqda son günlər qanunsuz olaraq Ermənistan ərazisindən Azərbaycan torpaqlarına daxil olan rus səyahətçi blogerlərdən biri məlumat verib.
Əslən Kəlbəcər rayonuyla qonşu  qədim Göyçə torpağındakı Zod kəndindən olan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Moderator.az-a açıqlamasında məsələyə belə münasibət bidlirdi:
“Müasir Müsavat Partiyası işğal altındakı torpaqlarda Rusiya və  onun himayə etdiyi Ermənistanın apardığı qanunsuz məskunlaşma, tikinti. istismar və s. işləri kəskin şəkildə pisləyir.  Və ölkəmizin bu məsələyə susqunluğu da bizi çox narahat edir.  Bu gün bir gerçəklikdir ki,  Ermənistan işğal altındakı Kəlbəcər, Laçın, Zəngilan və s. bögələrdə quruculuq işləri aparır. Həkəri çayı üzərində vətəgələr düzəldib o dağ çaylarının   farel balıqlarını Fransaya, Amerikaya Sevan balığı adı altında satır. Bilirsiz, rusların məqsədi bu idi ki, həmin torpaqları alıb ermənilərə versinlər. Buna da nail olublar. Yoxsa ermənilər kim idi ki? İndi Rusiyanın hesabına torpaqlarmızda məskunlaşırlar. Əslində bu, Aprel döyüşlərindən sonra da tam aydın oldu. Həmin vaxt Azərbaycan xalqı öz torpaqlarını azad etmə əzmində idi, ruh yüksəkliyi göz qabağında idi. Amma rusların xahişi ilə biz  hücumu dayandırdıq.  Odur ki, indi də ruslar 1990-cı illərdən bəri taladıqları torpaqlarımızı yenə də bildikləri kimi talayırlar, qızılını da aparırlar, misini də… Bunu edən əslində ermənilər deyil, ruslardır…
Ona görə də biz bu gün ATƏT-in Minsk Qrupuna arxayın olsaq ki, torpaqlarımızı qaytarıb verəcəklər- bu, boş bir xəyaldır. Bu məsələlərin yeganə həlli yolu ayağa qalxıb, səfərbər olub hərb yoluyla torpaqlarımızı azad etməkdir. Necə ki, bu gün Türkiyə dövləti BMT-nin, AŞ-ın, ABŞ-ın rəyini nəzərə almadan öz sərhədləri xaricində  türk xalqı üçün təhlükə yaradan  terrorçulara qarşı hərbi əməliyyat aparır, biz də belə etməliyik. Nə qədər ki, bu baş verməyib, ermənilər Rusiyanın, Amerikanın, Avropann himayəsi ilə torpaqlarımızdakı yeraltı-yerüstü sərvətlərimizi də istismar edəcək, tikəcəklər də, quracaqlar da…
Bu gün hakimiyyət daxilində Putindən orden, medal alanlar imkan vermirlər ki, Azərbaycan öz torpaqlarını işğaldan azad etsin… Ona görə də  biz bu gün öncə hakimiyyəti belə ermənipərəstlərdən azad etməli və Prezidentə arxa durmalı, onun ətrafında birləşməliyik ki, torpaqlarımızı da azad edək… Bu günkü Rusiyadan orden, medal almış “qocalar evi” ilə biz Qarabağ məsələsini həll edə bilməyəcəyik… Çünki bunlar Rusiyanın tapşırığıyla oturub-duran adamlardı, əksəriyyətinin də arvadları, qohumları ermənidir… Ermənilər də  həm Rusiyaya, həm də onlara arxayın olaraq işlərini görürlər… Amma biz də qətiyyətli olmalıyıq. Əgər bu gün  Sarkisyan qanunsuz olaraq bizim torpağımıza ayaq basırsa, biz onun başında turp əkməliyik…
-Bu gün Azərbaycanda da, xaricdə də kifayət qədər azərbaycanlı oliqarxlar var. Ermənilər  Kəlbəcərin, Zəngilanın, Ağdərənin və s. metal, əlvan metal yataqlarını taladıqları bir vaxtda onlar da xalqdan taladıqları milyardlar hesabına Avropada, hətta  Afrikada müxtəlif sahələrə sərmayə qoyurlar…
-Nə demək olar… Əgər bu gün Azərbaycanda icra başçıılarından biri Almaniyanın Köln şəhərində erməni iş adamlarıyla birgə böyük poliklinika açırsa, ermənilər, əlbəttə ki, Qarabağda istədiklərini edəcəklər… Belələri bir deyil, iki deyil… Azərbaycan dövlətindən taladıqları  milyardlarla pulları xaricdə ermənilərlə birgə yeyib-dağıdırlar… Elə bu yaxınlarda vəzifəsindən azad edilmiş  Fazil Məmmədov… Neçə xarici ölkədə fabrik, zavod, otel açıb…. Bunların heç biri Qarabağ haqqında, işğal altındakı torpaqlar haqda düşünmür… Belələri Azərbaycan dövlətinə yalnız gəlir mənbəyi kimi baxır, milyardları talayıb xaricdə erməni qohumlarıyla şərik biznes qurub kef edirlər… Ona görə də belə korrupsionerlər, işdən azad edilmiş rüşvətxor məmurlar təcili şəkildə həbs oedilməli, ölkədə sağlam bir mühit yaradılmalı, milli ruh yüksəldilməli, televiziyalarımız yarımçılpaq qadınlardan azad edilməli, bütün təbliğat torpaqlarımızın azadlığına yönəldilməlidir. Yalnız bu halda biz torpaqlarımızı işğaldan azad edə bilərik…
Sultan Laçın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir