ELÇİN ŞIXLI – TƏNƏK

Bakıda anadan olub. Xarici Dillər İnstitutunda ingilis və alman dilləri üzrə təhsil alıb. İlk rəsmi iş yeri olan Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsində informasiya-reklam şöbəsinin müfəttişi işləyib. Almaniya Demokratik Respublikasında hərbi xidmətdə olduğu zaman sovet ordusu hərbi komendatlıqlarından birində mütərcimlik edib, tərxis olunduqdan sonra isə «İnturist» ÜSC Bakı şöbəsində tərcüməçi işləyib. Daha sonra isə Azərbaycan Xarici ölkələrlə Dostluq və mədəni əlaqələr Cəmiyyətinin xaricdə yaşayan həmvətənlərlə əlaqələr şöbəsinin referenti olub. Azərbaycan SSR Maarif Nazirliyi Kollegiyasının katibi, V.İ.Lenin adına Sovet Uşaq Fondu Azərbaycan respublika bölməsi İdarə Heyəti aparatında baş referent, «Azəpbaycan Kommunisti» – «Kommunist Azerbaydjana» jurnalında ədəbi işçi kimi çalışıb. 1990-cı ilin iyulundan Azərbaycanda nəşrə başlamış ilk rusdilli müstəqil və ilk müstəqil qəzetlərin beşliyində olan «Ayna»-«Zerkalo» qəzetlərinin qurucularından biri və həmtəsisçisi olaraq baş redaktor müavini, sonradan yaradılmış və tərkibində “Ayna”, “Zerkalo”, “Birja”, “Al-ver”, “Həftə sonu+” qəzetləri, “Çapar” qəzet yayımı firmasının olduğu “Ayna Mətbu Evi” şirkətinin həmtəsisçisi və prezidenti olub. 90-cı illərdə “Trend” və “Monitor” jurnallarının yaranması və işıq üzü görməsi üçün çalışıb. 2001-ci ildən«Ayna»-«Zerkalo» qəzetlərinin təsisçisi və baş redaktorudur. İngilis dilindən etdiyi ilk tərcüməsi 1976-cı ildə işiq üzü görüb. İngilis, rus və türk dillərindən tərcümələr edir. Oskar Uayldın “Sehrli nağıllar” və Əziz Nesinin “Futbol kralı” əsərləri onun tərcüməsində kitab kimi işıq üzü görüb. 1989-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvüdür. “Zərdabi” və “Ali Media Mükafatı” laureatı, Azərbaycanın «Əməkdar jurnalisti»dir. 2006-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin sədridir.

TƏNƏK

İndicə sovet dövrünün ən məşhurlarından biri olan “Əsgər atası” filminin “tənək” adlanan bir parçasına baxdım. Çox təsirli səhnədir. Qoca gürcü darmadağın edilmiş Berlin ətrafında möcüzə nəticəsində salamat qalmış kiçik bir üzümlüyə rast gəlir və tənəklərin arası ilə gəzərək laxlamış dirəkləri bərkidir, kövrəlmiş halda onlarla insan imişlər kimi danışır, amma gürcü dilində, çünki bu uzaq torpaqlarda özünə doğma bir varlıqla qarşılaşmışdı və onun ana dilində dediklərini yalnız o, anlaya bilərdi. Və elə bu zaman bir sovet tankı onun bayaqdan əzizlədiyi üzümləri tırtılları altına alıb əzməyə başlayır. Uzun müddət filmin bu hissəsini rus senzurası yasaqlamışdı, çünki hansısa bir gürcü rus əsgərini vurmuş və ona insanlıq dərsi keçmişdi,.. amma gürcülər filmin yaradıcısı Rezo Çxeidzeyə qahmar çıxmaqla özlərinə və dəyərlərinə yiyə dura bilmişdilər…

“Dəli Kür” filminin ilkin, “qaralama montaj” deyilən versiyasını görənlərin böyük əksəriyyəti indi haqq dünyasındadır – İsmayıl Şıxlı, Hüseyn Seyidzadə, İsa Hüseynov, Adil İsgəndərov yadımda qalanlardır. 1 saat 40 dəqiqəlik lent idi, özü də bütün ilkin senzura və ixtisarlardan sonra. Bununla belə, film bütöv və tamamlanmış şəkildə idi. Təəssüf ki, bunu da sinirə bilməyənlər tapıldı və filmi axtaladılar, özü də bizim “donos” yazanların köməyi ilə. Düzdür, final hissəsi aradan 30-35 il keçdikdən sonra tapıldı, amma kəsilən daha bir epizod məhv edilmişdi. O səhnədə Cahandar ağa pristavın qoruqdakı torpaqları almaq təklifini rədd edərək: “Biz bu torpaqları satın almamışıq ki, indi də Tiflis canışininə pulla sataq”,- demişdi. Kəsilmiş final səhnəsini isə yəqin ki, hörmətli oxucularımın əksəriyyəti görüb. Orada Cahandar ağa ruslarla, özü də döyüşərək, ölür…

***

Fəvvarələr meydanı tərəfdə bir adamla görüşməliydim. Maşını yeraltı parkinqlərin birində saxlayıb görüş yerinə tərəf yollandım. Xeyli vaxt idi ki, şəhərin mərkəzi küçələrində gəzmirdim. Hava xoş olduğundan qələbəlik idi, camaat küçələrə tökülüşmüşdü. Az sonra məni qəribə bir hiss bürüdü — özümü yad bir məkana düşən birisi kimi hiss etdim. İnsanlar sanki dəyişmişdi, xüsusən də cavanlar. Yolboyu adamların üzünün ifadəsinə, yerişinə, özünü aparmasına, əhvalına diqqət yetirirdim. Gülümsər çöhrələr və yaraşıqlı gənclər az deyildi, amma mən ümumi ab-havanın bizim vaxtlarınkından fərqli olduğunu duyurdum, elə bil nəsə çatışmırdı…

Dostumla görüşüb bir stəkan çay içmək qərarına gəldik və uzun məşvərətlərdən və “dosta zəng”dən sonra gedəcəyimiz yeri müəyyənləşdirdik. Mərkəzi və gediş-gəlişli məkan idi, görkəmi də xeyli müasirdi. Boş masalardan birinin arxasında əyləşib sifarişimizi verdik və gözləməyə başladıq. Beş-on dəqiqə söhbətdən sonra anladıq ki, ikimiz də az qala qışqıra-qışqıra danışırıq. Toylarımızdakı vəziyyətdi – musiqinin səsindən ağız deyəni qulaq eşitmirdi. Bizimkilərdən kimsə diringi mahnı oxuyurdu. İşçilərdən birini çağırıb imkan daxilində musiqinin səsini almağı və abırlı bir hava qoymağı xahiş etdik. İnsafən etiraz etmədilər və guya xarici bir mahnı çaldırdılar. Kaş çaldırmayaydılar, bu da əcnəbi diringiydi. İçəri təzə girən üç qızcığazın havanı eşidər-eşitməz dingildəməyə başladığını görəndə isə çayımızı tezcə içib asta qaçan namərddi deyib özümüzü bayıra atdıq…

***

Yer üzündə 400 milyon virus var və böyük əksəriyyəti artıq bütün antibiotiklərə uyğunlaşıb, yəni içdiyimiz dərmanların onlara təsiri yox dərəcəsindədir. Amma mən sağlamlığımızdan yazmayacam. Hər halda bu dəfə. İndi qara düşən viruslardan yazacam. Onlar qara düşür və qar qırmızı rəng alaraq bəyazlığını, yəni təmizliyini itirir, kirlənir. Beləliklə də günəş şüalarını kifayət qədər əks etdirə bilmir və ərimə xeyli intensivləşir. Bu minvalla qütblərdə buzlaqların əriməsi həddən ziyadə güclənir ki, bu da qlobal iqlim dəyişikliklərinə gətirib çıxarır. Bircə misal çəkəcəm. Arktik sularla əhatə olunmuş Frans İosif adasında min illərdir yaşayan ağ ayılar qırılmaq həddinə çatıblar, çünki ətraflarını “qanlı qar” sarıb. Onlarsa bəyaz buzlaqlarsız yaşaya bilmirlər. Nə bilsinlər ki, buzlaqlara virus düşüb, lap elə cəmiyyətimizə düşən kimi…

***

Bu yazını neçə vaxtdır ki, bitirə bilmirdim. Sonluğu heç cür alınmırdı. Və bu sətirləri yazanda da hələ sonluğu tapa biləcəyimə əmin deyildim. Amma sabah-sabah Sərdar Cəlaloğlu köməyimə gəldi.  Yenə “ədəbiyyatçılığı” tutub — Səməd Vurğunu öz aləmində “yıxıb sürüyür”. Yox-yox, Böyük Vurğunu müdafiə etməyəcəm, çünki onun müdafiəyə ehtiyacı yoxdur. Sadəcə, düşünürəm ki, Rezo Çxeidzenin bəxti gətirib ki, Azərbaycanlı doğulmayıb!!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir