Çinar başını yelləyirdi…. – Hekayə

Çinar başını yelləyirdi…. – Hekayə

Səlimənin kabinetə girməyi ilə yenə zəhləsi getdiyi o ətirin iyi ətrafa yayıldı. Bir az üzlü olsaydı,  Səliməyə deyərdi ki, sən Allah bu ətiri vurma daha. Amma Cavad həkim heç vaxt bunu deməzdi. Səlimə onun katibəsi idi. Üç  il qabaq Cavad  bu özəl klnikada şöbə müdiri vəzifəsində işə başlayanda da, Səlimə elə burada katibə idi. Deyəsən klinika sahibi Əbdül müəllim ilə də qohumluqları vardı.Qohum olmasalar da,yüz faiz yerli idilər. Çünki, Əbdül müəllim ayda, iki ayda bir dəfə Cavad həkimin kabinetinə gələndə, Səlimə ilə də çox isti hal-əhval tutur, kimlərinsə  kef -əhvalını soruşur, onlara salam göndərirdi. Sonra da Cavaddan  elə Səlimənin yanındaca  şən səslə, ərkyana bir tövrlə-“Hə, doktor, Səlimə xanım işinin öhdəsindən necə gəlir?”-deyə soruşar, Cavadın isə cavabı əlbəttə-“Yaxşı”-olurdı.

Ümumiyətlə Əbdülün “ərk eləmək” adlı bir istedadı vardı. Bunu Cavad özlüyündə kəşf eləmişdi. Bu kök, kecəl kişi hətta birinci dəfə gördüyü adamla elə danışardı ki, elə bil nəinki coxdanın tanışıdır, hətta  qohum,simsar adamdır. Bu da yəqin Əbdülün özünəməxsus taktikası idi.

Türkiyədə uzman doktor Cavadı  tapıb, günlərlə  dilə tutanda,  onun Vətənə qayıdıb, burada təzə tikilib istifadəyə verilmiş klinikasında, daha yaxşı şəraitdə işləməsini təklif edəndə də  Əbdül bu taktikadan istifadə eləmişdi. İstəyinə də catmışdı. Artıq Cavad həkim üc  il idi ki, Bakıda, onun klinikasında işləyirdi. Arada Türkiyədə Əbdülün əlini onun çiyninə qoyub dediyi ərkyana, pafoslu sözlər Cavadın yadına düşürdü-,,Ayə, qardaş, qadasın alım, Türkiyə  bizə qardaş dövlətdir e.. Axı öz doğma Vətənimizdə də sənə ehtiyacı olan dünya işığına həsrət  nə qədər xəstə  körpəmiz var. Bəs onlar bizim balamız deyil?”.

 Zaman kecdikcə  anlayırdı ki, Əbdülü hec də vətəndəki xəstə körpələr deyil,  Cavadın kinikaya gətirdiyi gəlir maraqlandırır. Əbdül Cavad həkimin reklamını da yaxşı qurmuşdu. Televiziyalar, qəzetlər onun işini işıqlandırır, etdiyi əməliyyatlardan reportajlar edirdilər.  Klinikada 50 dən çox həkimin işləməsinə baxmayaraq, şəhərin görməli yerlərində vurulmuş reklam bannerlərində təkcə Cavad həkimin şəkli vardı. 

Səlimədən qəbulda adam olub olmadığını soruşdu.

Səlimə qəbulda adam olmadığını, qəbul otağının boş olduğunu qəribə bir işvə ilə Cavad həkimə catdırandan sonra, cay təkilif elədi..

-Hə,cay yaxşı olardı.

Səlimə “Baş üstə” deyib çay gətirməyə getdi.  Telefonuna zəng gəldi. Nazirlikdən idi.Sabah səhər saat 10 da rayonların birində müasir tibbi avadanlıqlarla təhciz olunmuş xəstəxananın acılışı idi. Onu da  oftalmoloqiya üzrə mütəxıssis kimi açılışa dəvət edirdilər. Bu barədə ona bir həftə əvvəl   xəbər vermişdilər.İndi yəqin yenidən xatırlatmaq üçün zəng eldirdilər. ”Narahat olmayın, sabah oradayam”.- dedi .

Səlimə əlində məcməyi  kabinetə daxil oldu.  Gətirdiyi çayı,limon və qənd qabını  səliqə ilə Cavad   həkimin stoluna düzdü.

– Doktor, o gün demşdiniz xatırladım sizə, sabah rayona getməlisiz..

-Bilirəm, indicə yenə zəng elədilər.

-Mən də reseptşendə yazdırdım ki, qəbul gününüz bir də üc gün sonra,cümə günü olacaq.

-Üç  gün sonra niyə? Bəs birisi gün?

-Axı birisi gün əməliyyatınız var.

-Hə,hə..Doğrudan..O Rusiyadan gələn uşaq..

-Bəli..Lalə. Bayaq palatada idim. Anası sizə dua edirdi.

 Səlimə söhbətin uzandığını görüb, səliqə ilə stul cəkib əyləşdi.

Cavad həkim caydan bir qurtum alıb: Hələ əməliyyat olmayıb, niyə dua edirdi?

-Deyir Rusiyanın, Türkiyənin bütün həkimlərini gəzdik. Təkcə düzgün diaqnozu Cavad həkim verdi. Sizə çox inanırlar. İnanırlar ki,uşağın gözləri açılacaq mütləq.

-İnşaallah. Allahın köməyi ilə.

-Qəbula bu həftə  çox adam yazılıb?

-On üç  nəfər.

-Yaxşı. Çox sağ ol, Səlimə xanım. İstəyirsizsə, gedə bilərsiz evə..

Səlimə  sağollaşıb otaqdan cıxan kimi, Cavad durub  pəncərəni açdı. Səlimənin  vurduğu ətirin  iyi doğrudan da ürəyini bulandırmışdı. Bakının payız küləyi küçənin səs küyü ilə birlikdə təklifsiz  filansız otağa daxil oldu. Dərindən nəfəs aldı. Sabah rayona getmək lap gözünə durmuşdu. Yorğun idi. Axırınci on gündə hər gün əməliyyatda olmuşdu. Bazar gününü də anasının evində istilik sisteminin dəyişilməsinə görə ustalarla kecirmiş, dincələ bilməmişdi. 

Anası onun və bacısının doğulub böyüdüyü  atasından qalma mənzildə tək yaşayırdı . Bacısı Cavaddan böyük idi. Coxdan, hələ Cavad Moskvada ali məktəbdə oxuyanda ərə getmişdi. İki oğlu vardı . Cavadın isə Firəngizlə toylarından 9 il keçirdi, amma hələ övlad  yiyəsi ola bilməmişdilər.  Moskvada, Almaniyada müxtəlif həkimlərdə olmuşdular. Türkiyədə işlədiyi vaxtlar isə məmləkətin bu sahə üzrə ən savadlı mütəxəssisləri onları müayinə eləmişdi. Hamısının da diaqnozu eyni idi. Səbəb Firəngizdə idi.  

Firəngiz müalicələr də almışdı. Axırıncı dəfə isə Türkiyədəki həkimin sözləri Cavadı lap sarsıtmışdı: “Cavad bəy, sizinlə açıq danışıram. Xanımınızın hamilə qalması ehtimalı yüzdə, bəlkə də  mində bir  faizdir.Mən olanı dedim”…

 Cavad isə Firəngizi aldadıb demişdi ki, “Həkim deyir müalicələr düşərli olub. Ola bilər ki, yaxın vaxtlarda hamilə qalasan.” O “yaxın vaxt”dan artıq üç il keçirdi. İldən ilə dünyaya uşaq gətirəcəyinə ümidini itirən Firəngizin, şuxluğu da bu ümidlər kimi yoxa cıxırdı. Elə bil Cavaddan utanırdı. Cavad  da bunu hiss etdiyindən, Firəngizə qarşı daha həssas, daha mehriban davranırdı.

Pəcərədən küçəyə baxırdı. Klinikanın həyətində,onun pəncərəsinə yaxın böyük bir çinar ağacı vardı.Çinarın yarpaqları saralmağa başlamışdı. Arada boş vaxtı olanda pəncərədən bu çinar ağacını seyr edərdi. Birdən  ürəyinin quşu haralarasa uçdu. Bu kabinetdən çıxıb, təbiətin qoynuna düşmək istədi..

Telefonuna zəng gəldi. Firəngiz idi. Əvvəlcə Cavadın  hal əhvalını soruşdu. Sonra da dedi ki: ”Bacım anam gilə gəlib. Məndən də xahiş edirlər  ki, onlara gedim. Gecəni otururb dərdləşək. İcazə verirsənmi?”

Cavad-Əlbəttə. İcazə niyə alırsan? Get, get. Məndən də salam de.

-Yeməyin hazırdır. Elə qaz pilətəsinin üstündə

-Fira,mən səhər rayona getməliyəm.

-Bilirəm, demişdin. Bəlkə  anam gilə getməyim, qalıb səhər səni yola salım hə?

-Yox.Onu demək istəmirəm. Mən istəyirəm indi cıxam yola.

-İndi niyə? Bəs gecəni harada qalacaqsan?

-O rayon istirahət zonasıdır. O qədər qalmağa yer var ki.. Gecəni qalaram,səhər də açılışı yola verib, qaydaram.

-Yaxşı,onda etiyatla sür maşını. Deyəsən yağış yağacaq. Hava dolub durub.

-Narahat olma.

Sağollaşıb telefonu söndürdü. Bir az da pəncərədən ağaca baxıb, qəfildən tələsirmiş kimi xalatını çıxarıb, pencəyini geyindi. Yeyin addımlarla otaqdan çıxdı.

       ********************************************************

Saat yarım olardı ki, Bakıdan çıxmışdı. Əvvəli çisəklə başlayan yağış,bütün gücü ilə yağırdı. Cavad həkimin maşın sürməklə elə də arası yox  idi. İndi sürdüyü bu maşını da ona güclə aldırmışdılar. Arada işə getmək üçün tıxaclarda vaxt itirməyin dərdindən, evlərinin düz yanında olan metrodan istifadə edirdi. Maşın sürməkdə naşı olsa da,ehtiyatla sürür, sürət həddini aşmırdı. Gedə -gedə qarşısına çıxan lövhəyə baxdı. Getdiyi rayona hələ 45 kilometr qalırdı.  Axşam düşürdü. Qarşıdan gələn maşınlarin bəziləri işıqlarını yandırmışıdılar. O da maşının işıqlarını yandırdı. Yağış ara vermirdi. Birdən maşın get -gedə sürətini itirməyə başladı. Maşını ehtiyatla yolun kənarına verdi. Bir neçə dəfə açarı burub, yenidən işə salmaq istəsə də ,alınmadı.Ətrafa baxdı. Dayandığı yerdən əlli metr solda köhnə, bir mərtəbəli ciy kərpicdən tikilmiş evin pəncərəsindən işıq gəlirdi. Evin böyük, göy rəngli taxta darvazasnın alaqapısı açıq idi. Həmin evin tuşunda, Cavad həkimin maşınının dayandığı yerdən cəmi 10-15 metr aralıda, düz yolun qırağında  taxta meyvə yeşiklərindən yığılmış boş vitrində bir yeşik alma vardı.Maşının salonuna baxdı. Əlinə keçən sellofan torbanı   papaq  kimi başına qoyub, maşından düşdü.Kapotu qaldırıb, baxmağa başladı. Onsuz da heç  nədən başı çıxmırdı. Amma, yalandan da olsa mühərrikin ətrafından çıxan məftilləri əli ilə tərpətdi.  Dayandığı  üç  dəqiqənin içərisində kürəyi tamam islanmışdı. Evin darvazasından  orta yaşlı bir kişi  çıxıb, yolun qırağındakı vitrinə yaxınlaşıdı. Oradakı bir yeşik almanı qucağına alıb evə tərəf getmək istəyəndə, geri çevrildi. Alma yeşiyini təzədən yerə qoyub, Cavada  yaxınlaşıdı. Başı ilə salam verdi. Cavad onun salamını alıb. Mühərrikə işarə ilə: “Getdiyi yerdə söndü”-dedi.

Adam bir az mühərrikə baxdı. Cavadın ürəyində bir ümid yarandı ki, bəlkə bu adam maşının dərdini bilə. Amma adam: “Vallah mənim də maşından başım çıxan deyil. Amma, narahat olmayın, görüm kimi tapıram”-dedi. Təzədən alma yeşiyini götürüb, evə tərəf getdi. Cavad yenidən maşına əyləşdi. Təmiz islanmışıdı. Ürəyində :”Bu da sənə təbiətin qoynunda romantika… Bircə xəstələnməyin əksik idi, cənab həkim”-fikirləşdi..

 Həmin adam darvazadan çıxdı. Cavada heç  nə demədən evlərinin əks istiqamətində yola düzəldi.

Artıq yarım saat olardı ki, maşında oturmuşdu. Yağış bayaqkından da güclənmişdi. Saata baxdı.

Gözlərini yumub fikrə getdi. Ürəyində belə qərara gəldi:” Bir 15 dəqiqə də gözləyirəm. Əyər o adam usta tapıb gətirməsə, onda deyərəm məni rayona aparmağa qonum qonşudan bir maşın tapar. Pulunu verərəm..”

Maşının şüşəsi döyüldü. Gözlərini açıb,baxdı. Bayaqkı adam,  yanında da bir nəfər ondan yaşlı kişi dayanmışdılar.

Cavad qapını acıb, maşından  cıxdı. Yaşlı kişi yəqinki  usta idi. Salam verən kimi, özü maşının kapotunu qaldırıb baxmağa başladı. Cavada maşını işə salmasını tapşırdı, tez qulağını mühərrikə yaxınlaşdırıb diqqətlə qulaq asdı. Hansı hissənisə çıxarıb diqqətlə baxdı, təzədən yerinə qoyub-Ay müəllim, bunun işi uzundur-dedi.

 –Nə qədər çəkər?

 – Əvvəlcə maşını qoşqu ilə cəkib təmir sexinə aparmaq lazımdır. Mən indi zəng eləyərəm uşaqlar gələr. Narahat olmayın, bir əncam cəkərik.

-Cox sağ olun..

-Siz yağışda dayanmayın müəllim, islanmısız. Oturun maşında.

Evin yiyəsi, Cavadla birinci tanış olan adam-Maşında niyə oturur? Müəllim, gedəyin evə. Bu de, bu mənim evimdir.

-Yox, cox sağ olun.

-Müəllim, ustaların işi hələ xeyli çəkəcək. Siz narahat olmayın. Gedək bizə, çaydan zaddan içək, onlar maşını düzəldib, gətirərlər..

-Narahat olmayın, bir azdan düzəldib gətirərik-bunu da usta kişi dedi.

Cavad razılaşdı. Başqa əlacı da yox idi. Hiss edirdi ki, bir az da belə qalsa, əməlli başlı xəstələnəcək.

 Darvazadan keçib həyətə daxil oldular.Evin çöl divarı  boyunca,həyətə baxan pəncərənin altına alma dolu yeşiklər yığılmışdı. Ev sahibi   kürsüsüz evin aynabəndinin qapısını acıb, Cavadı icəri dəvət elədi. Aynabənddən icəridə qapısı acıq bir otaq da vardı. Ev sahibi divarın dibində qoyulmuş divanı əli ilə göstərərək: Müəllim, əyləşin” -dedi. Cavad otağın işığında ev sahibinin, bu ürəyi açıq kənd adamının üzünü indi aydın görə bilirdi. Bu, 35-40 yaşlarında hündür, arıq, üzü tüklü bir adam idi. Danışanda elə bil utanırmış kimi gözlərini gizləyirdi. Otaqdan 30-35 yaşlarında bir qadın çxaraq,”Xoş gəlmisiz”- dedi.

Ev sahibi-Bizə bir çay ver.

Qadın-Bu dəqiqə- deyib, təzədən otağa keçdi.

 İçəridən uşaq səsi gəldi: Ana, kim gəlib?

Ananın səsi-Atan gəlib.

Uşaq-Kimlə gəlib?

Ana-Qonaqla.

Uşaq –Qonaq? Adı nədir qonağın?

Ana-Yavaş. Qonaqdır, qonaq. Əmi.

Uşaq səsini ucaldıb-Ata, gəlmisən?

Ev sahibi-Hə, gəlmişəm,bala.

Uşaq-Gəl,məni apar yanına.

Ev sahibi ayağa durub o biri otağa keçdi. Bir dəqiqə kecməmiş 8-9 yaşlı gözəl bir oğlan uşağının əlindən yapışıb, aynabəndə qayıtdı.

Uşaq-Ata qonağımız haradadır?-dedi.

Cavad diqqətlə uşağa baxdı. Uşaq kor idi!

 Qalxıb, uşağı qucaqladı. Üzündən öpüb, yanında, divanda əyləşdirdi. Adını soruşdu. Uşaq adını dedi: Sənan.

Cavad özündə deyildi. Allah, bu nə möcüzədir? Allah, sən mənim başıma vurub hara gətirmisən? Deməli, mənim maşınım  körpə  Sənana   görə onun evinin yanında xarab oldu? Sən məni göndərmisən ki, mən ona kömək eləyim, gözlərini açım? Ay Allah, Sənə şükürlər olsun!!

Ev sahibəsi gətirdiyi iki stəkan çayı, mürəbbəni, qəndi stolun üstünə qoydu. Sənanın əlindən yapışıb: Gəl, yeməyini ye qurtar, yenə gələrsən -dedi. Sənan anası ilə o biri otağa keçdi.

Ev sahibi Cavadı cay süfrəsinə dəvət elədi. Keçib stol arxasında əyləşdilər.

Ev sahibi elə bil Cavadın verəcyi sualı əvvəlcədən bilirdi. Söhbətə özü başladı.

-Anadangəlmə kor doğulub Sənan. Cox yerlərə aparmışıq. Alma bağım var. Keçən il məhsulu satıb, bir az pul elədik. Türkiyəyə apardıq. Həkimlər baxdılar. Dedilər anadangəlmə olsa da gözlərini açmaq olar. Amma, əməliyyatın qiyməti çox baha oldu. Gücümüz catmadı. Kor peşiman qayıtdıq. Bizim bir kəndçimiz var, Əbdül müəllim.Klinikası var Bakıda. Dedilər onun klinikasına bir həkim gəlib Türkiyədən. Özü azərbaycanlıdır. O həkim belə xəstələri əməliiyat  edir. Əbdül  müəllim keçən ay kəndə toya gəlmişdi. Çəkdim qırağa, söhbət elədim.Dedi ki,pulsuz mümkün deyil. Zalım elə qiymət dedi ki, elə Türkiyədə də həmin qiyməti demişdilər….Qaldım belə.İndi Allah kərimdir. Pul toplayırıq. Görək nə olur. Siz çayınızı soyutmayın, müəllim..

Cavadda çay içməyə hal qalmamışdı. Diqqətlə ev sahibinin üzünə baxdı. Ev sahibi Cavadın onu belə diqqətlə süzməyindən elə bil sıxıldı. Baxşılarını gizlətdi. Cavad həkim ona nə isə demək istədi. Amma boğazını yandıran qəhər buna imkan vermədi. Qəhərini boğmaq üçün udqundu.

Uzandığı yerdəcə əlini uzadıb telefonunu götürüb baxdı. Saat 6 ya 15 dəqiqə qalmışdı. Səhərə qədər demək olar ki, yatmamışdı. Yatdığı yarım saat ərzində isə qəribə yuxu görmüşdü. Kabinetinin pəncərəsindən görünən cinar ağacı gəlmişdi yuxusuna. Görmüşdü ki, həmin ağac düz onların evinin qarşısında bitib. Evdən çıxıb işə getmk istəyir. Çinarın yanından kecəndə təəccüblə ona baxb-“Sən necə gəlib burada bitmisən? “-deyir..

Cinardan səs gəlir- “ Hər şey Allahın əlindədir.”….

Firəngizi oyatmasın deyə, yavaşca durub köynəyini əyninə taxdı. Mətbəxə keçdi. Bu gün Sənanın göz sarğılarının acldığı gündür. Etdiyi əməliyyatın uğurlu olduğuna  əminliyi vardı. Amma yenə hər şey Allahın əlində idi. Nəticə bu gün bilinəcəkdi. Bu gün deyəndə ki, bir neçə saatdan sonra ..

Əməliyyatdan cıxandan sonra klinikanın sahibi Əbdül onun kabinetinə gəlmişdi. Yenə dişini ağardaraq: ”Qardaş, eşitdim bu gün bizim kəndçimizin uşağını əməliyat eləmisən…Kəndçi deyəndə ki, hələ bir az qohumluqları da çatır. Amma deyəsən kassaya pul ödəmyiblər”.

-Kassaya pulu mən ödəyəcəyəm-demişdi Cavad

-Sən niyə qardaş,özləri niyə ödəmirlər ki?  Bilirsən  sezonda nə qədər alma satırlar onlar?

Söhbətin mənasız yerə uzandığını  görən Cavad: ”Müəllim, ya mən,ya başqası .Sabah klinikanın faizi ödəniləcək. Arxayın olun!  İndi isə mənə icazə verin,çox yorulmuşam”-demişdi.

Pulun ödəniləcəyindən arxayın olan Əbdülün kefi  kökəlsə də,Cavadın belə danışığı onu  bir az  pərt  eləmişdi.

Qaş-qabaqlı halda: ”Nə deyirəm, dincəlin” -deyib kabinetdən cıxmşdı.

Durub vanna otağına kecdi. Əl-üzünü yuyub qayıdanda, Firəngiz mətbəxdə idi.

Cavad-Niyə belə tez ayıldın?- soruşdu

-Mən də sənin kimi gecəni yata bilməmişəm. Elə bilirsən hiss eləmirdim? Sən niyə bu qədər həyəcan kecirirsən, Cavad? İndiyə kimi min dənə belə uğurlu əməliyyat eləmisən. İnşaallah bu uşağın da gözləri açılacaq…

Cavad cavab vermədi.. Deyə bilmədi ki,bu əməliyyat tamam başqadır. Deyə bilmədi ki, Sənanın gözlərinin acılmasını elə bil Allahın özü tapşırıb ona..

Firəngiz qaz pilətəsini yandırıb,caydanı pilətənin üstünə qoydu. Vanna otağına kecdi.

Firəngiz son vaxtlar özünü piss hiss edirdi. Cavad da onun son günlər arıqladığının, gözünün altında kölgələr əmələ gəldiyinin fərqində idi. Dünən Cavad cox təkid edəndən sonra razılaşmışdı ki, səhər Cavadla onların klinikasına gedib qan analizləri versin. Analizlərdən sonra hər şey bəlli olacaqdı.

Saat  9  da evdən cıxdılar.Blokdan cıxıb həytə düşəndə, yenə Cavadın yadına axşamkı yuxusu düşdü. Maşını saxladığı yerə baxıb fikirləşdi ki, yuxuda cinar ağacı düz burada dayanmışdı.

Klinikaya catan kimi Cavad Firəngizi tibb bacılarının birinə qoşub, labarotoriya  olan korpusa, qan analizinə göndərdi. Dünən labaroriyanın baş həkimi ilə bu barədə  danışmışdı. Özü isə kabinetinə qalxdı. Sənanın valideynləri onu  kabinetinin qapısı ağzında gözləyirdilər. Onlarla görüşüb, kabinetə dəvət elədi. Pəncərədən baxan kimi çinarı gördü. Cinar sakitcə dayanmışdı. Axşam yuxuda gördüyü kimi başını yelləmirdi. Səliməyə tapşırdı ki, Sənanı ona baxan həkimlə birlikdə palatadan gətirsinlər.

Bir az keçmiş Sənanı gətirdilər. Bir qolundan Səlimə,o biri qolundan palata həkimi qadın tutmuşdu.Kreslonu cəkib,Sənanı oturtdular. Cavad onun kef -əhvalını soruşdu. ”Yaxşıyam “-dedi  Sənan. Anası xısın-xısın ağlayırdı.

Cavad  Sənana yaxınlaşıb, yavaş -yavaş sarğlarını acmağa başladı.

Adətən xəstənin əməliyyatdan sonra sarğısını Cavadın iştirakı ilə palata həkimi, ya da tibb bacısı  açardı. Bu dəfə isə hər şeyi özü etmək istəyirdi. Sarğının açılıb qurtarması yüz il, min il kimi gəldi Cavada. Nəhayət,  Sənanın üzü, gözləri sarğıdan azad oldu. Cavad istədi ki, Sənana “gözlərini aç”-desin.Amma elə bil nitqi qurumuşdu. Sarğını açdığı müddətdə Sənanın qarşısında necə çöməlib dayanmışdısa,eləcə də qalmışdı.

Palata həkimi qadın deyəsən Cavad həkimin vəziyyətini hiss elədi. Nəvazişli səslə Sənana səsləndi:

-Hə, Sənan, gözəl  balam, aç gözlərini. Qorxma, yavaş-yavaş aç.

Sənan göz qapaqlarını qaldırdı. Otaqda ölüm sükutu vardı. Sənan gözlərini açıb əvvəlcə Cavadın  üzünə,sonra isə başını fırladıb otağa,otaqdakı ağ xalatlı adamlara baxdı. Yenidən baxışlarını Cavadın üzündə cəmləşdirdi.

Yavaş səslə Cavada-Sən mənim atamsan?-dedi. Bəs anam hanı?

Sənanın anası nalə çəkdi. Bu sevincdən doğan səs də deyildi, nə isə başqa bir şey idi. Atası  da ağlayırdı. Amma sakitcə.. Sənan isə adamlara yox, otağa, otağın pəncərəsindən çinar ağacına, onun üstündə görünən səmanın bir parçasına diqqətlə, maraqla baxırdı…..

Cavadın telefonu idi. Bayaqdan, Sənan gözünü açandan bəri  telefon zəng eləyirdi. Cavad ayağa qalxıb, stolun üstündən telefonunu götürüb baxdı. Zəng edən Firəngiz idi.

Cavad yorğun səslə-Hə, Firəngiz eşidirəm- dedi.

Firəngiz ağlayırdı. Amma Cavadın halı qalmamışdı ki, Firəngizdən ağlamağının səbəbini soruşsun. Firəngiz özü danışdı: Cavad, mən hamilə qalmışam. Eşidirsən? Analizlərin cavabı ğöstərdi ki, hamiləyəm, Cavad, Cavad.. Allaha min şükürlər olsun.. Min şükür..

Cavad həkim elə telefon qulağında pəncərədən cölə, çinar ağacına baxdı. Cinar ağacı eynən axşam yuxusunda gördüyü kimi başını  yellədirdi. Cavada elə gəldi ki çinar yenə həmin sözləri təkrar eləyir: Görürsən, hər şey Allahın əlindədir!

 

 Müəllif : Sirac Mustafayev.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir